Məhkəmə qərarları › İş №3(060)-2946/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2946/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2946/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 111 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-503/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu barəsində xx.xx.2024-cüil tarixdə axtarış elan edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu polisdə qeydiyyatdadır və bildiriş həmin ünvana göndəriliyi üçün poçt vasitəsi ilə çatdırma olmamışdır. Borclunun adına olan mobil nömrələrə SMS bildiriş də göndərilmişdir. Lakin, hazırda borclunun faktiki istifadəsində olan ********** saylı mobil nömrəyə SMS bildirişin göndərilməsi ilə bağlı hər hansı sənəd təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra digər məhkəmə hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, sonuncu cəzaya məhkum ediləndə üzərində olan elektron nəzarət vasitəsi Polis İdarəsində polis əməkdaşları tərəfindən çıxarılmışdır. Nəzarət vasitəsi Polis İdarəsində, yaxud oradan götürülmüşsə Probasiya Şöbəsində itirilmişdir. Bundan sonra barəsində mülki qaydada məhkəməyə müraciət edilməsi və müvafiq qətnamənin çıxarılmasından xəbəri olmamışdır. İş icrada olanda da bu barədə məlumatsız olmuşdur. Yalnız bu gün axtarışla bağlı onu icra idarəsinə dəvət etdikdə bu barədə məlumatlı olmuşdur. O məhkəmənin qətnaməsini götürüb apellyasiya şikayəti verəcək. Göstərilənlərə nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, işin hallarından da hüquqlarını müdafiə etdiyi şəxsin heç bir təqsirinin və ya qərəzinin mövcud olmadığı görünür. Belə ki, şəxsin məhkəmənin qətnaməsinin qəbul edilməsi ilə bağlı məlumatı olmamışdır. Şəxsin həmin məhkəmə qətnamədən apellyasiya şikayəti vermək hüququ var. Eyni zamanda nəzərə almaq lazımdır ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədindən bu gün məlumatlı olmuş və daha öncədən məlumatlı olması barədə icra məmuru tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş bu gün verilmiş, yəni borclu tərəfindən tələbin icra edilməsi barədə “İcra haqqında” Qanunda nəzərdə tutulmuş könüllü icra müddəti gözlənilməmiş və dərhal inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-503/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-503/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, bildiriş Sumqayıt şəhəri, Nizami küçəsi, ev 111 ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi barədə öncədən lazımi qaydada məlumatlandırılmasını təsdiq edən müvafiq sübutlar olmadan borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edildiyi gün onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, tələbin könüllü icrası barədə bildiriş borclunun faktiki olaraq yaşadığı ünvana deyil, onun qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmişdir. Elektron icra sistemindən göndərilmiş SMS bildirişin onun hazırda faktiki olaraq istifadəsində olan ********** saylı mobil nömrəyə göndərilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İcra məmuru isə borclunun adına qeydiyyatdan keçmiş mobil nömrələrə SMS bildiriş göndərilməsini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yalnız borclunun adına qeydiyyatdan keçmiş mobil nömrələrə SMS bildiriş göndərilməsi onun lazımi qaydada məlumatlandırılması kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən mobil nömrə (nömrələr) bu və ya digər səbəbdən onun istifadəsində olmaya bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi icra məmuru borcluya tələbin könüllü icrası barədə bildirşi təqdim etdiyi gün könüllü icra müddətini gözləmədən öz subyektiv mülahizələrinə əsasən borclu barəsində əsassız inzibati xəta haqqında protokol tərtib etmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında Şəxs bu gün icraya gəldiyi vaxtdan əvvəl icra sənədi üzrə məlumatlı olması barədə hər hansı sübut olmadığı üçün onun icra sənədini qərəzli olaraq icra etməməsi qənaətinə gəlmək olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar