Məhkəmə qərarları › İş №3(060)-2935/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2935/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2935/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin polis sahə rəisi Tahir Şahhüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, xx.xx.1972-ci ildə Gədəbəy rayonu, Gödəkdərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Gədəbəy rayonu, Gədəbəy şəhəri, X3 küçəsi, ev 41 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi ev ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 13 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 22.30 radələrində Polis Bölməsində olan zaman sərxoş vəziyyətdə uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, ictimai qaydanı və ictimai təhlükəsizlik tələbini pozaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin polis sahə rəisi Tahir Şahhüseynov izahatında bildirmişdir ki, 12 noyabr axşam saatlarında Zərərçəkmiş şəxs 102 Xidmətinə müraciət edərək keçmiş ərinin onun evində münaqişə yaratmasını bildirmişdir. Bundan sonra əməliyyat qrupu ilə birlikdə həmin ünvana gedilmiş və Şəxs sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Buna görə də, o Sumqayıt RND müayinəsinə göndərilmiş və sərxoşluq vəziyyəti öz təsdiqini tapmışdır. Bundan sonra Şəxs həmin tarixdə Polis Bölməsinə gətirilmişdir. O, bölmənin normal iş fəaliyyətini, ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmuş, ünvansız nalayiq ifadələr işlətmişdir. Beləliklə, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs evində həyat yoldaşına qarşı nalayiq ifadələr işlətmiş, daha sonra Polis Bölməsinə gətirildikdən sonra yenə ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Lakin hadisə anının görüntülərini əldə etmək mümkün olmamışdır. Məhkəmədən Şəxs qeyri-səmimi ifadələr verməsini, ifadələrində ziddiyyət olmasını, qeyri-etik davranışlarına davam edəcəyinin nəzərə alınmasını və barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin gün içkili olduğu üçün özünü təqsirli bilir. Zərərçəkmiş şəxs ilə övladına görə aralarında mübahisə yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs 102 Xidmətinə müraciət etmiş və polis əməkdaşı onun evinə gələrək onu Polis Bölməsinə aparmışdır. Polis Bölməsində 1 gün qalmış və səhəri gün ona məhkəməyə getməli olduğu bildirilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis Bölməsində ünvansız nalayiq ifadələr işlətməmişdir, sadəcə izahatı alınmışdır. Polis Bölməsində ona verilən izahatı oxumadan imzalamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilməyib, həmçinin, o polis əməkdaşlarına təzyiq göstərməyib. Həmin gün 3-4 stəkan spirtli içki qəbul etmişdi. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən inzibati cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildimişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. O, Polis Bölməsində ünvansız nalayiq ifadələr işlətmədiyini bildirir. Eyni zamanda onun ünvansız nalayiq ifadələr işlətməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs təqsiri onun izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi evində olarkən keçmiş həyat yoldaşı Şəxs içkili şəraitdə evdə münaqişə yaradaraq onu və qızını narahat edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində içkili vəziyyətdə evdə münaqişə yaranmış və İlqar onu və qızını təhqir etmişdir. Onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025ci il tarixdə saat 22.00 radələrində evdə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında münaqişə olmuşdur. Zərərçəkmiş şəxs bu barədə 102 xidmətinə müraciət etmişdir. Bu səbəbdən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları sərxoş olması səbəbi ilə onu ilk olaraq RND-yə daha sonra polis bölməsinə gətirdilər. Əsəbi və içkili olduğu üçün polis bölməsində ünvansız olaraq uca səslə nalayiq ifadələr işlətdi. Həmin zaman polis əməkdaşları ona yaxınlaşdı və qanunlara riayət etməsi ilə bağlı xəbərdarlıq etdilər. Törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcək. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23.15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli A/2587 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə görə Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Beləliklə, Şəxs əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şəxs polis bölməsində nalayiq ifadələr işlətməməsi məzmununda verdiyi izahatı özünü müdafiə xarakterlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 32-ci əsasən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamış, əməli törədərkən sərxoş vəziyyətdə olması İXMin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 (əlli) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar