Məhkəmə qərarları › İş №3(060)-2937/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2937/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2937/2024 29.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs “Bank VTB (Azərbaycan”) ASC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1954-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, Yardımlı rayonu, Vərgədüz kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə,ev 197 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2077/2021 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 2077/2021 saylı icra sənədinə əsasən Cavabdehlər X10, Şəxs oğfu, X12 oğlu, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, X6, X7, sonuncunun yetkinlik yaşına çatmayan övladları X9 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilməli, onlar yaşayış sahəsindən çıxarılmalı, həmin ev borclular tərəfindən boşaldılmalı, iş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10,40 manat cavabdehlər X10, Şəxs, X12 oğlu, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, X6 və X2 alınaraq iddiaçı «Bank VTB (Azərbaycan)» ASC xeyrinə tutulmalıdır. İş üzə xx.xx.2021-ci ildə icraata başlama barədə qərar qəbul edilmişdir. İcra sənədinin icra edilməsi barədə dəfələrlə Şəxs xəbərdarlıq edilmiş və icranın təmin edilməsi üçün bir neçə dəfə qeyd edilən ünvanda olmuşlar. Lakin, müxtəlif səbəblərdən icra prosesi baş tutmamışdır. Bu gün yenidən icranın təmin edilməsi üçün həmin ünvanda olmuşlar. Lakin, Şəxs yaşayış yerinin olmamasını bildirərək evi boşaltmaqdan imtina etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o tələbkar banka müraciət edərək ona vaxt verilməsini xahiş etmişdir. Hazırda yeddi nəfər ailə üzvü ilə gedə biləcəkləri yer yoxdur. Ona yaz aylarına qədər vaxt verilərsə yaşamağa yer tapa bilər və evi boşaldar. Göstərilən halları nəzərə alaraq ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs “Bank VTB (Azərbaycan”) ASCnin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2077/2021 saylı icra sənədinin icrasından qərəzli olaraq yayınır. Uzun müddətdir ki, vaxt istəyərək evi boşaltmaqdan imtina edir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs başqa yaşayış yeri yoxdur. Qış aylarında yeddi nəfər ailə üzvü ilə gedə biləcəkləri yer yoxdur. İcra sənədinin icra edilməməsi Şəxs qərəzli münaibəti ilə bağlı deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2077/2021 saylı icra sənədindən görünür ki, cavabdehlər X10, Şəxs oğfu, X12 oğlu, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, X6, X7, sonuncunun yetkinlik yaşına çatmayan övladları X9 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilmiş, onların yaşayış sahəsindən çıxarılmalı, həmin ev boşaldılmaıə, iş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10,40 manat cavabdehlərdən alınaraq iddiaçı «Bank VTB (Azərbaycan)» ASC xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2077/2021 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2077/2021 saylı icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2021-ci il tarixdə Şəxs təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2077/2021 saylı icra sənədinə əsasən X10, Şəxs oğfu, X12 oğlu, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, X6, X7, sonuncunun yetkinlik yaşına çatmayan övladları X9 və X4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilmiş, onların yaşayış sahəsindən çıxarılmalı, həmin ev boşaldılmaıə, iş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10,40 manat cavabdehlərdən alınaraq iddiaçı «Bank VTB (Azərbaycan)» ASC xeyrinə tutulmalıdır. İş üzə xx.xx.2021-ci ildə icraata başlama barədə qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə bildiriş xx.xx.2021-ci il tarixdə borcluya təqdim edilmişdir. Lakin, borclu bu günədək icra sənədində göstərilən tələbi icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar