Məhkəmə qərarları › İş №3(060)-294/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-294/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-294/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: Şəxs barəsində 25 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 25 yanvar 2022-ci il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, 01.01.2018-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1346/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədi üzrə 4.945,00 manat aliment borcunu ödəmir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi göstərilsə də, İXM-nin 528.1-ci maddəsinin mahiyyətinə uyğun Şəxs törətdiyi inzibati xətanın mahiyyəti protokolda düzgün qeyd edilməmişdir. Məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokolun xətanın mahiyyətinə aid hissəsində qeyd edilən “Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7753/2018 saylı, 01.01.2018-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1346/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədi üzrə 4.945,00 manat aliment borcunu ödəməməsi” ifadəsi İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədini üzürsüz səbəbdən icra etməməsi göstərilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar