Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2942/2022 12.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru R.Hüseynovun iştirakları ilə, xx.xx.1962-ci ildə Qubadlı rayonu, Əyin kəndində anadan olmuş, ali təhsilli, işləməyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə etdiyi avtomaşını ilə hərəkətdə olan zaman YPX əməkdaşına qarşı kobudluq edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası DİN-nin umqayıt ŞPİ-nin 4cü PB-nin sahə rəisi, polis mayoru R.Hüseynov izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində polisin qanuni tələblərinə məhəl qoymamış, mübahisə etmiş, polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis əməkdaşını itələmişdir. Buna görə də Şəxs barəsində 11 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq bildirdi ki, həmin gün Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən yol hərəkəti nişanının tələblərini pozmuşdur. Bunu görən YPX əməkdaşları ona saxlama işarəsi vermiş o, idarə etdiyi avtomaşını saxlamış və polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək yol hərəkət nişanı qaydalarını pozduğunu bildirmiş və sənədlərini təqdim etməsini təklif etmişdir. O, cümə namazına tələsdiyindən sənədləri təqdim etməkdən imtina etmiş və polis əməkdaşına kompüter vasitəsilə yoxlamasını demişdir. Bu zəmində polis əməkdaşı ilə arasında mübahisə yaranmış, polis əməkdaşı onun ünvanına xoşagəlməz sözlər dediyi üçün o, da polis əməkdaşlarına eynilə cavab vermişdir. Bu zaman mübahisə böyümüş, PPX əməkdaşları həmin yerə gələrək onu Polis Bölməsinə aparmışdırlar. Qeyd edilən halların məhkəmə tərəfindən nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Şakir Əli oğlunun əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətlərinin məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyini bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Polis baş serjantı X5 öz izahatında bildirdi ki, Yol Patrul Xidmətinin inspektoru vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13.00 radələrində xidmətdə olarkən şəxsiyyəti ona sonradan məlum olan Şəxs idarə etdiyi avtomaşınla hərəkətdə olarkən yol hərəkəti nişanının qaydasını pozduğunu görmüş və həmin şəxsdən avtomaşını saxlamasını tələb etmiş, sonuncu avtomaşını saxlamışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sürücüyə yol hərəkəti qaydasını pozduğunu bildirərək sənədlərini təqdim etməsini təklif etmişdir. Bu zaman sürücü Şəxs sənədləri təqdim etməkdən imtina edərək idarə etdiyi avtomaşının dövlət qeydiyyatlı nömrəsinin göründüyünü və həmin nömrə vasitəsilə kompüter sistemindən məlumatların əldə edilməsinin mümkünlüyünü bildirmişdir. O, məlumatların dəqiqləşdirilməsi üçün sürücüyə gözləmisini dedikdə isə sonuncu avtomaşını hərəkət etdirməyə çalışmış, o, təkrarən sürücüdən avtomaşını saxlamasını tələb etmişdir. Bu zaman sürücü Şəxs onunla mübahisə edərək tabe olmamış, nalayiq ifadələr işlətmiş, polis əməkdaşını itələmiş, bu zəmində mübahisə böyümüşdür. Bu səbəbdən PPX əməkdaşlarını köməyə çağırmağa məcbur olmuşdurlar. PPX əməkdaşlarının köməyi ilə Şəxs Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Polis serjantı X8 öz izahatında bildirdi ki, PPX taborunda polis nəfəri işləyir. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən YPX-nin çağırışına əsasən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinə getmişlər. Hadisə yerinə gedərkən vətəndaş Şəxs YPX əməkdaşlarına tabesizlik göstərdiyini, əl-qol hərəkətləri edərək polis əməkdaşını itələdiyini, polislərin ünvanına nalayiq sözlər dediyini görüb və eşitmişdir. Hətta o, şəxsən Şəxs sakitləşməsini və xidməti avtomaşına əyləşməsini təklif etsə də, sürücü aqressiv hərəkətlər nümayiş etdirərək tabe olmamışdır. İş materiallarını araşıdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi və şahidləri dinləyərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati iş materialları ilə təsdiq olunur. Onun özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri növündə həbs tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 noyabr 2022-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuş, 12 noyabr 2022-ci il tarixdə saat 11:30 radələrində azad edilmişdir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılmaqla inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34, 114,115, 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə q ə r a r a a l dı : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 noyabr 2022-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X4 tərəfindən göstərilmiş 02 saat hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №3(060)-2942/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2942/2022
12.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver