Məhkəmə qərarları › İş №3(060)-2975/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2975/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2975/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən xx.xx.2025-ci il tarixdə aparılan monitorinq zamanı Şəxs MMC-yə məxsus müəssisənin ərazisində müxtəlif tərkibli tullantıların əraziyə atılması, ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması, ərazinin çirkləndirilməsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə aparılan montiorinq nəticəsində Şəxs MMC-nin hasarları daxilində, istehsal ərazisindən kənarda tullantıların qalaqlanması aşkar edilmişdir. Qeyd edilən hal ilə əlaqədar icra hakimiyyətinin nümayəndələri və hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə akt tərtib edilsə də, hüquqi şəxsin nümayəndəsi aktı imza etməkdən imtina etmişdir. Protokolun tərtibi üçün bildirişlər tərəfə göndərilmişdir. Aşkarlanmış tullantı qalıqları hüquqi şəxsin fəaliyyət göstərdiyi ərazinin hasarları daxilində olmasına və xammal kimi istifadə edilməsinə baxmayaraq xüsusi şəraitdə və xüsusi tutumlarda saxlanılmalı, tullantılar növlər üzrə çeşidlənməli idi. Belə ki, tullantıların saxlanıldığı ərazinin üstü açıq olması səbəbindən həmin tullantılar külək və yağışın təsirindən dağılıb, havaya yayılacağı düşünülmüş və bu səbəbdən də protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan ərazi "xxxx" MMC-yə məxsusdur və onlar icarə müqaviləsi əsasında həmin ərazidə fəaliyyət göstərirlər. Son bir ay ərzində dövlət qurumları tərəfindən fəaliyyət göstərdikləri MMC-də yoxlamalar olmuş, lakin heç bir nöqsan aşkar edilməmişdir. Protokolda tullantı kimi qeyd edilən plastik qablar və digər akkumulyatorların plastik qalıqları MMC tərəfindən xammal kimi istifadə edilir. Belə ki, Şəxs MMC 2017-ci ildən etibarən utilizasiya ilə məşğul olur, son iki ildir ki, Səməd Vurğun küçəsi, Sumqayıtçay ərazisində fəaliyyət göstərir. Müəssisə işlənmiş akkumulyatorların utilizasiyanı həyata keçirir, utilizasiya nəticəsində əldə edilmiş qurğuşun külçələrin ixracı ilə məşğul olur. Həmin fəaliyyətlə məşğul olmaq üçün lisenziya da almışlar. Monitorinq zamanı müəssisənin ərazisində olan həmin əridilmiş akkumulyatorların plastmas qalıqları, eyni zamanda plastik qablar aşkar edilmişdir. Həmin plastik qablar və akkumulyatorların plastmas qalıqları da xammal kimi utilizasiya edilməsi üçün müəssisənin ərazisində saxlanılır. Həmin tullantıların bir hissəsini vətəndaşlar təhvil vermiş, həmçinin qalan hissəsini özləri müəyyən yerlərdən daşıyıb gətirmişlər. Qeyd edilən xammal 550 ton çəkidədir. Həmin xammal müəssisənin hasarı daxilindədir, və şəhəri və ya yaxud hər hansı başqa sahəni çirklənməsinə səbəb deyil. İndiyədək heç bir vətəndaş və ya hüquqi şəxs tərəfindən şikayət olmamışdır. Həmçinin, bildirmişdir ki, utilizasiyadan sonra tullantıların daşınması üçün "xxxx" MMC ilə müqavilələri də mövcuddur. Müəssisənin ərazisində olan plastik qabların əridilməsi üçün hazırda maddi cəhətdən avadanlığın əldə edilməsi üçün gözləyirlər. Bu səbəbdən də xammal həyətdə saxlanılır. Müəssisədə monitorinq aparılarkən İcra Hakimiyyətinin nümayəndələri, Ekologiya İdarəsinin, Fövqəladə hallar Nazirliyinin nümayəndələri və prokurorluq nümayəndələri iştirak etmişlər. Monitorinqin aparılması ilə bağlı ona hər hansı reyestrdən çıxarış verilməmişdir. O, aktın tərtib edilməsində iştirak etsə də, aktla razı olmadığı üçün imza atmaqdan imtina etmişdir. göstərilənləri nəzərə alaraq protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. 4 saylı Regional Ekologiya İdarəsi tərəfindən İcra Hakimiyyətinin göstərişi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Sumqayıtçay ərazisində fəaliyyət göstərən Şəxs MMC-də monitorinq keçirilmişdir. X2 İdarəsinin əməkdaşları ilə birlikdə icra hakimiyyətinin nümayəndələri, prokurorluğun nümayəndələri də iştirak etmişlər. Müəssisəyə daxil olduqda tullantıların qalaqlandığı aşkar edilmişdir. İdarə tərəfindən ilk dəfədir ki, Şəxs MMC-yə daxil olaraq protokol tərtib edilmişdir. Monitorinqin aparılması ilə bağlı reyestrdən çıxarış alınmamış, bu barədə müəssisəyə əvvəlcədən heç bir məlumat verilməmişdir. Yalnız İcra Hakimiyyətinin göstərişi ilə monitoriq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə” Aktda qeyd edilmişdir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən metaləritmə və digər bu tip müəssisələrin fəaliyyətini araşdırmaq, iş prinsipini öyrənmək və ətraf mühitə atılan, yerləşdirilən, çirkləndirən zərərli tullantıları aşkar etmək məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiya tərəfindən xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Sumqayıtçayın kənarında fəaliyyət göstərən Şəxs MMC-yə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, müxtəlif tərkibli tullantılar pərakəndə halda əraziyə atılmış, ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq qalaqlanması, ətraf ərazinin çirkləndirilməsi müəyyən edilmiş və 083/T saylı akt tərtib edilmişdir. Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli İnzibati xətalar haqqında işlər üzrə bildirişə əsasən idarə əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Sumqayıt şəhəri, Sumqayıtçay yaxınlığında yerləşən Şəxs MMC-yə məxsus işlənmiş akkumulyator batareyalarından qurğuşun istehsalı müəssisəsinin ərazisində müxtəlif tərkibli tullantıların ətraf mühitin mühafizəsi tələbləblərinə zidd olaraq ərazidə qalaqlanması və ərazinin çirkləndirməsi faktı müəyyən edilərək, 29 oktyabr 2025-ci il tarixli akt tərtib olunmuşdur. Qeyd olunan qanun pozuntusu ilə bağlı İdarədə inzibati araşdırma başlanmışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 91598 nömrəli aktından görünür ki, Sumqayıt şəhərində fəaliyyət göstərən metaləritmə müəssisələrinin fəaliyyəti zamanı ətraf mühitə atılan, yerləşdirilən tullantıların idarə olunması vəziyyəti üzrə 4 saylı RETSİ və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Sumqayıtçayın kənarında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus işlənmiş akkumulyatorlardan qurğuşun külçə istehsalı sahəsində xx.xx.2005-ci il tarixdə aparılan monitorinq zamanı müəssisənin ərazisində müxtəlif tərkibli tullantıların pərakəndə halda atılması, ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq qalaqlanması və ərazinin çirkləndirilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq İdarə tərəfindən Şəxs MMC-nin rəhbərinə xx.xx.2025-ci il tarixli G-BM/4325-906 saylı bildiriş məktubu göndərilərək aparılan inzibati araşdırma ilə bağlı idarəyə dəvət olunmuşdur. Müəssisənin nümayəndəsi Azad Məmişov xx.xx.2025-ci il tarixdə idarəyə gələrək inzibati araşdırmada iştirak etsə də, yazılı izahat verməkdən imtina etmişdir. Bununla da, Şəxs MMC tərəfindən “Tullantılar haqqında” qanunun 9, 10, 11, 12-ci maddələrinin tələbləri pozulmuşdur. Protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hüquqi şəxsin fəaliyyət göstərdiyi ərazidə xeyli sayda sellofan torbalarda toplanmış plastik qablar, istifadə edilmiş akkumulyatorların plastmas hissələri, həmçinin metal tullatılar mövcuddur. Məhkəməyə təqdim edilmiş “X4” MMC (satıcı) və Şəxs MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1-ci maddəsinin 1-ci bəndindən görünür ki, satıcı alıcıya istifadəyə yararsız akumulyator satır, alıcı isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini satıcıya ödəyir. Məhkəməyə təqdim edilmiş Şəxs MMC (sifarişçi) və "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləsinin 1-ci maddəsinin 1-ci bəndindən görünür ki, sifarişçi tərəfindən təhvil verilən yüklər/tullantılar icraçı tərəfindən daşınaraq təyinat məntəqəsinə təhvil veriləcəkdir. Tərəflər bu xidmətləri zəruri olan, beynəlxalq səviyyədə tanınmış normalara və Azərbaycan Respublikasının normativ- hüquqi aktlarına müvafiq olaraq həyata keçirməyi öz öhdələrinə götürürlər. Həmin müqavilənin 1-ci maddəsinin 2-ci bəndindən görünür ki, icraçı müqavilədə olan tapşırığa uyğun olaraq yüklərin tullantıların daşınaraq təyinat məntəqəsinə təhvil verilməsini öz öhdəsinə götürür. Sifarişçi yüklərin/tullantıların daşınaraq təyinat məntəqəsinə təhvil verilməsinə görə müvafiq məbləği ödəməyi öz öhdəsinə götürür. "xxxx" MMC və “X12” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 2 ünvanında yerləşən ümumi sahəsi 2271 kv.m. olan əmlak kompleksindən 1482.5 kv.m. sahəni icarəyə vermək, “İcarəyə götürən” isə müqavilədə göstərilən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsinin 4-cü bəndindən görünür ki, icarə müddəti başa çatdıqda tərəflər 01 (bir) ay ərzində yazılı şəkildə müqavilənin xitam edilməsi ilə bağlı müraciət edilmədiyi təqdirdə müqavilə müddəti eyni şərtlərlə artırılmış sayılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli EL-530/2023 qeydiyyat nömrəli xüsusi lisenziyadan görünür ki, “X12” MMC-yə toksiki istehsalat tullantılarının utilizasiyası fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. 2 saylı ərazi Vergilər Baş İdarəsinin çıxarışından görünür ki, Şəxs MMC-nin əvvəlki adı “X12” MMC olmuşdur. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk öncə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə bağlı qeyd edir ki, İXM-nin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı suxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə- fiziki şəxslərin yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslərin səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Maddənin dispozisiyasından görünür ki, şəhər və digər yaşayış məntəqələri, meşəpark, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması inzibati xəta hesab edilir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş hüquqi şəxsin əməlində qeyd edilən - şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması faktı aşkar edilməmişdir. Belə ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs lisenziya əsasında utilizasiya fəaliyyətini həyata keçirilməsi ilə məşğul olan müəssisə olmaqla, icarə müqaviləsi əsasında ünvan 2 ünvanında işlənmiş akkumulyatorların əridilməsi fəaliyyəti ilə məşğul olması və fəaliyyət göstərdiyi müəssisənin ərazisi daxilində həmin akkumulyatorların plastmas qalıqları və plastik qabların xammal kimi saxlanılması işin mübahisəsiz halıdır. Lakin, qeyd edilən hüquqi şəxsin barəsində İXM-nin 266.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xətanı törətməsi barədə protokol tərtib edilməsi üçün əsas deyildir. Bundan başqa, məhkəmə hüquqi şəxs barəsində tərtib edilmiş İXM-nin 271-ci maddəsində nəzərdə tutulan maddənin tələblərinin pozulması ilə bağlı bildirir ki, tədqiq edilmiş iş materiallarından tərəflərin və şahidin izahatlarından protokol tərtib edən orqan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquqi şəxsdə monitoriq aparılması ilə bağlı qeydiyyatdan keçməyərək müəssisənin ərazisinə daxil olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, protokol tərtib edən orqan tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektində yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın və ya monitorinqin gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların və monitorinqlərin hüquqi nəticəsi yoxdur. Məhkəmə hesab edir ki, həmin yoxlama zamanı toplanmış materiallar Şəxs MMC nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs in zibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81-ci maddəsinin tələblərinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 100-cü maddəsinin tələblərinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında işolan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsiri sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 266.1, 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar