Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2966/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1986-cı ildə, Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Kürd Mahruzlu kəndi ərazisində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024cü il tarixli, MN1746788 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-234/2024 nömrəli icra sənədi xx.xx.2024-cü il tarixdə İcra İdarəsinə daxil olmuş və icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X1 ərizə ilə müraciət edərək aliment borcunun ödənilmədiyini və borclu barəsində tədbirlər görülməsini xahiş etmişdir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdən başlayaraq bu günədək olan aliment borcu 1980 manat təşkil edir. Borclu sms bildiriş vasitəsilə idarəyə dəvət edimiş, lakin gəlməmişdir. Bu səbədən də barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Bu gün Şəxs polis vasitəsilə idarəyə gətirilmiş və ona aliment borcunun ödənilməsi izah edilmiş, lakin tələbkar tərəfindən uşaqla ünsiyyət hüququna maneə yaradıldığına əsaslanaraq aliment bocunu ödəməyəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən icra məmuru protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında, Şəxs ilə rəsmi qaydada evli olmalarını, Şəxs iki ildir uşağına baxmadığını, hal-hazırda uşaqla birlikdə anasıgildə yaşamasını, alimentin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini, lakin, bu günədək borclu tərəfindən alimentin ödənilmədiyini qeyd etmiş, borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, uşaqla görüşmək üçün altı dəfə qaldıqları evə getmiş, lakin tələbkar uşaqla ünsiyyətə mane olmuşdur. O, aliment ödəməkdən boyun qaçırmadığını, həftənin şənbə və bazar günləri uşaqla görüşərsə aliment ödəyəcəyini, əks halda bir manat da olsa ödəniş etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 izahatında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs öz hüquqlarını dəqiq bilmədiyini, anlaşılmazlıq olduğunu barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN1746788 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borcludan ayda 235 manat tutularaq X3 ödənilməlidir. xx.xx.2024-cü il tarixə olan borc 1980 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 2(028)-234/2024 nömrəli Qubadlı Rayon Məhkəməsinin icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq borclu Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 235 manat sabit pul məbləğində aliment tutularaq X1nın xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən təqdim edilmiş ərizənin surətindən görünür ki, o, uşaqla ünsiyyətinə maneə yaradılması səbəbindən aliment borcunu ödəməyəcəyini bildirmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tərəflərin izahatları və digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 –ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2966/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2966/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver