Məhkəmə qərarları › İş №3(060)-292/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-292/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-292/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbəblə rayonu, Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbəblə rayonu, Qaradeyin Ərazi Dairəsi, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Protokolda göstərilənlərə görə Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:45-də Sumqayıt şəhəri, Sahil küçəsində idarə etdiyi “VAZ 21134” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılmış, avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından narazı qalan Şəxs apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-155/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 3(060)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında işin yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-155/2023 saylı qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görülmədiyindən, hazırki inzibati xəta haqqında iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qərarı işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktı ilə Şəxs sərxoş olduğu təsdiq olunsa da, iş materialları ilə onun İXM-nin 333.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsində təqsirli olması, yəni onun xx.xx.2023-cü il tarixdə saat 13:45-də Sumqayıt şəhəri, Sahil küçəsində idarə etdiyi “VAZ 21134” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmir və onun qeyd olunan maddə ilə təqsirli olmasına dair inzibati icraata başlamış səlahiyyətli orqan-Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla aradan qaldırılması mümkün olmayan şübhələr mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:45 dəqiqədə Sumqayıt şəhəri Sahil küçəsində VAZ 21134 markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən əsassız yerə saxlanılmışdır. Onlardan nə üçün saxlanıldığını soruşarkən ona bildirmişlər ki, guya o, narkotik maddənin təsiri altında avtomobili idarə edir. Həmin vaxt o, narkotik maddə təsiri altında olmamış, ümumiyyətlə o, narkotik vasitədən istifadə etmir. Bunu o, polis əməkdaşlarına bildirsə də, ona əhəmiyyət verən olmamış, onu müayinə edərək əsassız protokol tərtib etmişlər. Müayinə olunan zaman onun fikri soruşulmadan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib etmişlər ki, guya o, marixuana qəbul etmişdir. Onun inzibati xəta törətməyi barədə heç bir sübut yoxdur. O, narkotik vasitə təsiri altında avtomobil idarə etmədiyini sübuta yetirmək üçün Maştağa qəsəbəsində Narkoloji Dispanserə getmiş, lakin dispanser bağlı olduğundan təkrar müayinədən keçə bilməmişdir. xx.xx.2023-cü ildə narkoloji dispanserdən tibbi müayinədən keçmiş və xx.xx.2023-cü il tarixli 185 saylı aktla onun narkotik vasitə qəbul etmədiyi təsdiq edilmişdir. Məhkəmə qərarında xx.xx.2023-cü il tarixdə təkrarən tibbi müayinədən keçmədiyindən xx.xx.2023-cü il tarixdə narkotik vasitənin təsirinin aradan qalxa biləcəyi göstərilmişdir. Eyni zamanda bildirir ki, əgər o, narkotik vasitə qəbul edirsə, hər vaxt onun qanından və sidiyindən analiz götürülərkən narkotik vasitənin qəbul edib etməməyi müəyyən edilir. Bundan başqa özünün heç vaxt narkotik vasitədən istifadə etmədiyini bildirmidir. Əsassız yerə ona cərimə cəzası təyin edilməsindən çox narazıdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYP Şöbəsinin inspektoru X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:45-də Sumqayıt şəhəri, Sahil küçəsində idarə etdiyi “VAZ 21134” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman saxlanılmış, avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi məlum olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 220 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs marixuana qəbulu faktı aşkarlanmış, lakin alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Respublika Narkoloji Mərkəzi” Rublik hüquqi şəxsinin “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istühlakı hallarının müəyyən edilməsi məqsədi ilə tbbi müayinənin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 185 saylı aktından görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə, saat 14:26-14:30-da öz müraciəti əsasında müayinə edilmiş və nəticədə onun sidiyində qeyd edilən hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən isə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Maddənin dispozisiyasından göründüyü kimi, həmin maddə ilə inzibati məsuliyyət o halda yaranır ki, şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etsin. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. İXM-nin 96.3-cü madddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İXM-nin 96.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 96.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 96.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 96.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları; 96.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar; 96.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə edilməli, sürücü bununla razılaşmadıqda tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, İXM-nin 96.4-cü maddəsinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib edilməmişdir. Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, tibbi müayinədən keçirilərkən onun alkoqol və yaxud narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyətində olması müəyyən olunmamışdır. Belə ki, Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 220 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından da görünür ki, müayinə aparılan zaman Şəxs alkoqol sərxoşluğu faktı aşkar edilməmişdir. Ona görə də, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar