Məhkəmə qərarları › İş №3(060)-2966/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2966/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2966/2025 01.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1, Barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək, X12 xidmətinin Abşeron-Xızı regional şöbəsini barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın direktoru vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə təxminən saat 12:20 radələrində Gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində iş otağında olarkən tavandan suvaq hissəsi qopub yerə düşmüşdür. Hadisə nəticəsində baş, boyun və əl nahiyyələrindən ciddi xəsarətlər almışdır. Eyni zamanda otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi X9 da xəsarətlər almışdır. Hadisədən sonra özündə olmadığından gimnaziyanın işçiləri dərhal təcili təbii yardıma və digər aidiyyəti orqanlara məlumat vermişlər. Sumqayıt şəhər TT Yardım Stansiyasının əməkdaşları gəlib onları müayinə etmişlər və onu xəstəxanaya, sonra evə aparmışdırlar. Hadisədən bir gün sonra işdə çıxdıqda xx.xx.2025-ci il tarixdə X12 Xidmətinə iş yerində baş vermiş həmin hadisə barədə məlumat vermişdir. Eyni zamanda Sumqayıt şəhər TT Yardım Stansiyasının əməkdaşları da hadisə baş verən gün X12 Xidmətinə məlumat vermişlər. X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsi onun özünün də hadisə nəticəsində xəsarət almağını, məhz bu səbəbdən hadisədən bir gün sonra onlara məlumat verməyini və təqsirsiz olmağını nəzərə almayaraq, barəsində xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul etdilər. Hesab edir ki, onun əməlində qəsd (təqsir) və inzibati xətanın tərkib əlamətləri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İstehsalatda baş verən bədbəxt hadisələrlə bağlı məlumat verilməsi ilə bağlı “hadisə baş verən gün” ifadəsi işlədilmişdir. Lakin o, hadisə nəticəsində özü də xəsarət aldığından həmin gün buna imkanı olmamışdır. Ancaq təcili tibbi yardıma və DİN-ə dərhal məlumatın verilməsi ona dəlalət edir ki, o, məlumatın verilməsindən yayınmamışdır. Məhkəmə iclasında iştirak edən X8 şikayətinin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X10 şikayəti əsassız hesab edərək bildirdi ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi Təbiət elmləri təmayülü gimnaziyasında direktor otağının tavanın böyük ölçüdə suvaq hissəsinin qoparaq yerə düşməsi nəticəsində məktəb direktoru və məktəbin fiziki tərbiyə müəllimi xəsarət alması nəticəsində işçilər tərəfindən DƏMX-nə baş verən gün məlumat verilmədiyindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulmuş və onun barəsində 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən Sumqayıt şəhəri Təbiət Elmləri təmayüllü gimnaziyanın direktoru X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 03 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Sumqayıt şəhəri Təbiət Elmləri təmayüllü gimnaziyanın direktoru X8 tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsi Təbiət elmləri təmayülü gimnaziyanın direktoru X8 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 29 sentyabr 2025-ci il saat 12:20 radələrində gimnaziyanın 1-ci mərtəbəsində məktəbin direktorunun otağında tavanının böyük ölçüdə və 10 sm-ə yaxın qalınlıqla suvaq hissəsi qoparaq yerə düşmüşdür. Hadisə nəticəsində məktəbin direktoru X8 və məktəbin fiziki tərbiyə müəllimi X9 xəsarət almışlar. Daha sonra Əliyev İlham təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəymişdir. Oxşar hadisənin digər otaqlarda da baş verə bilməsindən, məktəb kollektivi və şagirdlər üçün real təhlükə yarana bilməsindən çox narahat olduqlarını nəzərə alaraq bununla bağlı münasibət bildirilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsi Təbiət elmləri təmayülü gimnaziyanın direktoru X8 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Abşeron-Xızı Regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 29 sentyabr 2025-ci il saat 12:20 radələrində gimnaziyanın 1-ci mərtəbəsində məktəbin direktorunun otağında tavanının böyük ölçüdə və 10 sm-ə yaxın qalınlıqla suvaq hissəsi qoparaq yerə düşmüşdür. Hadisə nəticəsində məktəbin direktoru X8 və məktəbin fiziki tərbiyə müəllimi X9 xəsarət almışlar. Daha sonra Əliyeüv İlham təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəymişdir. X9 eyni zamanda ona xəstəlik vərəqi açılmamış, o, və məktəbin fiziki tərbiyə müəllimi İ.Əliyev iş günü itirməmişlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X12 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X12 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X12 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatına əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, X8 hadisədən sonra özündə olmadığından gimnaziyanın işçiləri dərhal təcili təbii yardıma və digər aidiyyəti orqanlara məlumat verdiyini, Sumqayıt şəhər TT Yardım Stansiyasının əməkdaşları gəlib onları müayinə etdiyini və onu xəstəxanaya, sonra evə apardığını, hadisədən bir gün sonra işdə çıxdıqda xx.xx.2025-ci il tarixdə X12 Xidmətinə iş yerində baş vermiş həmin hadisə barədə məlumat verdiyini bildirmişdir. Hadisə vaxtı gimnaziyanın məsul şəxsləri tərəfindən hadisə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məlumat verməli olduqları halda, yalnız xx.xx.2025-ci il tarixdə X7 məlumat vermişlər. Belə olduğu təqdirdə X8 Azərbaycan Respublikası Əmək Məcəllənin 217.1-ci maddəsinin tələblərini pozmuş, baş verən bədbəxt hadisə nəticəsində aldığı xəsarət barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə dərhal həmin hadisə baş verən gün məlumat verilməmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar