Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2908/2022 05.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X4 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru - X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıl dərə yeni yaşayış massivi, 4-cü məhəllə, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X9 tərəfindən 05 noyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-595/2014 saylı icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-595/2014 saylı icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Borclu 2019-cu ildə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Borclu məhkəmə qərarı ilə müəyyən edilmiş 200 manat deyil, hər ay 100 manat ödəniş edir. Tələbkar şikayətçidir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, imkanı çatdığı qədər ödəniş edir. Hal-hazırda bütün borcu ödəməyə imkanı yoxdur, lakin 1 ay ərzində borc-xərc edib borcundan 300-500 manat ödəyə bilər. Əvvəllər tikintidə işləmişdir. Həmin vaxt artıq ödəniş də etmişdir. Lakin səhhəti ilə əlaqədar ağır işdə işləyə bilmir. Hal-hazırda 2 ildir ki, mebel sexində işləyir. 380 manat maaş alır. Hər ay 100 manat ödəniş edə bilir. Odur ki qeyd olunanların nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, borclu 100 manat da olsa aliment ödəyir. Tələbkar da etiraf edir ki, şəxsin iş yeri olmadığı halda ödəniş edir. Ödəniş etməməsi üzrlü səbəbdəndir. Borclu qismən də olsa borcunu ödəməyə çalışır. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra etməmək kimi bir niyyətinin olmadığını, buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X7 bildirdi ki, icra sənədi üzrə olan borcunu tələb edir. Dəfələrlə güzəşt etmişdir. Sonuncu olan məhkəmə iclasında da borclu borcundan 2000 manat ödəniş edərək qalan borcu hissə-hissə ödəməyə söz vermişdir. Lakin ödəniş etməmişdir. Borclu hər ay ödəniş etsə də, məhkəmə qərarında göstərilən 200 manatı ödəmir, sadəcə hər ay 101 manat ödəniş edir. Borclunun müxtəlif vaxtlarda artıq ödəniş də etmişdir. Yalnız sərt karantin rejimi vaxtında 2-3 ay ödəniş etməmişdir. Bununla bağlı icra məmuruna müraciət etmiş, lakin yaranmış vəziyyətlə əlaqədar həmin dövr nəzərə almışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-595/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X2 və X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1558/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3443/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-1809/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadın surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-117/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin və vəkilin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində icra sənədinin qəsdən icrasında yayınma və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi hal yoxdur. Belə ki, Şəxs rəsmi iş yeri və gəliri olmadığı halda alimentin müəyyən hissəsini ödəyir. Şəxs işlədiyi dövrdə hər ay məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğlə yanaşı yaranmış borc üzrə də ödənişlər etmişdir. Sonradan səhhəti ilə əlaqədar ağır işdə işləyə bilmədiyi üçün işdən çıxması ilə əlaqədar olaraq hər ay aliment ödəsə də, məhkəmə qərarı ilə müəyyən edilmiş 200 manat əvəzinə 100 manat ödəniş etmişdir. Bu hal özünün, tələbkarın və icra məmurunun ifadəsi ilə təsdiq olunur. Həmçinin Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə qazancından dövlət nəfinə pul tutulduğu vaxtlarda borclu öhdəliyini lazimi qaydada icra etməsə də, hər ay 101 manat ödəniş etmişdir. Bundan başqa karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq bir neçə ay ödəniş edə bilməmiş və bu hal borcun yığılmasına səbəb olmuşdur. Borclu bir ay ərzində 300-500 manat borcundan ödənilməsinə öhdəlik götürür. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi uşaqların mənafeyinə xidmət etmir və onların saxlanılması üçün edilən hər ay ödənişin azalmasına və ya ümimiyyətlə ödəniş edilməməsi ehtimalını artırır. Hazırda borclu uşaqların saxlanılması üçün hər ay 101 manat aliment ödəyir və onun daha artıq gəlirlərinin olması iş materialları və prosessi iştirakçılarının izahatları ilə öz təsdiqini tapmır. Şəxs hərəkətləri onun qərəzli olaraq icradan yayınması və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, onun əməlində inzibati xəta tərkibinin olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2908/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2908/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver