Məhkəmə qərarları › İş №3(060)-2957/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2957/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2957/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs-Quliyev Elvin Siyasət oğlunun iştirakı ilə, Quliyev Elvin Siyasət oğlunun Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli AP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli AP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Quliyev Elvin Siyasət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan narazı qalan Quliyev Elvin Siyasət oğlu şikayət verərək Sumqayıt ŞPİ DYPŞ-nin rəisi polis polkovnik-leytenantı X1 29 oktyabr 2022-ci il tarixli AP ******* saylı inzibati tənbehvermə haqqında qərarını ləğv edib, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tənbeh edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Quliyev Elvin Siyasət oğlunun Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli AP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. Quliyev Elvin Siyasət oğlu şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt ŞPİ DYPŞnin rəisi polis polkovnik leytenantı X1 29 oktyabr 2022-ci il tarixli AP ******* saylı qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Qərarın surətini rəsmi qaydada 14 noyabr 2022-ci il tarixdə almışdır. Ona görə də qərardan şikayət vermə müddətini ötürməmişdir. Sürücülük vəsiqəsi 29 oktaybr 2022-ci il tarixdə DYP şöbəsinə təqdim edilmişdir. O 29 oktyabr 2022-ci il tarixdə idarə etdiyi 50BU505 dövlət qeydiyyat nişanlı Toyota Prado minik markalı avtomobili ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində hərəkətdə olarkən Yol Patrul xidməti tərəfindən saxlanılmışdır. Səbəbini soruşduqda isə onun ara məsafəsini düzgün saxlamadığını, qəza şəraiti yaratmasına səbəb olduğunu əsas gətirərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində 3 bal cərimə olunmuşdur. Halbu ki həmin ərazidə olan videogörüntülərə nəzərə yetirilərsə açıq aydın şəkildə müəyyən etmək olar ki, o heç bir qəza şəraiti yaratmamış, ara məsafəsini isə düzgün saxlamışdır. Bu barədə etirazını bildirdikdə isə heç bir yol hərəkəti qaydasını pozmamağına baxmayaraq barəsində inzibati protokol tərtib edilmişdir. Onun protokolla tanış olmağına imkan verilməmişdir. Etirazını bildirdikdə çətinliklə də olsa protokolla razılaşmadığı barədə qeyd edə bilmişdir. Bununla belə protokolun bir nüsxəsi rəsmi qaydada oan təqdim edilməmişdir. Onun bir il ərzində balla qiymətləndirilən inzibati xətaları törədərək 18 bal topladığını əsas gətirərək Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərara alınmışdır. O tikinti işləri ilə məşğul olur. Bu səbəblərdən rayonlara getməli olur. Topladığı ballar radarlara düşərək inzibati xəta törətməyi olmuşdur. Bununla bağlı özünün təqsirli olduğunu bilir. Lakin 29 oktyabr 2022-ci il tarixdə heç bir yol hərəkəti qaydasını pozmamışdır. Odur ki, o özünü həmin inzibati xətanın törədilməsində təqsirli bilmir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs-Quliyev Elvin Siyasət oğlu şikayətdə göstərilənləri müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Sumqayıt Şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Quliyev Elvin Siyasət oğlunun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Quliyev Elvin Siyasət oğlu Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində düzünə hərəkətdə olan nəqliyyat vasitəsini buraxmayaraq yol ayırıcı qaydasını pozaraq geriyə dönüş etmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş diskdəki videogörüntülərə baxış keçirilmiş, həmin görüntülərdə Quliyev Elvin Siyasət oğlunun düzünə hərəkətdə olan nəqliyyat vasitəsini buraxmayaraq yolayırıcını keçmə qaydasını pozması öz təsdiqini tapmışdır. Təqdim edilmiş məlumatlardan görünür ki, Quliyev Elvin Siyasət oğluna törətdiyi inzibati xətalara görə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan dövr ərzində 22 bal hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Beləliklə, Quliyev Elvin Siyasət oğlunun şikayəti əsassız olduğundan rədd edilməlidir. Quliyev Elvin Siyasət oğlu düzünə hərəkətdə olan nəqliyyat vasitəsini buraxmayaraq yolayırıcını keçmə qaydasını pozmuş, son bir il ərzində 20-dən çox bal toplandığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Quliyev Elvin Siyasət oğluna inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Quliyev Elvin Siyasət oğlunun şikayəti təmin edilməsin. Quliyev Elvin Siyasət oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.7-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar