Məhkəmə qərarları › İş №3(060)-2917/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2917/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2917/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 kəndi ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, 73 nömrəli həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi həmin icra sənədi üzrə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində təkrar üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9400 (doqquz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq X5 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və onun icraatına verilmişdir. İcra sənədi ilə əlaqədar olaraq borclu Şəxs dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış və icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Əvvəllər tələbkar və borclu arasında razılıq olmuş, borclu hər ay tələbkara 200 (iki yüz) manat ödəyəcəyi barədə öhdəçilik götürmüş, lakin sonradan götürdüyü öhdəçiliyi pozaraq ödəniş etməmişdir. İlk dəfə olaraq borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1816/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuş, sonradan o, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 105/2023 saylı, xx.xx.2023-cü il tarixli qərari ilə yenidən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. Yanvar ayından sonra iki dəfə 200 (iki yüz) manat, yəni 400 (dörd yüz) manat, avqust ayında 1400 (bir yüz dörd yüz) manat, cəmi 1800 (bir min səkkiz yüz) manat ödəniş etmişdir. Borclunun 5830 (beş min səkkiz yüz otuz) manat borcu qalmışdır. Lakin 500 (beş yüz) manat inzibati cəriməni ödəməmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 9400 (doqquz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq X5 verilməsi qət edilmişdir. Lakin o, “X7” iştirakçısı və veteranıdır, bununla bağlı aylıq olaraq 80 (səksən) manat təqaüd alır. Əvvəllər əmək haqqı vaxtında aldığı üçün tələbkar ilə aylıq olaraq hər ay borcundan 200 (iki yüz) manat ödəməsi bağlı razılığa gəlmişdir, yanvar və fevral aylarında, ümumilikdə 400 (dörd yüz) manat ödəniş etmişdir. Lakin daha sonra işdən çıxdığına görə ödəniş edə bilməmişdir. Sonradan avqust ayında 1400 (bir min dörd yüz) manat ödəniş etmişdir. Halhazırda işə düzəlmişdir və hər ay 200 (iki yüz) manat ödəniş etməyə imkanı çatır. Onun borcunu ödəməmək kimi bir niyyəti yoxdur. Himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9400 (doqquz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. Əvvəllər onunla borclu arasında razılıq olmuş, borclu hər ay ona 200 (iki yüz) manat ödəyəcəyi barədə öhdəçilik götürmüş, lakin sonradan götürdüyü öhdəçiliyi pozaraq ödəniş etməmişdir. Borclunun ona 5830 (beş min səkkiz yüz otuz) manat borcu qalmışdır. Borcun ödənilməsini bidlirərək Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1816/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs X2na icra sənədi üzrə olan borcdan 1800 (bir min səkkiz yüz) manat ödəniş etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs müharibə veteranıdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində icra məmurunu, tələbkarı və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs müharibə veteranı olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-584/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi həmin icra sənədi üzrə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində təkrar üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar