Məhkəmə qərarları › İş №3(060)-2908/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2908/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2908/2023 25.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Həmin protokoldan və iş materiallarından görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri, Nizami küçəsində hərəkətdə olan zaman piyada X2 vuraraq onun sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində ailəsi ilə birlikdə idarə etdiyi VAZ 21150 MİNİK markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nizami küçəsində hərəkətdə olmuşdur. Amma o, piyada X2 vurmamış və ona xəsarət yetirməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X3 1NK/1369 saylı təhqiqat materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1668 saylı ekspert rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ budun aşağı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı. Qeyd olunan xəsarətlət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar