Məhkəmə qərarları › İş №3(060)-2941/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2941/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2941/2024 29.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Yadigar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxslər – X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, İmamverdili Ərazi Dairəsi, İmamverdili kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:45 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Şəxs qonşusu X1 tutub dartmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5 PB-nin sahə rəisi, polis mayoru X5 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yaşayan Şəxs və X6 arasında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs saçından tutub dartmışdır. Bu barədə təhqiqat araşdırması aparılmış, İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilməsi üçün icraatına verilmişdir. O, hadisə yerinə getməmişdən öncə DİN-nin 102 xidmətinə zəng olunaraq şikayət edilmiş, həmin şikayətlə bağlı zərərçəkmiş şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş və cərimə olunmuşdur. Zərərçəkmiş şəxs Ayşən xanımın xalası ilə mübahisə etmiş, Ayşən xalasını müdafiə etmək məqsədi ilə araya girmiş, bu zaman Jalə xanımın saçından tutub dartmış, başqa heç bir şey baş verməmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, zərərçəkmiş şəxs xalasının qonşusudur. Həmin gün xalasıgilə getmiş, o, getməmişdən öncə xalası ilə zərərçəkmiş şəxs arasında bilmədiyi səbəbdən mübahisə olmuş, xalası sahə rəisini çağırdığını bildirmişdir. Xanım ona qarşı söyüş söymüş, sahə rəisi gəldikdən sonra xanımla aralarında mübahisə yaranmış, xanım onun üzərinə gəldiyindən o da xanımın saçından tutub dartmışdır. Başqa heç bir şey olmamışdır. Məhkəmədən barəsində tənbeh tətbiq edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Ayşənlə xalası qonşuluqda onun barəsində danışmış, o da onların səsini eşitməmək üçün musiqiyə qulaq asırmış, bu zaman oğlu onun yanına gələrək qonşudakı şəxslərin onun haqqında danışdığını demiş, o da pəncərəni açaraq onların dediklərinə cavab qaytarmış, daha sonra onu həyətə çağırmışlar. Mübahisə Ayşənin xalası ilə olsa da, ona xəsarət yetirən Ayşən olmuşdur. Ayşən onun saçından tutub dartmışdır. Onda qıcolmalar olduğundan tez-tez yıxılıb xəsarət alır. Həmin gün axşam 8-9 radələrində onda qıcolma baş vermiş və yıxılaraq xəsarət almışdır. Hadisə xx.xx.2024-cü il tarixdə günorta saatlarında baş vermiş, axşam saat 5-6 radələrində ekspertizadan keçmək üçün getmiş, lakin həkim orada olmadığından səhərisi gün, yəni xx.xx.2024-cü il tarixdə onu yoxlayıb rəy vermişlər. Əslində onun mübahisəsi Ayşənin xalası ilə olmuş, lakin Ayşən onların arasına girmişdir. Onun şikayəti Ayşənin xalasındandır. Məhkəmədən Şəxs cəza tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla X4 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 5-ci PB-yə təqdim edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1785 saylı rəyindən görünür ki, X4 bədəni üzərində “sol dirsək oynağının arxa səthinin sıynğı, təpə nahiyyəsinin dərialtı yumşaq toxumalarının şişkinlik fonunda əziyi“ xəsatərləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nm zədə mənitəqəsinə müraciət etdiyi vaxdan bir gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə 11.10.24-cü il tarixdə əmələ gələ bilərdi, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə həm ümumilikdə eləcə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətlərin Şəxs tərəfindən yetirilməsi sübuta yetirilməmişdir. Belə ki, zərərçəkmiş şəxs ifadəsində hadisə olan gün səhhətində olan digər problemlə əlaqədar yıxılaraq xəsarət aldığını qeyd etmiş və tibbi müayinədən hadisədən bir gün sonra keçmişdir. Bununla da məhkəmə-tibbi ekspertizasının rəyində qeyd olunan xəsarətlərin məhz Şəxs tərəfindən yetirilməsini təsdiq edəcək sübut mövcud deyildir. Eyni zamanda ekspertiza rəyi əsasında qeyd olunan xəsarətlərin barəsində inzibati protokol tərtob edilən şəxs tərəfindən yerinə yetirilməsini təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati işin araşdırılan hallarında görünür ki, Şəxs zərərçəkmiş şəxsi döyməsi faktı sübuta yetirilmir və ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar