Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2906/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İsmayıllı RPŞ-nin X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6873947 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6873947 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində etibarnamə ilə idarə etdiyi “Chevrolet Volt” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilimi idarə edərkən, İsmayıllı rayon X7 məxsus ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə yol polisi əməkdaşı Cabir Cavid tərəfindən ona İXP ******* nömrəli protokol tərtib olunmuşdur. İsmayıllı rayon H.Əliyev prospekti ilə yolun sağ zolağı ilə hərəkət edərkən, 4 zolaqlı (2 gediş 2 gəliş) bir yol olduğu üçün geri dönmək üçün qırıq xətt olduğunu görmüşdür. Bu zaman sola dönmə işığını yandıraraq sol zolağa çıxıb geri dönməyi qərara almış, sol zolaqda hərəkət edən DYP avtomobilini görmüş və avtomobili hərəkətsiz vəziyyətə gətirərək zolağın boşalmasını gözləmişdir. DYP avtomobili ona çatmağına az qalmış uzun siqnal verərək yanında dayanmış (heç bir qəza şəraiti olmadığı halda polis əməkdaşının niyə siqnal verdiyini anlamadım) və ona niyə mane olduğunu soruşmuşdur. O da ona "Mən sizə mane olmuram, keçməyiniz üçün yetərincə yer var" demişdir. DYP avtomobilinin hərəkət etmədiyini görüb sol zolağa çıxmış və qırıq xəttdən geriyə dönmüşdür. Bu zaman DYP avtomobili ona saxla əmri vermiş, o da saxlamışdır. Yaxınlaşdıqda isə manevr qaydasını pozduğunu və protokol tərtib edəcəyini bildirmişdir. O, hansı maddəyə əsasən manevr qaydasını pozduğunu soruşanda isə "protokol ilə tanış olacaqsınız" demişdir. O, etiraz etmiş və protokolu imzalamamışdır. Daha sonra isə AsanPay-dən bu protokol barədə şikayət etmişdir. xx.xx.2024 tarixində isə ona heç bir məlumat verilmədən, görüntü təqdim olunmadan protokol qərarlı icra edildi. Yaxınlaşdı Baş X8 İdarəsinə, oradan isə şikayətinizin onlara gəlmədiyini, zəhmət olmasa mia.gov.azdan şikayət etməli olduğunu bildirilmişdir. Tərtib olunan protokol 327.2, yəni əks hərəkət zolağına çıxmaqla manevr qaydasını pozma maddəsi ilə cərimə yazılmışdır, lakin heç bir əks hərəkət zolağına çıxma olmayıb və o heç bir manevr qaydasını pozmadığını düşünür. Əlavə olaraq, DYP əməkdaşı Cabir Cavid-dən şikayət edir. Həm həmin zaman onun zamanını almış, həm də hal-hazırda onun işindən dəfələrlə icazə alıb ayrılmağına səbəb olmuşdur. Qeyd olunan Protokol qərar ləğv edilməsini və həmin polis əməkdaşı barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs İsmayıllı RPŞ-nin X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı RPŞ DYP tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6873947 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP6873947 nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində İsmayıllı rayonu H.Əliyev prospektində Chevrolet Volt markalı **-NB-*** d.q.n-lı avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasının pozulması səbəbindən Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan video görüntülərdən görünür ki, DYP-nin avtomobili hərəkətdə olarkən, nizamlanmayan yol ayrıncında qara rəngli “Chevrolet Volt” markalı avtomobil yolun sağ yanında dayanaraq geriyə dönmə manevri həyata keçirir, bu zaman hərəkət zolağının sol yanı ilə hərəkətdə olan DYP-nin xidməti avtomobilinin qəflətən sürətini azaltmasına səbəb olur. Həmçinin, DYP tərəfindən təqdim olunmuş videogörüntüdə nizamlanmayan yol ayrıcında hər hansı üstünlük nişanı, eləcə də, yol ayrıcında əks istiqamətli hərəkət zolağına manevr etməyi qadağan edən nişanlanma xətti olması görünmür. Məhkəmə hesab edir ki, DYP tərəfindən təqdim edilmiş videogörüntüdə əks istiqamətə manevr etməni qadağan edən yol nişanı və ya nişanlanma xətti olması görünmür. Sürücü sola və ya geriyə dönərkən yolun sol yanında dayanaraq sola və ya geriyə dönməli halda, yolun sağ yanında dayanaraq sola istiqamətlənməklə, eyni istiqamətdə hərəkətdə olan DYP avtomobilinin qəflətən sürətini azaltmaqla nəticələnən manevr etmə qaydalarını pozmuşdur. Belə olan halda X3 tərəfindən manevr etmə qaydalarının pozulması Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə, “əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə” yol hərəkəti qaydasının pozulması kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İsmayıllı RPŞ-nin X5 tərəfindən xx.xx.2024-cü il tarixli TP6873947 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün İsmayıllı RPŞ-nin X7 göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. İsmayılı RPŞ-nin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6873947 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün İsmayıllı RPŞ-nin X7 göndərilsin. 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2906/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2906/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver