Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2922/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru – X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 16 avqust 2021-ci il tarixli, 01400-1081/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 16 avqust 2021-ci il tarixli, 01400-1081/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC (VÖEN: **********) Şimal Ərazi Baş gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 21.05.2020ci il tarixli, **********9991 saylı gömrük bəyannaməsi əsasında ixrac etdiyi “qurudulmuş xurma” yükünün müqabilində köçürülməli olan 3503,20 ABŞ dolları (5955,44 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 izahatında bildirdi ki, 21.05.2020-ci il tarixində, **********9991 saylı gömrük bəyannaməsi əsasında ixrac olunmuş “qurudulmuş xurma” yükünün müqabilində Azərbaycan Respublikasında müvəkkil olunmuş bankda olan hesablarına köçürülməli olan 3503,20 ABŞ dolları (5955,44 manat) məbləğində xarici valyuta vəsaitinin xaricdən qaytarılmaması şirkətin “X6” ilə bağlanmış müqvilənin “Section B” hissəsində qeyd edilən şərtlə əlaqədar olaraq endirim məbləğidir. Bununla bağlı müqaviləni məhkəməyə təqdim edir. İxrac olunan yükün ümumi invoys dəyəri 116755,20 ABŞ dolları, buna müvafiq olaraq 3 % həcmində endirim məbləği isə 3503,20 ABŞ dolları təşkil edir. Odur ki, rəhbəri olduğu MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, hüquqi şəxs Şəxs MMC-nin rəhbərinin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda qanunun 12.2 və 12.3-cü bəndələrinin tələblərinə əsasən 180 gün müddətində xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçı nın Azərbaycan Respulikasında müvəkkil bankdakı olan hesabına köçürülməsinın təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qaydalarda müqavilə şərtinə əsasən ixrac olunmuş malların müqabilində vəsaitin müəyyən hissəsinin ödənilməsindən azad etməyə əsas verən halların mövcudluğu qeyd olunmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, müqavilədə malların dəyərində 3 faiz endirim edilməsi nəzərdə tutulsa da müqavilədə malların dəyəri həmin endirim məbləği nəzərdə tutulmaqla müəyyən edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 3503,20 ABŞ dolları valyuta vəsaiti məbləğinə münasibətdə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 3503,20 ABŞ dolları pul vəsaitinin 30 (otuz) faizi məbləğində, yəni 1050,96 (bir min əlli dollar, doxsan altı sent) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2922/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2922/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver