Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2943/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi Ramil Hüseynovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, telefon ustası işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2N: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Ramil Hüseynov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Ramil Hüseynov protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində günorta saatlarında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri “Alfa” telefon mağazasında döyərək dərəcəsi məlum olmayan xəsarət yetirmişdir. Hazırda zərərçəkmiş şəxs Şəxslə barışmaq istəmədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq tərtib edilmiş protokol üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanın törədilməsində özünü təqsirli bilmədiyini qeyd etmiş, izahatında göstərmişdir ki, o, “Alfa” telefon mağazasında usta kimi təmir işləri ilə məşğuldur. O, xx.xx.2025-ci il tarixdə işdə olarkən günorta saatlarında Zərərçəkmiş şəxs dükana yaxınlaşmış, dükanda və ətrafda olan şəxslərin eşidəcəyi şəkildə hay-küy salmağa başlamış, onu rüsvay etmişdir. O, Zərərçəkmiş şəxs yüksək səslə danışmağının qarşısını almaq məqsədi ilə onu itələyərək, qolundan tutub çölə çıxartmışdır. Zərərçəkmiş şəxs hər gecə uşaqlarının telefonu ilə zəng edib onun ailəsinə söz-söhbət saldığı üçün nömrələrini blok etmişdir. O, ikinci dəfə ailə qurmuşdur və 3 azyaşlı uşağı vardır. O, hər iki ailəyə baxmağa çalışdığını, alimenti vaxtı-vaxtında ödədiyini və gündəlik olaraq uşaqlara pul verdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs dükana gələrkən ilkin olaraq özünün 102 zəng xidmətinə xəbər verməməsinə görə təəssüf etdiyini bildirmişdir. Məhkəmədən qeyd olunanları və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2018-ci ildə Şəxs ilə ayrılmışdır. O, əvvəllər Şəxs aliment tələb etməmişdir. Uşaqları tətildə Şəxs işlədiyi telefon mağazasına gedirdi və ataları da onlara gündəlik olaraq 5-10 manat pul verirdi. Sonra oğlu gəlib atasının pul üçün onun yanına gəldiyini və artıq onun yanına gəlməməsini söylədiyini bildirmişdir. Uzun müddətdir Şəxs uşaqları ilə maraqlanmamış, uşaqlar atasına yazmaq istəyəndə onları telefonda blok etmişdir. O, da Şəxs uşaqlara olan bu münasibətinə görə xx.xx.2025-ci il tarixdə uşağı məktəbə qoyduqdan sonra telefon mağazasına yaxınlaşmışdır. O, özünün gecə smeni işlədiyini, uşaqlara lazımi qədər vaxt çatdırıb baxa bilmədiyini bildirmiş, Şəxs uşaqlarına onun da baxmalı olduğunu, uşaqların ata nəvazişinə həsrət qaldığını bildirmişdir. Bu zaman Şəxs onun saçından tutub üzünə vurmuşdur. O da əsəbləşərək mağazada olan vitrinin üzərindəki qutuları yərə dağıtmışdır. Daha sonra Şəxs onu arxadan təpiklə ayağına vurmuşdur. Bundan sonra hadisə ilə bağlı 102-yə zəng etmişdir. Həmçinin, Şəxs onu təhdid etdiyini bildirmiş, məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 hadisənin ailə münaqişəsi zəminində baş verdiyini və müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 13:26-da DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edərək keçmiş əri tərəfindən döyülməsi barədə məlumat vermişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:26 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində “Alfa” telefon mağazası yaxınlığında Şəxs keçmiş həyat yoldaşını döyüb xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1641 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: sağ əlin sıyrığı, sağ budun bayır səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi inkar olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd olunaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-yə göndərilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vurması təhqiqat zamanı özünün verdiyi izahatla, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatı işin halları ilə təkzib edilir. Belə ki, barəsində icraat aparılan Şəxs izahatını təsdiq edəcək sübutlar mövcud deyildir. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2943/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2943/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver