Məhkəmə qərarları › İş №3(060)-2910/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2910/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2910/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Abşeron ray., Xırdalan şəh., X2 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4451/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X3 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4451/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu bu məhkəmə iclasınadək tələbkara heç bir ödəniş etməmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu səbəbdən Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi nəzərə alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd edir ki, məhkəmə iclası vaxtı borclu tələbkara olan borcundan 2000 (iki min) manatı qəbul etmiş, aralarında borcun qalan hissəsinin ödənilməsi barədə razılıq əldə edilmiş və tələbkar Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs kimi tələbkarın mövqeyindən çıxış edərək bu iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də onun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4451/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 10120 manat borcu olmuşdur. Tələbkar Zərərçəkmiş şəxs olan borcunu ödəməkdən yayınmır, sadəcə olaraq imkansızlıq səbəbindən ödəniş edə bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə borcun ödənilməsi üçün fasilə edə biləcəyi təqdirdə o tələbkara olan borcundan qismən ödəyə bilər. Qısa müddətli fasilədən sonra tələbkarla aralarında artıq razılıq əldə edildiyini, əldə edilmiş razılığa əsasən borcundan 2000 manat ödədiyini, borcun qalan hissəsini hissə-hissə hər ay 300 manat olmaq şərtilə ilə ödəyəcəyini bildirmişdir. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını və icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs olan 10120 manat borcundan 2000 manat ödəniş etmiş, borcun qalan hissəsinin ödənilməsi barədə tələbkarlala aralarında razılıq əldə edilmişdir. Ərizəsində eyni zamanda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan icra sənədinə əsasən Şəxs 10120 manat pul tutularaq ona verilməlidir. Borclu indiyədək ona heç bir ödəniş etməməsinə baxmayaraq, məhkəmə iclası zamanı verilmiş qısa müddətli fasilə zamanı aralarında razılıq əldə edilmiş, Şəxs borcundan 2000 manat ödəniş etmiş, borclu borcun qalan hissəsini hər ay 300 manat olmaq şərtilə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Şəxs vaxtlı-vaxtında söz verdiyi kimi ona olan borcunu ödəməzsə, borclu barəsində tədbir görülməsi üçün yenidən müraciət edəcəyini bildirmişdir. Bu səbəbdən qeyd olunanların nəzərə alınmasını və bu inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, borclu Şəxs ona olan 10120 manat borcundan 2000 manat ödəniş etmiş, öz aralarında borclu ilə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4451/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10120 manat borcu vardır. Borc ödənilməmiş, buna görə də, icra məmuru həmin borcun heç bir səbəb olmadan ödənilməməsi və icra məmurunun qanuni tələbini yerinə yetirməməsi qənaətinə gəlmiş və AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini, iclas zamanı verilmiş fasilədən isifadə edərək borcundan 2000 manat ödədiyini, borcun qalan hissəsini isə hissə-hissə ödəyəcəyi barədə tələbkarla razılığa gəldiyini bildirmişdir. Göründüyü icra məmuru inzibati xəta haqqında protokol tərtib etməmişdən öncə borclunun qeyd edilən məbləğdə tələbkara pul ödəyə bilmək imkanının olub-olmamasını və edilən bu ödənişdən sonra tələbkarın bununla razılaşaraq qalan borcu hissə-hissə ödəməklə bağlı razılığa gələ bilmək ehtimalının olmasını araşdırmadan inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə vermişdir. Lakin məhkəmə iclası zamanı borclu ilk dialoq zamanı o, tələbkara olan borcundan bu gün 2000 (iki min) ödəyə biləcəyini bildirmiş, tələbkar bu təkliflə razılaşmış, edilmiş fasilə zamanı ödəniş olunmuş və Zərərçəkmiş şəxs qeyd edilən məzmunda məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar