Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2904/2024 27.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz qəsəbəsi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında 27.11. 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sabunçu rayon Məhkəməsinin 2(008)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs ödəməli olduğu 2585 manat aliment borcunu ödəməkdən qəsdən yayınmış, nəticədə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Mirelnur Musəvi izahatında bildirdi ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-1663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2019-cu il təvəllüdlü Mərt Vəlizadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment X5 ödənilməlidir. Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmiş, hazırda sonuncunun tələbkara ödənilməmiş 2585 manat aliment borcu yaranmışdır. Borclu ötən müddətdə, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq ödəməli olduğu alimentdən bu günədək heç bir ödəniş etməmişdir. 2024-cü ilin müxtəlif tarixlərində tərəfimizdən idarəyə dəvət olunmuş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək icradan yayınmışdır. xx.xx.2024-cü il tarixdə borclu idarəyə dəvət olunmuş, xəbərdarlıq məktubu ilə tanış olmuşdur. Daha sonra “Borclunun axtarılması barədə” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Axtarışın nəticəsində xx.xx.2024-cü ildə Şəxs idarəyə gəlməsi təmin olunub, izahatı alınmışdır. Lakin o, idarədən qaçdığı üçün barəsində həmin tarixdə tərtib olunmuş protokolu məhkəməyə təqdim etmək mümkün olmamışdır. Borclu qaçdıqdan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Şəxs xx.xx.2024-cü il tarixdə tutulub, idarəyə gətirildikdən sonra verdiyi izahatında qeyd edir ki, xx.xx.2024-cü tarixdə idarədən qaçmağına səbəb kimi narkotik vasitənin təsiri altında olması olmuşdur, həmin vaxt ağrıları olduğu üçün qaçdığını bildirmişdir. Mirelnur Musəvi qeyd edir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həqiqətən də qeyd olunan icra sənədinə əsasən onun tələbkara bu günədək ödənilməmiş 2585 manat aliment borcu vardır. Qeyd edir ki, tələbkara müxtəlif vaxtlarda hissə-hissə ödəniş etsə də, ödənişə dair qəbzi yoxdur. Bildirir ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün, işləyə bilməmişdir. Ailəsi ilə birlikdə yaşayır, dolanacaq xərclərini valideynləri ödəyir. Bu gün yığılmış aliment borcundan heç bir ödəniş edə bilmir, ona vaxt verilərsə qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Narkotik istifadəçisi olmuşdur. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Borclunun yaşayış yeri məlum olmadığından barəsində “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Zərərçəkmiş, (tələbkar) Nərmin Həmidova xx.xx.2024-cü il tarixdə ərizə ilə İcra İdarəsinə müraciət edərək ötən müddət ərzində borclu tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Elektron İcra İnformasiya sistemindən müəyyən edilir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu Şəxs qanunvericiliyin göstərilən tələblərini pozaraq müxtəlif əsassız bəhalər gətirərək icra sənədini üzrsüz səbəbdən qanunla müəyən edilmiş vaxtda uzun müddətdə 11ay ərzində icra etməmiş, nəticədə 2585 manat manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Belə ki, “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən aliment borcunun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X4 X1 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Mirelnur Musəvinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş icra məmurunun, borclunun vermiş olduğu izahatlar, o cümlədən icra sənədinə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsun peşman olmasını onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 27 noyabr 2024-cü il tarixdənsaat 11:00-dan hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X6 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin 27 noyabr əvvəli 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2904/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2904/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver