Məhkəmə qərarları › İş №3(060)-2975/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2975/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2975/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1998-ci ildə Saatlı rayonu, Çadır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Qarakollu ərazi dairəsi, Saracıq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2218/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, ödəməli olduğu aylıq aliment məbləğindən qismən ödəniş etmiş, ümumlikdə 4078 manat aliment borcu yığılmışdır. Nəticədə o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Samir Məmmədov izahatında bildirdi ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin adı çəkilən icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün ümumilikdə 4078 manat aliment borcu yaranmışdır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” qərarla iş Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş müddətdə icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Şəxs icra sənədində göstərilən – ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Şəxs özünün iştirakı ilə ona 1 dəfə xəbərdarlıq elan olunmuşdur. Lakin çağırışlara cavab vermədiyinə görə xx.xx.2024-cü il tarixdə borclu Şəxs “məcburi gətirilməsi barədə” təqdimatla məhkəməyə müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən təqdimat təmin olunmuş, qərardad icra olunması üçün Sumqayıt ŞPİnə göndərilmişdir. Lakin, polisdə ünvanın müəyyən edilməməsi əsas gətirilərək qərardad icra olunmamışdır. xx.xx.2024-cü il tarixdə borclu Şəxs axtarışı haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə polis tərəfindən borclu İcra İdarəsinə təhvil verilmiş, həmin tarixdə izahatı alınmış, barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Elektron İcra İnformasiya Sisteminə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu “Vətən müharibəsi” iştirakçısıdır, aylıq 80 manat müavinət alır. Həmin müavinətdən 4 dəfə, hər dəfə 56 manat olmaqla aliment tutulmuşdur. Tələbkara çatan pulların ödənişini ümumi borcdan çıxaraq 4078 manat borc müəyyən etmişdir. Bu tutulmadan hər ay 38 manat tələbkara çatmışdır. Protokolu müdafiə edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun məhkəmə qətnaməsi üzrə tələbkar Rəsmiyyə İbrahimovaya uşaqları Kənan və Aişə İbrahimovanın saxlanılması üçün hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat aliment ödəməlidir. Qeyd edir ki, “Vətən müharibəsi” iştirakçısıdır, psixi müalicə alır, bu günə kimi ona anası baxır. Avto-yuma məntəqəsində işləyir. 2024-cü ilin fevral ayından işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Hal-hazırda şəhid ailəsinin evində kirayə qalır. İmkansızlıqdan əziyyət çəkir, alimenti ödəyə bilmir, buna görə də ailəsi və övladları ilə birlikdə yaşamaq istəyir. Məhkəmədən göstərilənləri nəzərə almağı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məəhkəmə iclasında zərəçəkmiş şəxs Rəsmiyyə İbrahimova qeyd edir ki, borclu Şəxs ona ayr-ayrı vaxtlarda hər dəfə 38 manat ödəmişdir. 2 azyaşlı övladı olduğu üçün işləyə bilmir, uşaqların gündəlik ehtiyacların qarşılamaqda çətinlik çəkir. Alimentin tam məbləğdə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Aydın Nəzərli məhkəmədən qərar qəbul edərkən Şəxs “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə almağı, aliment borcunun ödənilməsi üçün borcluya vaxt verilməsini istədi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2218/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs, xx.xx.2022-ci il təvəllüdlü İmaməli İbrahimov və xx.xx.2023-cü il təvəllüdlü Aişə İbrahimovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Rəsmiyyə İbrahimovaya ödənilməlidir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki,borcluda tələbin yönəldilə biləcəyi əmlak yoxdur. “Vətən müharibəsi” iştirakısı olduğuna görə aylıq 80 manat müavinət alır. Borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti və bildirişini qəbul etmişdir. 02 noyabr 2024-cü il tarixli, № e 142153/2024-47-55/1 saylı İNKASSO SƏRƏNCAMİna əsasən 2024-cü il üçün 4 dəfə 56 manat məbləğində vəsait borclu Şəxs tutularaq tələbkar Rəsmiyyə İbrahimovaya ödənilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Belə ki, icra məmuru “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirmədən və borcun ödənilməməsinin nəticələri barədə borclu ilə profilaktik söhbətlər aparmadan daha sərt inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Bundan başqa icra məmuru borclunun 3-cü şəxslərdə ola biləcək əmlaklarının olubolmamasını yoxlamadan, yaşadığı ünvanda tələbin yönəldilməsi üçün yetərli ola biləcək əmlakların olub-olmaması ilə əlaqədar baxış keçirmədən əsasız olaraq protokol tərtib etmişdir. Göründüyü kimi borclu Kənan Məhərrəmov “Vətən müharibəsi” iştirakçısı olmaqla 80 manat məbləğində müavinət alır, icra məmuru tərəfindən həmin müavinətdən 4 ay müdətində müəyyən məbləğdə vəsait tutularaq tələbkarın hesabına köçürülmüşdür. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, hazırki vəziyətdə borclu Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar