Məhkəmə qərarları › İş №3(060)-2901/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2901/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2901/2025 17.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 oktyabr 2025-ci il tarixli, EQ 31178279 saylı protokol və onun əsasında qəbul olunmuş eyni tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, 08 oktyabr 2025-ci il tarixli EQ31178279 saylı qərarı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, A.R.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AYNA tərəfindən Bakı-Saray- Sumqayıt Marşrut hərəkət sxemi olduğu halda Bakı-Quba yolu 8-ci km yolunda hərəkət edərkən xx.xx.2025-ci il tarixli EQ31178279 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məlumat üçün bildirir ki, İnzibati tənbeh vermə haqqında qərar ona rəsmi göndərilmədiyi üçün şəxsən Sumqayıt şəhər DYP-yə müraciət edib xx.xx.2025-ci il tarixində əldə eləmişdir. Qəbul olunmuş qərarla qətiyən razı deyil və hesab edir ki, onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, İXMnin 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat'' vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə -100 manat məbləğində cərimə edilir. Eyni zamanda Yol Hərəkəti haqqında qanun 1-ci maddəsinin 44-cü bəndində qeyd olunub ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair xx.xx.2025cü il tarixdə 689844 nömrəli buraxlış vərəqəsində (fərqlənmə nişanında) qeyd olunmuşdur ki, xx.xx.2025-cü il tarixindən xx.xx.2032-ci il tarixinədək Hyundai County avtobus markalı **-FC-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə sərnişin daşınmanı həyata keçirə bilər. Bu o deməkdir ki, Yol Hərəkəti haqqında qanun 1-ci maddəsinin 44-cü bəndinə istinad edərək, İXM-nin 327.1-1-ci maddəsinə əsasən o, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş yollarda da hərəkət edə bilər. Odur ki, qeyd etdiklərinə əsasən onun barəsində tərtib olunmuş protokol və qərarda istinad edilər qanun normasını o, pozmamışdır. Bu da onu deməyə əsas verir ki, əməlimdə inzibati xətanın tərkibi yoxdursa barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 oktyabr 2025-ci il tarixli, EQ 31178279 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli EQ 31178279 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 həmin tarixdə “Hyundai County” avtobus markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşhərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 100 azn məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair nömrəli buraxlış vərəqəsində (fərqlənmə nişanında) qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Hyundai County avtobus markalı **-FC-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 501 nömrəli marşurut üzrə sərnişin daşınmanı həyata keçirə bilər. Müəyyən edilmişdir ki, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xətalara görə şikayətçi X2 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, onun təqsirli olması sübuta yetirilməmişdir. İnzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixində saat 17.32-də qeydə alınmış, həmin vaxt X1 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Hyundai County avtobus markalı **-FC-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 501 nömrəli marşurut üzrə sərnişin daşınmasına dair fərqlənmə nişanı mövcud olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31178279 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 oktyabr 2025-ci il tarixli, EQ 31178279 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 oktyabr 2025-ci il tarixli, EQ 31178279 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş 08 oktyabr 2025-ci il tarixli, EQ 31178279 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar