Məhkəmə qərarları › İş №3(060)-2909/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2909/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2909/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2285/2018 saylı, xx.xx.2018-ci il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-793/2024- 014 nömrəli, xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər 1 saylı Notariat Kontorunun 8i-5480 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərini üzürlü səbəb olmadan icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2285/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 231 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xeyrinə ödənilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-793/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2426,83 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməli, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8İ-5480 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 13088,64 manat, 25 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri eyni borclu barəsində olduğu üçün onlar ümumi icraatda birləşdirilmişdir. İcra sənədi icraatına daxil olduğu vaxtdan qanunamüvafiq tədbirlər görülmüşdür. Dəfələrlə borclu idarəyə dəvət olunsada onun çağırışlarından yayınmış, bu səbəbdən borclu barəsində xx.xx.2025-ci il tarixdə axtarı qərarı vermiş, və Sumqayıt şəhər polis əməkdaşları tərəfindən borclu saxlanılaraq icra idarəsinə gətirilmişdir. İdarədə borcun ödənilməsi tələb olunsa, da borclu heç bir ödəniş etməmiş və bu barədə izahatı alınaraq barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra məmurunun çağrışlarından məlumatsız olduğu üçün icra idarəsinə getməmişdir. Qeyd olunan borc onun əvvəl işlədiyi şərab evinin sahibkarı tərəfindən yaranmış borcdur. Şərab evinə aid sənədlər onun adına rəsmiləşdiyi üçün hazırki yaranmış borc məbləğləri ondan tələb olunur. Bundan başqa, o, hazırda Tibb Kollecinin 3-cü kurs tələbəsidir. Əyani təhsil aldığı üçün işləyə bilmir, işləmədiyi üçün də ödəniş edə bilmir. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını və maddi vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2285/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 231 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xeyrinə ödənilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-793/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2426,83 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməli, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8İ-5480 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 13088,64 manat, 25 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2025-ci il tarixli qərarla bir icraatda birləşmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan olan tələbin biletin surətindən görünür ki, Şəxs Ə.Əliyev adına Sumqayıt tibb kollecinin tələbəsidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan icra sənədləri üzrə tələbin könüllü icrası barədə bildiriş rəsmi təqdim edilmiş, borclu həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi ödəniş etməmişdir. Hazırda isə borclu tələbə olmasını və əyani təhsil aldığı üçün işləyə bilməməsini əsas gətirərək ödəniş edə bilməməsini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni maddi vəziyyətinin yaxşı olmaması və borcun ödənilməsindən boyun qaçırmamasını icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar