Məhkəmə qərarları › İş №3(060)-2934/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2934/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2934/2024 29.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 noyabr 2024-cü il tarixli MN1746780 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs xx.xx.2023-cü il tarixli 8İ-26871 nömrəli və xx.xx.2023-cü il tarixli 8İ-26873 nömrəli icra sənədlərinə üzrə 10730 manat pulu üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 bildirmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına Sumqayıt Asan Xidmət Mərkəzindən xx.xx.2023-cü il tarixli iki icra sənədi daxil olmuş, eyni gündə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu İdarəyə dəvət olunmuş, hüquq və vəzifələri ona izah olunmuş və xx.xx.2023-ci il tarixində icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərar və tələbin könüllü ödənilməsi barədə bildiriş borclu şəxsə təqdim olunmuşdur. Borclu icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə məhəl qoymadığına görə xx.xx.2023-cü il tarixində onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş, məhkəmənin qərarına əsasən 500 manat cərimə olunmuşdur. Borclu tərəfindən məhkəmə qərarı təkrar icra edilmədiyindən xx.xx.2024-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş, məhkəmənin qərarına əsasən o, 15 gün inzibati qaydada həbs edilmişdir. İcra sənədi 3 gündür onun icraatına daxil olmuş, icra materialları ilə tanış olmuş, borclu şəxs İdarəyə dəvət olunmuş, könüllü olaraq İdarəyə gəlmiş, borcunun ödənilməsi ona izah olunmuş, bu günə hər iki icra sənədi üzrə 100 manat ödəniş etməyə imkanı olduğunu bildirmiş, tələbkar isə həmin məbləğə razılaşmamış, bir il yarım müddət ərzində hər icra sənədi üzrə cəmi 160 manat ödəniş etdiyini bildirmişdir. Bu günədək iki icra sənədi üzrə 320 manat ödəniş olunmuş, tələbkar bunu etiraf etmiş, borclu isə başqa iddia irəli sürmüş, lakin icra sənədinin içərisində sənədlər olmadığına görə həmin məbləğə istinad edə bilmir. Nəticədə 10730 manat borc yaranmışdır. Borclunun əməlində qərəz olduğu üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Protokolun təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, kirayə müqaviləsinə əsasən kirayədə yaşayır, imkanı olmadığı üçün 1500 manat kirayə borcu yaranmışdır. İki icra sənədi üzrə X4 və onun yoldaşına ümumilikdə 11000 manat borcu olmuş, həmin borcdan 2000 manat və iki dəfə hər icra sənədi üçün 160 manat olmaqla, cəmi 320 manat ödəniş etmişdir. Onların arasındakı mübahisəyə Bakı şəhəri Yasamal RPİ-də baxılmış və sonra Bakı şəhəri Qaradağ RPİ-yə göndərilmişdir. Polis İdarəsində Pərvanə xanımdan izahat alınmış və o, 2000 manat pulun ona qaytarıldığını etiraf etmişdir. 2021-ci ildə 2000 manat qaytarmış, sonra 2022-ci ildə Pərvanə xanım yoldaşının narahat olduğunu və onlarla kredit müqaviləsinin bağlanmasını bildirdikdə onlar arasında kredit müqaviləsi bağlanmışdır. Əvvəllər işləmədiyi üçün ödəniş edə bilməmiş, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 500 manat cərimə olunmuş, sonradan “Mirvari City” Kompleksində işə düzəlmiş, tələbkar Pərvanə xanım Kompleksin komendantına zəng edərək ona borclu olduğunu və işdən çıxardılmağını dediyini bildirmişdir. İşlədiyi müddət ərzində hər ay 350 manat əmək haqqı almış, həmin əmək haqqının yarısı, yəni iki ay 160 manat olmaqla, cəmi 320 manat tutularaq tələbkara ödənilmişdir. May ayında yenidən məhkəmə olmuş və o, 15 gün inzibati qaydada həbs edilmişdir. Bundan sonra o, işdən çıxarılmış və ödəniş edə bilməmişdir. Hərbidə işləyən zaman belində 4 ədəd yırtıq əmələ gəlmiş və o, ona görə də, ağır işlərdə işləyə bilmir. İşləmək üçün müraciət etdiyini və dekabr ayının 1-dən işə çıxacağını bildirdi. Borcunu ödəməkdən boyun qaçırmır, işləyən kimi hissə-hissə ödəyəcəkdir. Hazırda hər icra sənədi üzrə 100 manat olmaqla, cəmi 200 manat ödəniş etməyə imkanı olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, məktəbə getdiklərini, ona görə də artıq ödəniş etmək imkanının olmadığını bildirdi. Pərvanə xanımın onun TİR avtomobili sürməsi ilə bağlı dediklərinə cavab olaraq bildirir ki, o, TİR şirkətində təmirə gələn avtomobillərin təmir edilməsi zamanı ustalara nəzarət etmişdir. Onun sürücülük vəsiqəsində olan kateqoriya TİR avtomobilini sürməyə imkan vermir. Himayəsində iki azyaşlı uşağının olmasını, gələcəkdə imkan yaradılsa hər ay 200-300 manat ödəyə biləcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, 2022-ci ildən indiyədək borclu məhkəməyə çağırılan zaman hər ay 200 manat və ya başqa məbləğdə ödəniş edəcəyini bildirir. Yoldaşı əlildir. Borclu istəsə işi olmasa belə, borcu qaytara bilərdi. Çünki o, TİR avtomobii sürür, yaxşı pul qazanır, ailəsini dolandırır, lakin onlara olan borcunu ödəmir. Borclu 15 gün həbs olunduqdan sonra onun anası və qardaşının ona zəng etdiyini, kredit borclarının olduqlarını, onlara sentyabr ayına kimi vaxt verməsini, sentyabr ayında Elçinin işə düzələrək hər ay 500 manat, onlar isə 200 manat, yəni hər ay 700 manat pul ödəyəcəklərini bildirmişlər və o, bununla razılaşaraq borcluya vaxt vermişdir. Lakin, bu günədək heç bir ödəniş edilməmişdir. O, dövlətə və qanunlara arxalanaraq həmin pulu Elçinə verdiyini və o da, imzalayaraq qaytaracağını bildirmişdir. Borc vaxtında qaytarılmadığı üçün həyat yoldaşının əməliyyatı gecikmiş və onun sağ əli və sol ayağı tutulmuşdur. Borclu 2000 manat pulu 2021-ci ildə vermişdir, o pulun bu məsələyə aidiyyəti yoxdur. Borc müqaviləsi 2022-ci ildə bağlanmış və həmin puldan cəmi 160 manat pul ödənilmişdir. Borcun tam ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili X11 bildirmişdir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş üzrə iki iddiaçı var, ümumilikdə hazırda 10742 manat ödənilməmiş məbləğ qalmışdır. İcra məmurunun verdiyi materialdan və iş materiallarında olan materiallardan da məlum olunur ki, həmin iş üzrə borclu barəsində bir dəfə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəmənin qərarı ilə 500 manat cərimə olunmuşdur. Həmin cərimə ödənmədiyi üçün xx.xx.2024-cü il tarixində barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəmənin hakimi Rövşən Xəlilovun qərarına əsasən onun barəsində təyin edilmiş cərimə cəzası inzibati həbslə əvəz olunmuşdur. Məlum olur ki, xx.xx.2024-cü il tarixdən sonra borclu barəsində heç bir hərəkət, yəni çağırılıb izahatı alınmamış və ya başqa hərəkətlər edilməmişdir. Yəni ki, xx.xx.2024-cü il tarixdə borclu barəsində olan hərəkətlərə məhkəmənin qərarı ilə hüquqi qiymət verilmişdir. Ondan sonrakı dövrdə inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs barəsində məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hər hansı qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı heç bir tələb yoxdur. Eyni zamanda başa düşür ki, məhkəmə qərarının təmin olunması icra məmurunun vəzifəsidir. Həmçinin həqiqətən də zərərçəkmiş şəxsin pulu verib geri ala bilmədiyini başa düşür, lakin bunların içərisində borclunu da başa düşmək lazımdır. Zərərçəkmiş izahatında borclunun kirayə yaşadığını və həmin kirayə haqqını ödədiyini bildirir. Bəli gəliri var, çünki Qubadlı rayonundan məcburi köçkün olduğu üçün onun ailə üzvlərinə müavinət verilir, eyni zamanda kommunal pulu və ərzaq pulu da verilir. Amma bu məbləğ dövlət səviyyəsində elə hesablanır ki, ailənin minimum yaşayış səviyyəsini təmin etsin. Bu məbləğ onların yaşayışını təmin etməyə kifayət edir. Borclu özü də bildirdi ki, kirayədə yaşayır, kirayə haqqını ödəyə bilmir, uşaqları azyaşlıdır və məktəbə gedirlər. Həmçinin belində yırtığı olduğu üçün ağır işlərdə işləyə bilmədiyini də bildirmişdir. Göstərilən xüsusatlarda icra məmurunun qanuni tələblərini yerinə yetirməmə yoxdur. Borclu borcu olduğunu etiraf edir, lakin onu qaytarmağa imkanı olmadığını bildirir. Borclunun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Qeyd olunanlara əsasən onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-26871 nömrəli icra qeydinə əsasən borclu şəxs Şəxs cəmi 5525 manat borc tələbkar X6 xeyrinə tutulmalıdır. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-26873 nömrəli icra qeydinə əsasən borclu şəxs Şəxs cəmi 5525 manat borc tələbkar X6 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-26871 nömrəli icra sənədinə əsasən icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan borclu qismində Şəxs tərəf olduğu Sumqayıt regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin 8İ-26871 nömrəli, xx.xx.2023-cü il tarixli və Sumqayıt regional “Asan Xidmət” mərkəzində Notariat ofsinin 8İ-26873 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs həmin bildirişi xx.xx.2023-cü il tarixində rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)-2225/2023 nömrəli qərarından görünür ki, Şəxs yuxarıda qeyd olunan, ümumi icraatda birləşdirilmiş icra sənədindəki tələbin yerinə yetirilməməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1018/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materialarında olan cari hesaba mədaxil qəbzlərindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə icra sənədləri üzrə zərərçəkmiş şəxslər X8 80 (səksən) manat və X1 80 (səksən) manat ödəniş etmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş icra məmurunun, zərərçəkmiş şəxsin və borclunun vermiş olduğu izahatlar, o cümlədən icra sənədinə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur. Məhkəmə hesab edir ki, göründüyü kimi borculunun hələ də, ödənilməmiş kifayət qədər məbləğdə borcu var və sonuncunun işləməməsi onun məsuliyyətdən kənar qalması üçün əsas deyildir. Belə ki, Şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq həbsdən azad olunduqdan sonra icra məmuru tərəfindən yenidən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət edilənədək zərərçəkmiş şəxslərə heç bir ödəniş etməmişdir. O, barəsində inzibati xəta haqqında protokolla məhkəməyə müraciət olunacağını bildikdə İcra İdarəsində və məhkəmə baxışı zamanı hər icra sənədi üzrə 100 (yüz) manat ödəniş etməyə imkanının olduğunu bildirmişdir. Bu da onun göstərir ki, borclu qərarın icrasından qərəzli boyun qaçırmadığını sübuta yetirmək üçün bu addımı atır. Lakin, borclunun borcu ödəməsi üçün kifayət qədər vaxtı olmuş, lakin borclunun həmin müddətdə deyil, məsuliyyətə cəlb olunma ehtimalı olduqda ödəniş etmək istəməsi onun tərəfindən məsuliyyətini yüngülləşdirmək və ya yayınmaq üçün edilmiş hərəkətdir və məhkəmə borclunun bu hərəkətini, yəni borclunun icra sənədləri üzrə borcundan hissə-hissə olsa da, ödəniş etmək imkanının olduğu halda ödəniş etməməsini icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-cü maddəsinə əsasən Şəxs 2 (iki) azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 29 noyabr 2024-cü il tarixdən saat 12.00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 29 noyabr 2024-cü il, saat 12.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar