Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2901/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayətçi Məmmədov Vüsal Mayis oğlunun, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Məmmədov Vüsal Mayis oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov Vüsal Mayis oğlu Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz C220” markalı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhəri, N.Nərimanov küçəsində təxminən saat 12:55 radələrində hərəkətdə olarkən Sumqayıt Şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru X2 tərəfindən saxlanılmışdır. İnspektor özünü təqdim edib ona bildirmişdir ki, “avtomobilə qanunla qadağan edilmiş 4 ədəd sport purjun (yaylar) quraşdırmısan və nəticədə normativ tələbləri pozmaqla avadanlıq dəyişdirilməsi etmisən, bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə olunursan və maşının duracağa yerləşdirilməlidir”. Daha sonra inzibati xəta barədə protokol tərtib etməyərək və qərar qəbul etmədən, həmçinin avtomobilin duracağa qəbul edilməsi barədə akt tərtib etmədən maşını duracağa yerləşdirmişdir. Saxlanılan zaman polis əməkdaşına inzibati xəta törətmədiyini, maşınına quraşdırdığı dörd ədəd sport purjunun (yayların) normativ tələblərə uyğun olduğunu, həmin purjunların (yayların) Almaniya şirkəti tərəfindən istehsal edildiyini və beynəlxalq sertifikatının olduğunu bildirsə də, onunla razılaşmamışdır. Bir gün sonra idarədə olanda ona məlum olmuşdur ki, barəsində protokol tərtib edilmiş və o xx.xx.2024-cü il, TP ******* nömrəli qərara əsasən cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən şəxs idarə etdiyi avtomobilə normativ tələblərə cavab verdiyi halda sport purjun (yay) quraşdıra bilər. Quraşdırılmış sport purjunun (yayın) normativ tələblərə cavab verməsi dedikdə, onun Almaniyanın “TÜV Rheinland Group” şirkəti tərəfindən təsdiqlənmiş H&R beynəlxalq sertifikatının olması, qanunla onun quraşdırılmasının konstruksiya dəyişikliyi hesab edilməməsi, maşının tam kütləsinin oxlar üzrə düzgün paylanması və ağırlıq mərkəzinin pozulmaması nəzərdə tutulur. Hazırkı vəziyyətdə mən maşının 4 təkərinə sport purjun (yaylar) quraşdırdığıma görə maşının ağırlıq mərkəzi pozulmamışdır. Bu o deməkdir ki, quraşdırdığı həmin avadanlıqlar normativ tələblərə tam cavab verir. Yol polis əməkdaşı maşına vizual baxış keçirərək ona quraşdırılan avadanlığın (sport yayların) normativ tələblərə cavab verib-verməməsini müəyyən edə bilməz. Bunun üçün mütəxəssis (ekspert) rəyi olmalıdır. Bu o deməkdir ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən cərimə olunmağı barədə qərar qəbul edilərkən maşına quraşdırılan avadanlığın (sport yayların) normativ tələblərə cavab verməməsini təsdiq edən hər hansı bir sübuta istinad olunmamışdır. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2024-cü il, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Məmmədov Vüsal Mayis oğlu şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, idarə etdiyi avromobilə quraşdırımış yaylar eyni marka avtomobilin sport modeinə aiddir, sport yayların quraşdırılması nəticəsində avtomobilin qabaq və arxa hissəsi bir qədər aşağı düşmüşdür. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 şikayətlə razılaşmayaraq bildirmişdir ki, sürücü Məmmədov Vüsal Mayis oğlunun “Mercedes Benz C220” markalı **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə quraşdırdığı avadanlığın (sport yayların) normativ tələblərə cavab verməməsini adi vizual baxışla müəyyən etmək mümkündür. Belə ki, qeyd edilən dəyişikliyə əsasən avtomobilin təkər bazasında dəyişiklik olmuş, avtombilin təkər bazası ilə təkərlər arasında olan məsafə həddən çox azalmışdır. Avtomobilin cərimə meydançasından çəkilmiş video görüntüləri də mövcuddur. Həmin video görüntülərdə də avtomobilin təkərlərinin təkər bazasına demək olar ki, birləşdiyi, avtomobilin ön və arxa hissələrinin aşağı düşməsi aşkar şəkildə görünür. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Məmmədov Vüsal Mayis oğlu xx.xx.2024-cü il tarixdə saat 12:56-da “Mercedes Benz C220” markalı **-CT-*** dövlət nişanlı avtomobili idarə edərkən həmin avtomobildə noramativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi müəyyən edilmiş, buna görə də Məmmədov Vüsal Mayis oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən görünür ki, görüntülər cərimə meydançasında çəkilmişdir və görüntülərdə “Mercedes Benz C220” markalı **-CT- *** dövlət nişanlı avtomobilin təkər bazası ilə təkərləri arasında olan məsafənin azalması adi vizual baxışla da aşkar şəkildə görünür. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Məmmədov Vüsal Mayis oğlu idarə etdiyi “Mercedes Benz C220” markalı **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaylarını sport yaylarla dəyişərək idarə etmiş, qeyd edilən konstruksiya dəyişikliyi nəticəsində avtomobilin təkərləri ilə olan məsafəsi azalmış, ön və arxa hissəsi normada olan haldan aşağı düşmüşdür. Bu hal həm məhkəmə iclasında baxış keçirilmiş video görüntülərlə, həm də şikayətçinin özünün etirafı ilə təsdiqini tapmışdır. Şikayətin dəlili ondan ibarətdir ki, qeyd edilən dəyişiklik beynəlxalq normativlərə və standartlara uyğun gəlir. Belə ki, yeni quraşdırılmış sport yaylar həmin marakda olan avtomobilin sport modelinə aiddir və onların quraşdırılması nəticəsində nəqliyyat vasitəsinin tam kütləsinin oxlar üzrə düzgün paylanması və ağırlıq mərkəzinin pozulması halları olmamışdır. Yəni, avadanlıqlar normativ tələblərə tam cavab verir. Məhkəmə şikayətçinin dəlilləri ilə bağlı qeyd edir ki, “Mercedes Benz C220” markalı **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin konstruksiyasının parametrlərinin dəyişdirilməsi “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 37-ci maddəsinin V hissəsi ilə qadağan edilmiş nəticələrə səbəb olmuşdur. Belə ki, qeyd edilən dəyişiklik nəqliyyat vasitəsinin təkər bazasının pozulmasına səbəb olmuşdur. “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 37-ci maddəsinin V hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Məmmədov Vüsal Mayis oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədov Vüsal Mayis oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2901/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2901/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver