Məhkəmə qərarları › İş №3(060)-2919/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2919/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2919/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, şirkətdə sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, H.Z.Tağıyev qəsəbəsində, məcburi köçkün şəhərciyinə çatmamış 2 zolaqlı yolda 30 nəfər sərnişini olduğu avtobusu idarə edirdi. Saat 5-də, havanın qaranlıq olduğu vaxt yolun sağ istiqamətində hərəkət edərkən 120 km/saat sürətlə hərəkət edən minik avtomobili arxadan onun avtobusu ilə toqquşmuş, nəticədə avtobusun yarı hissəsi məhv olmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, arxadan yüksək sürətlə gələn avtomobili gördükdən sonra avtobusu sağ tərəfə, yəni asfaltdan kənara çıxartmaq istəmiş, bu vaxt minik avtomobili onun avtobusu ilə toqquşmuşdur. Qeyd edir ki, minik avtomobilinin sürücüsü yatmışdı və 1-ci zolaqla onun yanından keçə bilərdi, lakin əyləcə basmadan sürətlə arxadan onun avtobusunu vurdu. Onun təhqiqat araşdırma zamanı izahatı alınmış, lakin savadı olmadığı üçün izahatını oxumadan imzalamışdır. Yol polisi əməkdaşı ona təqsirinin olmadığını bildirmişdir. Bundan başqa, sığorta şirkətindən səlahiyyətli şəxslər gəlmiş və dəymiş ziyanı hesablamışlar. Lakin ona zəruri sənədlər, həmçinin yol polisi əməkdaşının tərtib etdiyi sənədlər təqdim edilməmişdir. Həmçinin, onun idarə etdiyi avtobusa baxış keçirilməmişdir. Hadisə yerinə polis əməkdaşları, sığorta şirkəti gəlmişdir. Protokolun tərtib olunmasında iştirak etməyib. Onunla toqquşan minik avtomobilinin arxasından gələn başqa avtomobilin sürücüsü də oun toqquşduğu avtomobilin yüksək sürətlə, yəni 120 km/saat sürətlə gəldiyini bildirmişdir. Hadisə yerinin şəkilləri teelfonunda var. 2 aydan çoxdur ki, avtobusu sürə bilmir və hər gününə görə 100 manat ödəyir. Həmçinin, o minik avtomobilinin yoluna çıxmamışdır. Həmçinin, qeyd edir ki o, araşdırmada iştirak etməmiş və minik avtomobilinin sürücüsünün xeyrinə qərar çıxarılmışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, avtobus yolun sağ tərəfi ilə yox, sol tərəfi ilə hərəkət edirdi. Avtobus iri olduğu üçün sağ tərəfə keçməsi bir qədər çətin ola bilər. Onun da avtomobilinin arxasında başqa avtomobil sürətlə gəlirdi, bu vaxt avtobus onun yoluna çıxmış və nəticədə onun avtomobili avtobusla toqquşmuşdur. Hadisə nəticəsində üzü, dirsəyi yaralanmış və xəsarət almışdır. Həmçinin, onu avtomobilinə maddi ziyan dəymişdir, buna görə də ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid bildirmişdir ki, Sumqayıt ŞPİ TŞ-nin təhqiqatçısı vəzifəsində xidmət edir. 08 sentyabr 2025-ci ildə xidmət etdiyi idarədə əməliyyat növbəsində olarkən TTYX-dan yol-nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alanın olması ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra o, xəstəxanaya yollanmış və həmin fakt təsdiqlənmişdir. Məlum olmuşdur ki, Stansiya Sumqayıt ərazisinin Bakı- Quba yolu istiqamətində sərnişin avtobusu və “Tayota Carolla” minik markalı avtomobil toqquşmuş və minik avtomobilinin sürücüsü xəsarət almışdır. Onun tərəfindən təhqiqat araşdırılması aparılmış, tərəflərin izahatları alınmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və xəstəxanaya sorğu göndərilmişdir. Təhqiqat araşdırması zamanı izahatlarda kəskin ziddiyyətlər yarandığından yol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin edilmiş, toplanmış material Ədliyyə Nazirliyinin üzrə Məhkəmə Ekspertizasına göndərilmişdir. Həmin ekspertizanın rəyindən görünür ki, sərnişin avtobusunun sürücüsü yol-hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, həmin materialda cinayət tərkibinin əlamətləri olmadığından xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, təqsirkar sürücünün əməllərində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğunundan həmin qərarın surəti X1 Şöbəsinə, həmçinin tərəflərə göndərilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin təhqiqat araşdırması zamanı Şəxs yolun sol istiqaməti ilə hərəkət etdiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Ola bilər ki, sərnişin avtobusunun sürücüsü yolu sol istiqaməti ilə hərəkət edib daha sonra sağ tərəfə keçsin. Zərərçəkmiş şəxs öz izahatında avtobusun yolun sol istiqaməti ilə hərəkət etdiyini bildirmişdir. Lakin daha sonra araşdırma zamanı məlum olmuşdur ki, hadisə baş verdiyi yolun sol istiqamətində asfaltda kəsik izləri var və həmin izləri “İKARUS” markalı avtobus əmələ gətirə bilər. Həmçinin, yolun solunda olan dəmir sədd zədələnmişdir. Bu izlər göstərir ki, “İKARUS” markalı avtobus yolun sol istiqaməti ilə hərəkət edib. Bundan başqa bildirmişdir ki, Şəxs izahatı kompüterdə yazılmış, izahat oxunulmuş və onun tərəfindən imzalanmışdır. Həmçinin, yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizası nəticəsində minik avtomobilinin sürətinin 97 km/saat-dan çox olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməli nəticəsində Zərərçəkmiş şəxs yüngül dərəcədə bədən xəsarəti almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ”cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, təxminən 8-9 ildir ki, özünə məxsus İkarus markalı **-DG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən stansiya Sumqayıt qəsəbəsində yerləşən parnik sahəsinə qadın fəhlələləri daşıyır və bu işə görə parnik sahəsinin müdiriyyəti tərəfindən əmək haqqı alır. xx.xx.2025-ci il tarixdə saat 05 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində üzü Stansiya Sumqayıt qəsəbəsinə doğru yolun sağdan 1-ci hərəkət zolağı ilə təxminən 60 km/saat sürətlə düzünə hərəkətdə olduğu zaman, arxadan onunla eyni istiqamətdə yolun soldan 1-ci hərəkət zolağı ilə sürətlə düzünə hərəkət edən markasını xatırlamadağı minik avtomobilinin onu ötmə manevri etmək istədiyini avtobusun yan güzgüsündən gördü və avtobusu yolun sağ kənarınadək manevr etdirdi ki, həmin avtomobil ötməni rahat həyata keçirsin. Lakin həm avtomobilin sürücüsü ötməni düzgün yerinə yetirməyərək gəldiyi sürət avtomobilinin qabaq sağ hissəsi avtobusun arxa sol hissəsindən toqquşmuş, sonradan isə idarəetməni itrirərək yolun sağ kənarında torpaqlıq dərəyə düşmüşdür. Hadisə vaxtı avtobusda təxminən 30 nəfər fəhlə qadınlar olmuşdur. Hadisə vaxtı qarşı avtomobilin sürücüsü yüngül xəsarət almışdır. Lakin özü xəsarət almmaışdır, həmçinin avtobusda olan sərnişinlərdən heç kim xəsarət almamışdır. Hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hadisə nəticəsində avtobusun arxa detal hissələri zədələnməklə ona maddi ziyan dəymişdir. Bildirir ki, hadisədən öncə idarə etdiyi avtobusla yolun sağdan 1-ci hərəkət zolağı ilə düzünə hərəkətdə olmuşdur, ola bilsin ki, yol örtüyünü nəzə alıb avtobusu bir qədər sol hərəkət zolağına istiqamətləndirsin, lakin güzgüdən arxadan gələn minik avtomobilini görüb avtobusu yolun sağ kənarına doğru yayındırmışdır. Lakin minik avtomobili qabaq hissəsi ilə avtobusun arxa hissəsindən toqquşmuşdur. O idarə etdiyi avtobusla yolun sağdan 1-ci hərəkət zolağı ilə hərəkətdə olmuşdur, yolun sol hərəkət zolağına ola bilsin ki, çıxıb, lakin arxadan avtomobilin gəldiyini görüb yenidən öz yoluma qayıdıb. O, güzgüdən arxaya baxdıqda həmin avtomobilin arxada ondan təxminən 10-15 metr məsafəliyində oduğunu gördü və avtobusu yolun sağ kənarına doğru istiqamətləndirdi ki, həmin avtomobil ötməni rahat həyata keçirsin. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Toyota Corolla markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur və özüm idarə edir. xx.xx.2025-ci il tarixdə saat 04:30 radələrində Quba-Bakı yolu ilə H.Z.Tağıyev qəsəbəsi ərazisindən üzü Stansiya Sumqayıt qəsəbəsinə doğru yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 90-95 km/saat sürətlə düzünə hərəkətdə olduğu zaman, qarşıda yolun sağ hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olan İkarus markalı sərnişin avtobusunun hərəkət etdiyini görürdü. O, sərnişin avtobusunu soldan ötmə manevri etməyə hazırlaşan zaman, avtobusun sürücüsü zolaq dəyişikliyi edərək yolun sol hərəkət zolağına doğru avtobusu istiqamətləndirməyə başladı və həmin an anidən qarşısına çıxdı. Həmin an o tormoz əyləcinə təzyiq etdim, lakin avtobusla arasında olan məsafə kiçik olduğundan avtomobilinin qabaq sağ hissəsi avtobusun arxa sol hissəsindən toqquşdu. Toqquşmadan sonra avtomobilin yerində dövr edərək arxa sol hissəsi yolun sol kənarın quraşdırılmış dəmir səddə çırpıldı, daha sonra arxadan mənimlə eyni istiqamətdə digər avtomomobilin sürətlə hərəkət etdiyini və gəlib avtomobili ilə toqquşmaq təhlükəsinin olduğunu görüb yenidən qaz əyləcinə təzyiq edib avtomobili yolun sağ kənarında olan torpaqlıq sahəyə istiqamətləndirdi, avtomobilin yolun sağ kənarında olan dərəyə düşdü. Hadisə vaxtı üz və burun nahiyyəsindən və bədəninin müxətlif nahiyyələrindən xəsarətlər aldı. Hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hadisə nəticəsində avtomobili yararsız hala düşmüşdür və ona xeyli maddi ziyan dəymişdir. Bildirir ki, idarə etdiyi avtomobillə qeyd olunan yolda yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən saatda 90-95 km.sürətlə düzünə hərəkətdə olduğu zaman, qarşıda yolun sağdan 1-ci hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olan İkarus markalı sərnişin avtobusunu uzaqdan görürdü, lakin o həmin avtobusa çatıb, avtobusu soldan ötmə manevri etməyə hazırlaşdığı zaman, onunla təxminən 7-8 metr ara məsafəsində olduğu an, avtobusun sürücüsü ya yuxuladığı üçün ya da yol örtüyünün nasaz olması səbəbindən anidən avtobusu onun hərəkət zolağına doğru istiqamətləndirdi, həmin an avtobusla toqquşmamaq üçün tormoz əyləcinə təzyiq etdi, lakin tormoza təzyiq etdiyi anda da toqquşma baş verdi. Avtobusun onun hərəkət zolağına doğru istiqamətləndiyini gördüyü anda təhlükəni hiss etdi və dərhal tormoz etdi. Qeyd edir ki, toqquşmadan sonra avtobusun arxa hissəsinin dəmir çıxıntıları asfalt örtüyü zədələmişdir və toqquşma onun hərəkət zolağında qeydə alınmışdır. Toqquşmadan öncə avtobusun sürətinin təxminən saatda 70 km olduğunu güman edir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1430 №-li rəyindən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol alın-gicgah nahiyyəsinin dərialtı hematoma. Sol əlin, burun nahiyyəsinin qançırları, alın, sağ dirsək və sol qulaq seyvanı nahiyyəsinin sıynqları.Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 07.09.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/2093 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, İkarus 255 markalı 50DG454 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Corolla markalı 34BF361 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Atakişiyev avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətiı məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 95-97 km/saat sürətlə sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsini (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakterlidir və işin digər halları ilə ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahata, şahid ifadəsinə, xx.xx.2025-ci il tarixli 8/2093 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinə, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsinə haqqında protokola əlavə edilmiş sxemə, Məhkəmə-tibbi ekspertizasının 1430 nömrəli rəyinə əsasən Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar