Məhkəmə qərarları › İş №3(060)-2910/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2910/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2910/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrəsəlahiyyətli nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 4, ev 22/25, mənzil 3 olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 20 noyabr 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrəsəlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs MMC idxal və ixracla məşğul olan şirkətdir. Eyni zamanda Azərbaycan Respublikasında kərə yağının istehsalı ilə məşğuldur. İran İslam Respublikasından alınan xammalın sənədlərinin və əvvəlcədən ödədikləri avans məbləğinin sənədlərinin təqdim edilməməsinə görə Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki məhsul 2023-cü ildə ölkəyə daxil olmuşdur və gömrük bəyannaməsi də mövcuddur. Hər həftə şirkətə mal gəldiyindən malların sənədləri tərtib olunaraq əməkdaşlıq etdikləri banka göndərilir. Hazırkı iş üzrə sənədin gec təqdim olunmasının səbəbi dəfələrlə Gömrük İdarəsinə müraciət etmələrinə baxmayaraq sənədin vaxtında onlara təqdim edilməməsi olmuşdur. Ona görə də, Mərkəzi Bank Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sənədlər Gömrük İdarəsindən alındıqdan sonra sistemə yerləşdirilmiş və “Ziraat Bank” Azərbaycan tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, Şəxs MMC -nin "xxxx" ASC-dən icra olunan xx.xx.2022-ci il tarixli, 54500 USD məbləğində avans köçürmə (Müqavilə 26/08, xx.xx.2022-ci il tarixli), **********0377 saylı YGB-yə əsasən xx.xx.2024-cü il tarixdə bağlanılmış və Mərkəzi banka məlumat göndərilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialların araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «ALLBUY” MMC 54500.00 ABŞ dolları məbləğində vəsaiti 24 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 54500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ziraat Bank” Azərbaycan tərəfindən Şəxs MMC-yə göndərilən arayışdan görünür ki, Şəxs MMC-nin "xxxx" ASC-dən icra olunan xx.xx.2022-ci il tarixli, 54500 USD məbləğində avans köçürmə (Müqavilə 26/08, xx.xx.2022-ci il tarixli), **********0377 saylı YGB-yə əsasən xx.xx.2024-cü il tarixdə bağlanılmış və Mərkəzi banka məlumat göndərilmişdir. Bununla da, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 24 oktyabr 2022-ci il tarixdə ölkə xaricinə köçürülmüş vəsaitlərə görə alınan mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Bu hal müvafiq gömrük bəyannaməsi və “Ziraat Bank” Azərbaycan tərəfindən verilmiş arayışla da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından «ALLBUY” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18,4, 40, 43, 53.1.2, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «ALLBUY” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar