Məhkəmə qərarları › İş №3(060)-2966/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2966/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2966/2022 17.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* №-li protokoldan görünür ki, Şəxs borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16411/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini üzrsüz səbəbdən və qərəzli olaraq icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs borclu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3284/2021 saylı, 13.10.201-ci il tarixli icra sənədini üzrsz səbəbdən və qərəzli olaraq icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1641/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ondan 2146 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3284/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ondan 500 manat inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Hal-hazırda heç bir yerdə işləmir, qazancı yoxdur, indiyədək icra sənədi üzrə 100 manat ödəniş etmişdir, Online şəkildə e-gov.az portalından işsizliklə bağlı qeydiyyatdan keçmişdir, işlə təmi olunan kimi borcunu ödəyəcəkdir. Ailəlidir, 2 azyaşlı uşağı var. Tələbkara az-az ödəniş etməklə bağlı müraciət etsə də, o pulun hamısının ödənilməsini tələb etmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2021-ci ilin oktyabr ayında eyni protokol üzrə inzibati tənbeh tətbiq edilmişdir. Şəxsin istifadəsində heç bir daşınar əmlakı yoxdur. Şəxs üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, imkanı çatdıqda ödəniş edəcəkdir. Ona görə də, onun hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə 528.1ci maddə ilə iş üzrə icraata xitam verilməli, digər hissə ilə əlaqədar isə şəxsə vaxtında məlumat verilsə idi, o ödəniş edə bilərdi. Ona görə də 529.2-ci maddə ilə ən yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1641/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 2146 ABŞ dolları 42 sent məbləğində borcun, məhkəmə əmrinin çıxarılmasına dair ərizənin verilməsi üçün iddiaçıdan tutulmuş 20 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3284/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 500 manat məblğində cərimə olunmuşdur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1641/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3284/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan borclarını ödəməmişdir. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində 2 uşağının olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi təyin edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar