Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2916/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Tərtər rayonu, Orta kənd ərazi dairəsi Dəmirli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St Sumqayıt qəsəbəsi, Qaçqınlar şəhərciyi, bina 23, mənzil 22-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP5895316 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxmini saat 09:40 radələrində sürücülük hüququ olmadan narkotik vasitənin təsiri altında “Khazar” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sülh küçəsində idarə edərkən həmin küçə ilə Bakı küçəsinin kəsişməsində svetoforun qırmızı işığında yol ayrıcına daxil olmuş, nəticədə Bakı küçəsi ilə hərəkətdə olan X1 idarə etdiyi “Vaz 21063” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində sonuncu avtomobilə maddi ziyan dəymiş, həmçinin həmin avtomobilin sərnişini X3 dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxmini saat 09:40 radələrində sürücülük hüququ olmadan narkotik vasitənin təsiri altında “Khazar” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Sülh küçəsində idarə edərkən həmin küçə ilə Bakı küçəsinin kəsişməsində svetoforun qırmızı işığında yol ayrıcına daxil olmuş, nəticədə Bakı küçəsi ilə hərəkətdə olan X1 idarə etdiyi “Vaz 21063” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində sonuncu avtomobilə maddi ziyan dəymiş, həmçinin həmin avtomobilin sərnişini X3 dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Hazırda xəsarət almış şəxsin şikayəti yoxdur, avtomobilə dəymiş zərər isə sığorta təşkilatı tərəfindən ödənilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, cərimə olunarsa ödəniş etməyə maddi imkanı yoxdur. Ona görə də barəsində minumum az müddətə həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşiman olmasını, həmçinin özünün də barəsində həbs tətbiq edilməsini istəməsini nəzərə alaraq ən aşağı həddə inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP5895316 saylı inzibati xəta haqqında protoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Beləliklə də məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə, yəni inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəssinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı və iş materiallarında olan digər sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 334-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həbs növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi xidmətə görə təqdim etdiyi hesabata əsasən müvafiq məbləğ hesablaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2916/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2916/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver