Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2937/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 101 olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.4cü maddəsinə əsasən 10 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs MMC-nə (Bakı Klinikası) məxsus klinikada planlı yoxlama zamanı sertifikasız praktiki tibb fəaliyyəti (X3 massaj üzrə mütəxəssis - diplom üzrə mamaçılıq) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXMnin 215.4-cü maddəsinə əsasən tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 11 noyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması 22 noyabr 2022-ci il tarixə təyin olunmuş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edildiyindən işin baxılması 06 dekabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-də planlı yoxlama həyata keçirmişlər. Planlı yoxlama zamanı 3 sual araşdırılmış, yalnız biri, tibb işçisinin sertifikasız tibb fəaliyyəti ilə məşğul olması müəyyən olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazla bağlı bildirdi ki, şəxslər masaj üzrə mütəxəssislər kimi fizioterapiya şöbəsində sertifikatsız fəaliyyət göstərmişlər. İş materiallarına əlavə edilmiş, öz imza və möhürləri ilə təsdiq edilmiş siyahıdan görünür ki, fizioterapiya şöbəsində masaj üzrə mütəxəssislər fəaliyyət göstərir. Bunlar adi masaj deyil, tibbi masajdır. Onların fəaliyyəti praktiki tibb fəaliyyəti hesab olunur və buna görə də Səhiyyə Nazirliyi tərəfindən protokol tərtib edilmişdir. Əmək Məcəlləsində və “Sertifikasiya keçirilməsi haqqında” Nazirlər Kabinetinin qaydalarına əsasən praktik tibb fəaliyyəti ilə məşğul olan tibb və əczaçılıq fəaliyyəti göstərən şəxslər sertifikasiyadan keçməlidirlər. Sertifikasiyadan keçəcək şəxslərin siyahısının hazırlanması Səhiyyə Nazirliyinə tapşırılmışdır. Həmin vaxt həmin şəxslərin siyahısı tərtib edildi, lakin hansı vəzifələr sertifikasyadan keçməlidir deyə anlayış yoxdur. Tibbi praktika fiziki, fərdi şəxsin məşğul olduğu fəaliyyətdir, praktiki tibbi fəaliyyətlə bağlı isə qanunvericilik konkret anlayış vermir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil etiraz ərizəsini müdafiə edərək bildirdi ki, Səhiyyə Nazirliyinin istinad etdiyi hər hansı bir normativ akt yoxdur. Onların əsaslandığı sənəd yalnız şəxsi mülahizələridir. Əgər onların məntiqi ilə düşünülsə, orada işləyən qeydiyyatçı, operator, xadimə də cərimələnməlidir. Səhiyyə Nazirliyi protokolu tərtib edərkən istinad etdiyi qərarı, normativ aktı göstərməlidir, lakin belə bir normativ akt yoxdur. Sertifikasiyadan keçməli olan vəzifələr konkret olaraq müəyyənləşdirilməyib. İşçi tibbi masajla məşğul olmur, o sadəcə masaj üzrə mütəxəssisdir. Şəxs MMC-nin fəaliyyətində hər hansı bir inzibati pozuntu olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 910 №-li qərarından görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ünvan 2 ünvanda olan Şəxs MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan X4 planlı (növbəti) yoxlama keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 526 №-li aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 910 №-li qərar ilə, 11:00-da Şəxs MMC-də yoxlama başlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsnini 49-cu maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Q a y d a s ı n ı n 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq qeyd edir ki, Şəxs MMC-yə məxsus tibb müəssisəsində çalışan tibb işçinin sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması öz təsdiqini tapmış, Şəxs MMC-nin fəaliyyəti peşakar tibbi yardım göstərilməsi olduğundan, klinikanın reabilitasiya şöbəsində müvafiq sertifikat olmadan masaj xidmətlərinin göstərilməsinə icazə verən hüquqi şəxsin əməli Azərbaycan Respublikasının İXM-in 215.4-cü maddəsinin tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi etirazına gəldikdə məhkəmə vurğulayır ki, masaj xidməti göstərilən istirahət yerlərindən fərqli olaraq, Şəxs MMC xüsusi lisenziya əsasında tibbi fəaliyyətlə məşğul olur və tibb müəssisəsinin rəabilitasiya şöbəsində masaj xidməti praktik tibbi yardım sayılır və həmin xidmətin göstərilməsi üçün işçilərin sertifikasiyadan keçməsi tələb olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar ilə tam sübut olunur. İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 215.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 101 olan və ünvan 2 ünvanda fəaliyyət göstərən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000,00 (altı min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2937/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2937/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver