Məhkəmə qərarları › İş №3(060)-2923/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2923/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2923/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Tələbkar - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5658/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən tələbkara 7610 manat pulu Zərərçəkmiş şəxs heç bir səbəb olmadan ödəniş etmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5658/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən 7610 manat pulu tələbkar Zərərçəkmiş şəxs heç bir səbəb olmadan ödəniş etmir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmir. Eyni zamanda borclu çağırışlara gəlmir. Polis tərəfindən gətirilir. Daha əvvəl məhkəmə qərarı ilə hazırki icra sənədi üzrə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə həbs növündə inzibati məsuliyyətə cəlb edilmiş, həmin məhkəmə vaxtı tələbkara 1000 manat ödədiyi üçün borclu ərizə vermiş, məhkəmə iclası yekunlaşandan sonra həmin pulu geri alımışdır. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5658/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 7610 manat pul tutulub ona ödənilməlidir. Borcludan pulun ödənilməsini tələb edir. Bundan əvvəlki inzibati xəta haqqında işə baxılarkən borclu ona 1000 manat ödəniş etmiş, lakin sonra həmin pulu aldadaraq ondan geri almışdır. Hal-hazırda şikayətçidir. Məhkəmədən borclu barəsində qanunauyğun şəkildə tədbir görülməsini xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, təqsirini boynuna alır. Maddi imkanı yoxdur. Hər ay 200 manat ödəniş edə bilər. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə yüngül inzibati tənbeh verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkar şəxsin, barəsində protokol tərtib olunmuş şəxsin və müdafiəçisinin çıxışını dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını və icra məmurunun çağırışlarına gəlməyərək qaçıb gizlənməsi onun icra məmurunun qanuni tələblərinə tabe olmaması göstərir. İş materillarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5658/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 7500 manat maşına görə verilən pulun və 110 manat hüquqi yardımla bağlı ödənilən pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materillarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-718/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, Şəxs məhkəmə iclas zalına gətirilməsi qərara alınmışdır. İş materillarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 3(060)-718/2022 saylı qərarı dəyişdirilərək Şəxs barəsində tətbiq edilmiş 15 gün müddətinə inzibati həbsin müddəti 08 gün müddətinədək azaldılmışdır. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun məhkəmə qərarından xəbərdar olmuş və qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qıda, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbəri olmasına baxmayaraq heç bir ödəniş etmədiyini, daha əvvəl məhkəmə qərarı ilə təqsirli olduğu inzibati xəta ilə artıq məsuliyyətə cəlb edilməsinə baxmayaraq, yenidən icra sənədini icra etmədiyini, həmin məhkəmə iclası keçirilən vaxt borclu tərəfindən tələbkara 1000 manat ödəniş edib ərizə alıdıqdan sonra həmin pulu tələbkardan geri alması borclunun icra sənədini icra etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirilməsindən qəsdən yayınmaq niyyətini təsdiq edir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar