Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2953/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi ilə, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İcra sənədi 02 oktyabr 2023-cü il tarixdə icraata qəbul edilmiş və şəxsə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Buna baxmayaraq müvafiq inzibati tənbeh qərarını şəxs qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmçinin tərəfindən şəxsin bu gün də izahatı alınmışdır. Həmin izahatın surətini də təqdim edir. Göstərilən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, barəsində tətbiq edilmiş cərimə ona aid olmamalıdır. Belə ki, əvəllər işlədiyi yerdə onun adına VÖEN açmışlar, bu səbəbdən də müvafiq cərimə onun barəsində tətbiq edilmişdir. Əvvəllər də anoloji hallar olmuş, yəni ona cərimələr yazılmış və həmin cərimələr ödənilmişdir. Hazırda günə muzd işlərlə məşğuldur, ona görə də ödəniş edə bilmir. Həmçinin bildirmişdir ki, hazırda icra məmurunun tərtib etdiyi protokola və barəsində tənbeh tətbiq edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Dənyarov X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs "xxxx" ASC-nin Sumqayıt şəhər filialında hesabı mövcudur. İkinci qrup əlilliyi olmaqla pensiya alır, həmçinin aktiv statusda olan telefon mağazası fəaliyyət göstərir. Lakin, icra məmuru tərəfindən qeyd edilən hallar araşdırılmamış, tələbin qeyd edilən əmlaklar və gəlirlər hesabına ödənilməsi istiqamətində tədbirlər həyata keçirilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən əsassız olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinin tələblərinə uyğun olaraq cərimənin ödənilməsi istiqamətində məcburi icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidmətinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrası istiqamətində məcburi icra tədbirləri davam etdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2953/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2953/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver