Məhkəmə qərarları › İş №3(060)-2918/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2918/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2918/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 2-ci PB-nin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 2-ci X3 Vüsal Namiz oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı- Quba yolunun H.Zeynalabdin qəsəbə ərazisində YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X11 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolunun H.Zeynalabdin qəsəbə ərazisində YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Təhqiqat raportu əsasında protokol tərtib etmişdir. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:25 radələrində etibarnamə əsasında idarə etdiyi Kia-Rio markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Quba yolunun H.Zeynalabdin qəsəbəsi, 40-cı km-də üzü Quba istiqamətində hərəkət edərkən geriyə dönmə qadağan edilmiş yolda avtomobilini Sumqayıt şəhəri istiqamətinə geriyə döndərib gedərkən yol polis əməkdaşları ona saxla əmri vermiş, o da avtomobilini saxlayıb düşərək yol polis əməkdaşlarına yaxınlaşmışdır. Ona törətdiyi qayda pozuntusunu izah edərək 100 manat cərimə olunacağını bildirmişlər. O da imkanı olmadığını, himayəsində iki azyaşlı övladının olduğunu, kirayə qaldığını bildirərək protokol tərtib edilməməsini xahiş etmiş və buna görə onlara 50 manat vermişdir. Daha sonra şəxsi telefonu ilə yol polis əməkdaşının xidməti avtomobilinin şəklini çəkmiş, avtomobilinə əyləşərək qısa məsafə getdikdən sonra yol polis əməkdaşları yenidən ona saxla əmri vermiş, avtomobilini onun avtomobilinin yanında saxlamış, o da pəncərəni açdıqda polis əməkdaşı protokolu onun pəncərəsindən içəri atmışdır. Polis əməkdaşının bu hərəkəti ona pis təsir etmişdir. Buna görə də o, avtomobildən enərək yolun əks istiqamtinə, YPX avtomobilinin qarşısına keçmişdir. YPX əməkdaşları avtomobildən enmiş, onlara niyə ona cərimə yazdıqlarını soruşmuş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı yol polis əməkdaşı onu söydüyündən o da onlara cavab qaytarmışdır. Daha sonra avtomobili yenidən geriyə döndərərək Quba yolu istiqamətində getməyə başlamış, YPX avtomobili də onun arxasıyca gəlmişdir. O H.Zeynalabdin qəsəbəsində yerləşən evinə çatmış və təxminən 15 dəqiqə keçdikdən sonra YPX əməkdaşları həmin ünvana gəlmişlər. Ona qarşı hədə-qorxu gəldiklərindən o da qorxub DİN-nin 102 xidmətinə zəg edərək özünü və ailəsini öldürəcəyini demişdir.Polis bölməsində olarkən də ona qarşı təzyiq olmuş, onu döymüşlər və izahatını onlar deyən kimi yazılmasını tələb etmişlər. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları və xəstə anası vardır. Məhkəmədən barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, şəxs əməlini qismən etiraf edir. Himayəsində iki azyaşlı övladı və xəstə anası vardır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qubadlı RPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X9 bildirdi ki, Bakı-Quba yolunda, 2 saylı marşurut üzrə xidməti ərazidə xidmət apararkən xx.xx.2023-cü il tarixdə, saat 13:43 radələrində «Kia-Rio» markalı, **-EG-*** dövlət nömrə-nişanlı nəqliyyat vasitəsinin sürücüsünün idarə etdiyi avtomobili 40-cı km-də nişanın tələbini pozaraq dəmiryol keçidindən geriyə döndüyünü görüb saxla işarəsi verdiyini, sürücüyə YHHQ-nun 61-ci maddəsinin və Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsinin tələbini pozduğuna görə onun barəsində protokol tərtib edilməklə 40 (qırx) manat cərimə yazıldığını izah etdikdən sonra xidmətini davam etdirmək üçün üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən STP-nin qarşısından geriyə dönüb H.Zeynalabdin qəsəbəsinə doğru hərəkətini davam etdirən zaman az əvvəl qayda pozuntusu törətdiyi üçün barəsində 40 AZN cərimə yazdığı sürücü X5 idarə etdiyi avtomobili yolun əks tərəfində saxlayaraq yolu onlar tərəfə keçərək özünü xidməti avtomobilin qarşısına ataraq onlara 10 AZN təklif etməklə protokolun ləğv edilməsini istəmiş, onun barəsində protokol tərtib edildiyini və bir ay ərzində cəriməni banka ödəməsini bildirmiş, sürücü yolu yenidən əks tərəfə öz avtomobilinin yanına keçərək onların ünvanına nalayiq küçə söyüşləri söyərək avtomobilinə əyləşib üzü geriyə dönərək H.Zeynalabdin qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamış, onu və iş yoldaşını təhqir edən sürücüyə saxla işarəsi vermələrinə baxmayaraq sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq yüksək sürətlə manevr qaydalarını pozaraq, digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmaqla hərəkətini davam etdirmiş, onlar həmin avtomobili H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığınadək müşahidə etmiş, həmin avtomobilin sürücüsü avtomobili qəsəbə daxilində yüksək sürətlə idarə etdiyi üçün hər hansı bir qəza şəraitinin yaranacağından ehtiyat etdikləri üçün müşahidəni dayandırmış, məhəllə ərazisində həmin avtomobilin istiqaməti üzrə axtarış etdikdə həmin avtomobilin H.Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsində, 60 nömrəli fərdi evin qarşısında dayandığını görmüş, sürücü yaşadığı ünvandan bayıra çıxmayaraq qapının önündən 102 qaynar xəttinə zəng edərək özünü ailəsi ilə birlikdə yandıracağı barədə məlumat vermiş, bundan sonra həmin sürücünün barəsində qanuna müvafiq tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gələrək baş vermiş hadisə barədə bölmə rəisinə raportla məruzə etdiklərini bildirərək həmin sürücünün barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vətəndaşdan 50 manat pul almamışlar, həmçinin vətəndaş protokolu qəbul etmədiyindən onun avtomobilinin pəncərəsindən içəri atmışdır. Məhkəmə iclasında şahid Qubadlı RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X1 Qurban Şamil oğlunun izahatda göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin olduğu müəyyən edildiyindən onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 2-ci PB-nə həvalə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:44 radələrində «BMW» markalı **-YP-*** dövlət nömrənişanlı YPX avtomobilinin Bakı-Quba yolunun 40-ci kilometrliyində üzü Sumqayıt şəhəri istiqamətdə hərəkət edərək üzərindəki müşahidə kamerasının ön, sağ və sol tərəfləri çəkdiyi müşahidə edilir. Qarşıdakı yerüstü piyada keçidinə çatmağa az qalmış əks tərəfdən üzü Quba istiqamətində hərəkət edən uzaq olduğu üçün nömrəsi görsənməyən qara rəngli avtomobilin dəmiryol xəttinə daxil olaraq yol nişanının tələbini kobud surətdə pozaraq geriyə hərəkət etməyə başladığını görən YPX avtomobilində olan əməkdaşlar tərəfindən saxlanılır. Həmin avtomobilin sürücüsü avtomobili yolun sağ kənarında saxlayarkən avtomobilin «Kia-Rio» markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobil olduğu görünür. Sürücü avtomobildən düşərək onun avtomobilinin arxa hissəsində dayanmış YPX avtomobilinə yaxınlaşır, lakin sürücünün avtomobilə yaxınlaşdığı və polis əməkdaşları ilə söhbət etdiyi görünmür və eşidilmir. 2 dəqiqə sonra ön hissədən bir nəfər ağ koftalı yoldan keçən piyadanın üzü Quba istiqamətində keçdiyi müşahidə olunur. Saat 13:46 radələrində sürücü yenidən öz avtomobilinə yaxınlaşaraq qapısını açır və öz mobil telefonu ilə YPX avtomobilinin şəklini çəkərək avtomobilə əyləşir və sol qapının şüşəsini azacıq aşağı salır. Həmin vaxt YPX avtomobili tərəfdən yol patrul inspektoru sürücüyə yaxınlaşdıqda eyni zamanda az əvvəl YPX avtomobili tərəfə keçən ağ rəngli koftası olan piyada da yenidən əks tərəfə qayıdaraq yolun sağ tərəfi ilə üzü Sumqayıt istiqamətində addımladığı müşahidə edilir, daha sonra sürücü ilə YPX inspektoru bir neçə saniyə söhbət etdikdə sürücü qəfildən avtomobili idarə edərək üzü Sumqayıt şəhəri istiqamətinə hərəkət etdikdə YPX avtomobilindəki əməkdaşlar da idarə etdikləri avtomobillə həmin sürücünün arxasınca müşayiət etməyə başlayır. Görüntüdən «Kia-Rio» markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili yüksək sürətlə idarə edərək ani vaxt ərzində uzaqlaşdığı müşahidə edilir. Saat 13:48 radələrində YPX avtomobili Bakı-Quba yolunun sağ kənarında yerləşən «Lucoil» YDM-nin keçdikdən az sonra «Kia-Rio» markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilini ötüb keçərək yoluna davam etdiyi, STP-nın qarşısındakı geriyə dönmə hissədən dönüb üzü H.Zeynalabdin qəsəbəsi istiqamətində hərəkət etdikdə saat 13:50 radələrində «Kia-Rio» markalı, **-EG-*** dövlət nömrə-nişanlı avtomobilin sürücüsünün əlində hansısa bir kağız yolun əks tərəfində avtomobili yolun sağında saxlayaraq avtomobildən düşüb yolu əks tərəfə YPX avtomobilinin qarşısına qaçaraq özünü avtomobilin qarşısına atdığı, daha sonra avtomobilin sol tərəfinə keçdiyi müşahidə olunur. Sürücü avtomobil tərəfə keçdikdən sonra nə öz,ü nə də ki, YPX əməkdaşları görünmür və səsləri eşidilmir. Təxminən bir neçə saniyədən sonra anidən YPX avtomobilinin dayandığı yerdən geriyə «Kia-Rio» markalı, **-EG-*** dövlət nömrənişanlı avtomobilin dayandığı yerə tərəf hərəkət etmək istədikdə «Kia-Rio» markalı, **-EG- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobili STP-nin qarşısındakı geriyə dönüş yerində dönərək yüksək sürətlə üzü H.Zeynalabdin qəsəbəsi istiqamətində hərəkət etməyə başlayır. YPX avtomobili də həmin avtomobili müşahidə etməyə davam edir. «Kia- Rio» markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkət etdiyi üçün görüntü məhdudlaşmağa doğru müşahidə edilir. «Kia- Rio» markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobil üzü Quba istiqamətində yolun sağ kənarında yerləşən «TOCOİL» YDM-nə çatmamış «Rundun» marketin sağ tərəfindən qəsəbə daxilinə daxil olaraq üzü məscid tərəfə hərəkət edərək məscidin qarşısındakı dairədən sola dönərək hərəkətini davam etdirir, bir qədər sonra sol küçəyə dönərək hərəkətini davam etdirir, daha sonra isə müşahidə kamerasından uzaqlaşır. YPX avtomobili isə hərəkətini davam etdirir və saat 13:54-də görüntü bitir. Görüntü 10 dəqiqə 48 saniyə davam etdi. İş materiallarında olan Şabran rayon Məhkəməsinin 2(031)-1006/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsviri hissəsindən görünür ki, Şabran rayon Məhkəməsinin 2(031)-66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 boşanmadan sonra ataları Şəxs yanında qalmışlar. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş raportdan, təhqiqat qərarından və videogörüntüdən görünür ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nikahın pozulmasından sonra azyaşlı övladlarının onun himayəsinə verilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz manat) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar