Məhkəmə qərarları › İş №3(060)-2974/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2974/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2974/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı Məzahir İsmayılovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs - X4 iştirakları ilə, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində 31.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 14.07.2021-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində saat 18:15 radələrində “Sülh” küçəsində idarə etdiyi “BMV” markalı avtomaşınla X4 idarə etdiyi “Toyota Prius” markalı avtomaşını yana sıxaraq düşüb ona yumruq və əlqol atmış, aralarında baş vermiş mübahisə zamanı Nicat Məmmədovu döyərək burunun sağ yan səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məzahir İsmayılov izahatında göstərdi ki, Sumqayıt şəhəri 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08.08.2021-ci il tarixli qərar qəbul edilmiş və vətəndaş Şəxs barəsində onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə polis bölməsinə göndərilmişdir. Belə ki, o, 14.07.2021-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində saat 18:15 radələrində “Sülh” küçəsində idarə etdiyi “BMV” markalı avtomaşınla X4 idarə etdiyi “Toyota Prius” markalı avtomaşını yana sıxaraq düşüb ona yumruq və əl-qol atmış, aralarında baş vermiş mübahisə zamanı Nicat Məmmədovu döyərək burunun sağ yan səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 14.07.2021-ci il tarixdə toyları olduğu üçün həyat yoldaşı X6 ilə birlikdə “BMV” markalı **-GY-*** qeydiyyat nişanlı avtomobillə şadlıq sarayına gedirmişlər. Onun qarşısında hərəkətdə olan “Opel” markalı avtomaşında isə kamera çəkilişi edən şəxs onların hərəkətini videoçəkilişlə çəkirmiş. Sumqayıt şəhəri, Sülh prospekti ilə hərəkətdə olan zaman hərəkət istiqamətinin sol tərəfindən “Toyota Prius” markalı avtomobili idarə edən sürücü Nicat Məmmədov bir neçə dəfə onu ötüb qarşısına keçmək istəmiş, o isə öz surəti ilə hərəkətdə olmuş, lakin sürücü öz avtomaşını ilə “Opel” markalı avtomaşın arasında məsafə az olduğundan onu ötüb qarşısına keçə bilməmiş, Nicata baxan zaman onun əl hərəkətləri ilə nəsə deməyə çalışdığını görmüş, o da əl hərəkəti ilə ondan nə demək istədiyini soruşmuş, Nicat yenə də onun qarşısına keçmək istəsə də yol verməmişdir. Çünki qarşıdakı avtomobil onun və arxasınca hərəkətdə olan qohum tanışların hərəkətini videogörüntüyə alırmış. Bir neçə dəqiqədən sonra Nicat onu və “Opel”i keçmiş, yolda svetafora az qalmış hərəkət yolunun sağında saxlamış, o da avtomobildən düşüb yaxınlaşıb sürücü tərəfdən avtomaşının qapısını açmış və Nicatdan nə etmək istədiyini soruşmuşdur. Nicat isə kamera çəkilişi edən avtomobilin onun hərəkətini sıxdığını demişdir. O da Nicata “bəs onda məni niyə sıxırsan, niyə məni kortecdə sıxırsan, əl hərəkətləri göstərirsən?” dedikdə Nicat onunla ucadan kobud səslə danışdığı üçün əli ilə Nicatın sifətindən yavaşca itələmiş, maşının qapısını örtüb öz avtomaşınına əyləşib yolunu davam etdirmişdir. Nicat da sürüb getmişdir. Mübahisə bir neçə saniyə davam etmiş həmin vaxt orada böyük qardaşı Raqif olmuş, digər qohum və tanışlar avtomobildən düşməmiş, kənardan oraya heç kim toplaşmamış, sürücüyə heç bir söyüş söyülməmiş və xəsarət yetirilməmiş, əmlakına ziyan vurulmamışdır. Toy kortecində olduğu üçün Nicatın qarşısına keçməsinə imkan verməmişdir. Ən azından Nicat başa düşməli idi ki, bəy-gəlin avtomaşınının qarşısında kamera çəkilişi edən hərəkətdə olan avtomaşını ötüb araya keçib videogörüntünü bağlamamalıdır. Hadisə zamana Nicat yumruq zərbəsi vurmamışdır. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, “Toyota Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. 14.07.2021-ci il tarixdə də sərnişin daşıyan zaman saat 18:10 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ilə hərəkətdə olarkən qarşısında toy karvanının hərəkət etdiyini görmüş, həmin vaxtı onun sağ tərəfi ilə hərəkətdə olan içində kamera çəkilişi edən “Opel” markalı avtomaşının öz hərəkət istiqamətindən qəflətən onun qarşısına çıxaraq qəza şəraiti yaratmış, gəlin avtomaşını olan ağ rəngli “BMV” markalıavomaşın isə onun sağ tərəfində yanbayan hərəkətdə olmuşdur. O, “Opel”in sürücüsünə nə etmək istədiyini bilmək üçün işıqlarla işarə edərək siqnal da vermiş, həmin vaxt “BMV” markalı avtomaşının sürücüsü bəy geyimində olan şəxs əl işarələri ilə əsəbi halda ona işarələr etmiş və avtomaşını sol tərəfə sıxaraq qarşıda saxlamağını istəmişdir. O da sürücüyə əli ilə nə istədiyini işarə etmiş və öz hərəkət zolağında yolunu davam etdirmişdir. O, qarşıda olan svetaforun qırmızı işığında saxlamış, həmin vaxt “BMV”dən düşən sürücü ona yaxınlaşıb onun tərəfindən qapını açdıqda o, düşməmiş, həmin sürücü “mən bəyəm, yol mənimdir” deyərək heç bir əsas olmadan əsəbi halda onun iki əli ilə tutub silkələmiş, sonra da əli ilə onun sifət nahiyəsinə və yumruqla da başına bir zərbə vuraraq onu döymüş, həmin vaxt yan tərəfdə saxlayan qara rəngli “Hyundai” markalı avtomaşından düşən yaşlı bir kişi də onun üstünə əsəbi halda qışqıraraq hücum etmək istəmiş, o, qapını bağlamaq istəyəndə mobil telefonu yerə düşmüş, onlara yaxınlaşan digər cavan oğlan telefonu yerdən götürüb ona verərək nömrəsini götürməyini və onunla sonra görüşəcəyini demiş, lakin o, həyəcanlı olduğu üçün nömrəsini verməmişdir. Həmin vaxt avtomaşında olan müştərilər düşüb getmiş, o da hadisə ilə bağlı 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında çıxış edən şahid X8 izahat verərək bildirdi ki, 14.07.2021-ci il tarixdə kiçik qardaşı Rəşadın qız toyu günü saat 18 radələrində idarə etdiyi “Baic x55” markalı, qara rəngli ** PN *** qeydiyyat nişanlı avtomaşın ilə ailə üzvləri ilə birlikdə şadlıq sarayına gedirmişlər. Rəşad da ağ rəngli “BMV” markalı gəlin avtomaşını idarə edirmiş. Qohum-tanışlar ardıcıl arxa-arxaya hərəkətdə olmuşlar. Sumqayıt şəhəri Sülh küçəsi ilə hərəkətdə olan zaman uzaqdan görmüşdür ki, Rəşadın avtomaşını ilə yanbayan hərəkətdə olan qızılı “Toyota Prius” markalı avtomaşının sürücüsü ilə söhbət edirlər. Hiss etmişdir ki, mübahisədir. Sonra həmin avtomaşın kobud şəkildə Rəşadın avtomaşının qarşısına keçmişdir. Rəşad avtomaşından düşüb hər hansı xoşagəlməz hal baş verməsin deyə həmin “Toyota Prius”un sürücüsünə yaxınlaşıb qapısını açıb mübahisə etməyə başlamışlar. Rəşad həmin sürücünü itələyib silkələmiş, həmin vaxtı sürücünün mobil telefonu yerə düşmüş, bu zaman o, Rəşadı kənara çəkib öz avtomşınına qayıtmasını dedikdə Rəşad qayıtmış, o, telefonu götürüb sürücüyə vermiş və mobil nömrəsini vermək istəyəndə onun hərəkətindən istəmədiyini bilmiş, sonra isə öz avtomaşınına qayıdıb yollarına davam etmişlər. Mübahisə vaxtı orada onlardan başqa kənar şəxs olmamış və kənardan heç kim toplaşmamışdır. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 08.08.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 16.07.2021-ci il tarixli, 902 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədənində burnun sağ yan səthinin sıyrığı xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla 14.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 (beş) saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar