Məhkəmə qərarları › İş №3(060)-2926/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2926/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2926/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 28.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 28.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti onunla əsaslandırdı ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis leytenantı X2 28.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə olunmuşdur. 19.08.2021-ci ildə saat 11-12 radələrində Sumqayıt 6-cı mkr ərazisində yerləşən məscidə getmişdir. Orada ona bildirildi ki, karantin rejimi ilə əlaqədar olaraq içəri 50 nəfərdən artıq adam buraxılmır. Məscidin darvazasından ayrılıb yolun qırağında gözləmiş, daha sonra isə evə getmişdir. 26.08.2021-ci ildə mobil telefonuna zəng gəldi, tanımadığı şəxs ona bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindəndir. Həmin şəxs onu bölməyə dəvət etdi. Səbəbini soruşduqda o, ona bildirdi ki, telefon söhbəti deyil, bölməyə gəl. Bölməyə getmiş və bölmədə onu Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis leytenantı X4 qarşıladı və birbaşa orada olan polis əməkdaşına bildirdi ki, buna bir protokol yaz, məscid məsələsidir. O, bununla razılaşmamış və bölmədən çıxmışdır. 28.08.2021-ci ildə o, ona yenə də zəng etmiş və bölməyə çağırmışdır. Lakin bu dəfə bölməyə getmədi. O, ona bildirdi ki, gəlməsən də sənə protokol yazılacaq. Bundan sonra mobil nömrəsinə ASAN PAYdan mesaj gəldi ki, 200 manat cərimə olunub. Bölməyə gedib qərarı bölmədən aldı. Nəyə görə cərimə yazılması məlum deyil. Qərarla razı deyil, ona istinad olunan inzibati xətanı törətməmişdir və İXM-nin 211.1-ci maddəsinin tələbini pozmamışdır, əməlində inzibati xəta tərkibi yoxdur. Barəsində tərtib olunmuş qərar qanunun tələbinə ziddir və əsassızdır. Ona görə də barəsində tərtib olunmuş 28.08.2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi tərəfindən 28.08.2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 19.08.2021-ci il tarixdə Sumqayıt şəhər, 6-cı mikrorayonda yerləşən Cümə məscidi qarşısında 10 nəfərdən artıq bir qrup şəxs toplaşdığı üçün karantin rejimi qaydaları pozulmuşdur. Həmin şəxslərdən biri X3 olmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi tərəfindən 28.08.2021-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X5 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozduğundan 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət,prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin izahatı və iş materiallarından müəyyən olunur ki, X3 məscidə gedən zaman karantin rejimi ilə əlaqədar olaraq içəri 50 nəfərdən artıq adam buraxılmadığını öyrəndikdən sonra məscidin darvazasından ayrılıb yolun qırağında gözləyib bir qədər sonra evə getməsinə baxmayaraq barəsində 28.08.2021-ci il tarixli MN №1138889 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28.08.2021-ci il tarixli MN №0571383 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 28.08.2021-ci il tarixli MN №1138889 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28.08.2021-ci il tarixli MN №0571383 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 28.08.2021-ci il tarixli, MN №0571383 saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar