Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2965/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-8031/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 18.200 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq tələbkar X5 ödənilməlidir. Hal-hazırda ödənilməmiş 5055 manat borc var. Qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. İş üzrə daha öncədən də Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmin protokollar əsasında Şəxs barəsində həm inzibati tənbeh tətbiq etmə barədə, həm də iş üzrə icraata xitam verilməsi barədə qərarlar qəbul edilmişdir. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərar Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin, bu müddət ərzində Şəxs yenə də borcu tam ödəməmiş, yalnız xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş etmişdir. Həmçinin sentyabr ayında Şəxs icra idarəsinə çağırsa da gəlməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu işləyir və onun əmək haqqında yönəltmə olmuşdur. Əvvəllər onun əmək haqqından tutmalar olsa da, hazırda əmək haqqından tutma aparılmır. Bununla bağlı iş yeri ilə əlaqə saxlanılmış və müəyyən edilmişdir ki, bir neçə aydır ki, ona əmək haqqı köçmür, ona görə tutma aparılmır. Lakin, qeyd etdiyi kimi borclu şəxsin özü tərəfindən qismən ödənişlər olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsində özünü təqsirli bilmədiyini, hər ay mütəmadi olaraq kifayət qədər böyük məbləğlərdə tələbkara ödənişlər etdiyini bildirmişdir. Məhkəmənin həmin qərarına əsasən onun Rəna Məmmədovaya 18200 manat borcu olmuşdur. İcraat dövründə tərəfindən ödənişlər edilmiş hal-hazırda ümumillikdə 5055 manat borcu qalmışdır. O, heç bir vaxt ödəniş etməkdən yayınmamışdır, hər ay əmək haqqından tutulmalardan əlavə, özü də şəxsən tələbkara ödənişlər etmişdir. Həyat yoldaşı 2022-ci ildə vəfat etmiş, himayəsində olan 4 övladı ilə birlikdə kirayədə yaşayır. İcra məmrunun bütün çağırışlarına vaxtında getmiş, imkanı olmadığı üçün qalıq borcunu tam, yəni birdəfəyə ödəyə bilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü ildə 500 manat ödəniş etmişdir. Hazırda da 200 manat ödəniş etməyə hazırdır. Ötən aylar ərzində elə bir ay olmamışdır ki, ödəniş etməsin. Uşaqlarına tək baxdığı üçün ona dövlət tərəfindən 480 manata sosial yardım ödənilir və həmin pulun üzərinə də qazancından əlavə edərək tələbkarın borcunu qaytarır. Borcun ödənilməsindən yayınmamış və yenə də yayınmır. O heç vaxt icra idarəsinə gəlməkdən yayınmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, Şəxs ona 18200 manat borcu olmuşdur. Borclu tərəfindən ona müəyyən ödənişlər edilsə də borc tam bağlanmamışdır. Hazırda Şəxs ona 5055 manat borcu var. O, borclunun ona olan borcunu tam ödəməməsi icra məmuruna müraciət etmişdir. Borclunun kifayət qədər yaxşı maddi imkanı var, istəsə ödənişi tam edə bilər. Belə ki, onun istifadəsində nəqliyyat vasitəsi və faktiki olaraq yaxşı gəliri vardır. Borclu qərəzli olaraq borcu ödəmir və icradan yayınır. Belə ki, nə vaxt onun barəsində protokol tərtib edilirsə həmin vaxt ödəniş edir. Onun da himayəsində tələbə uşağı var, təhsil haqqı ödəməlidir. Göstərilən halları nəzərə alaraq borcun tam ödənilməsi üçün ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, o maddi imkanı yol verdiyi maksimum həddə mütamadi ödənişlər edir və icra sənədinin icrasından yayınmır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-8031/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs 18.200 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq tələbkar X5 ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-8031/2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-8031/2021-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş, xx.xx.2022-ci ildə borcluya rəsmi qaydada verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 2102/2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-400/2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2102/2024-cü il tarixli qərarı dəyişdirlmədən saxlanılmışdır. Həmin qərarda zərərçəkmiş şəxsin izahatından görünür ki, həmin vaxtdan iki gün öncə ona 500 manat ödəniş edilmişdir. İş materillarına əlavə edimiş Elektron İcra İnformasiya sistemindən əldə edimiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İş materillarına əlavə edimiş Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2005, xx.xx.2009, xx.xx.2011 və xx.xx.2019-cu il təvəllüdlü uşaqları var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Belə ki, borclunun himayəsində təkbaşına böyütdüyü yetkinlikş yaşına çatmayan üç uşağı olmasına baxmayaraq hər ay mütamadi ödənişlər həyata keçirmiş və bu hallar nəzərə alınaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilərkən icra sənədi üzrə 6055 manat ödənilməmiş borc olmuşdur. Bundan sonra isə 28 sentyabr 2024-cü il və 30 oktyabr 2024cü il tarixlərdə hər dəfə 500 manat olmaqla icra sənədi üzrə 1000 manat əlavə ödəniş edilmiş və hazırda 5055 manat borc qalmışdır. Göründüyü kimi borclu tərəfindən hər ay mütamadi ödənişlər həyata keçirilmiş və hazırda da ödənişlər həyata keçirilməkdədir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, borclunun hərəkətləri qərəzli deyil, onun borcu bir dəfəyə tam ödəyə bilməməsi maddi vəziyyəti ilə bağlıdır. Borclu maddi vəziyyətinin imkan verdiyi həddə ödənişlər həyata keçirir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2965/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2965/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver