Məhkəmə qərarları › İş №3(060)-291/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-291/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-291/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Krasnoselo ray., Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Abbasov X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərtib edilmiş protokolla razılaşmayaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Nardaran qəsəbəsindən işdən çıxmış və işlədiyi müəssisənin sevis xidməti vasitəsilə Sumqayıt şəhərinə işdən qayıtmış daha sonra isə faktiki sahibliyində olan, etibarnamə əsasında idarə etdiyi “VAZ 21099” markalı, ** KC *** dövlət nömrə nişanlı avtomobilə əyləşərək Saray qəsəbəsində yerləşən evinə gəlmiş, avtomobilin həyətində saxlayaraq mənzilinə getmişdir. Daha sonra dostlarının dəvəti ilə taksi ilə həmin gün axşam radələrində yenidən Sumqayıt şəhərinə gəlmiş, dostları ilə birlikdə yeyib-içdikdən sonra təxminən 23:00 radələrində evinə-Saray qəsəbəsinə takis çagırmaqla qayıtmışdır. O, maşını öz həyətinin qarşısında saxlamışdır. Axşam evə qayıdan zaman maşının yanında yol polisi maşını və əməkdaşlarını görmüş, onların nəyə görə onun maşının yanında durduqlarını soruşmuşdur. Yol polis əməkdaşları onun maşının keçən ilin dekabr ayının 18-də Sumqayıt şəhərində avtoxuliqanlıq etdiyini və maşınının axtarışda olduğunu bildirmişlər. O isə buna etiraz etmiş, həmin tarixdə ümumiyyətlə maşını idarə etmədiyini bildirmişdir. Daha sonra yol polis əməkdaşları ona içkili olub-olmamasını soruşmuşdur. O isə spirtli içki qəbul etdiyini, lakin bu vəziyətdə maşın idarə etmədiyini bildirmişdir. Polis əməkdaşları ondan alkotestrdən keçməsini bildirmiş, o əvvəlcə iradını bildirsə də, sonradan polis əməkdaşlarından təkidindən sonra alkotestrdən keçmək məcburiyyətində qalmışdır. Daha sonra onu Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə gətirmişlər. Hadisələr təxminən gecə 11-12 arası baş vermişdir. Onun barəsində protokol tərtib edikdikdən sonra onu sərbəst buraxmışlar. Polis şöbəsindən çıxdıqdan sonra DİN-nin “102” qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat vermişdir. 1 gün sonra adını bilmədiyi təhqiqatçı onu Saray qəsəbəsində polis idarəsinə çağırmış, onun izahatını almış və həkim müayinəsinə göndərmişdir. Sonradan dəfələrlə həmin təhqiqatçı ilə əlaqə saxlamaq istəsə də, sonuncu onun telefonlarına cavab verməmişdir. Qeyd etdiklərini və əməlində inzibati xəta olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs avtomobili sərxoş halda idarə etməsi faktını təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitədən (alkotester) istifadə edib onun nəticəsini iş materiallarına əlavə etsə də, kağız daşıyıcıda olunan sənədin oxunması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar