Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2981/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs barəsində Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin sahə rəisi polis kapitanı X5 tərəfindən 02.09.2021-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan müəyyən olunur ki, 26.06.2021-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhər 53-cü məhəllə ərazisində yerləşən yarmarkada Şəxs Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Polis Bölməsinə getməkdən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 26.06.2021-ci il tarixdə sahə üzrə əməliyyat müvəkkili Mehman ona zəng edərək təcili olaraq təsisçi olduğu "xxxx" MMC-nin balansında olan “X3 Ticarət Mərkəzi”-nə yaxınlaşmasını bildirib. Saat 20:00 radələrində ora yaxınlaşanda sahə inspektorunun iştirakı ilə ona 1-ci Polis Bölməsinin rəisi Sadiq onunla görüşmək istədiyini bildirdi. Şənbə günü olduğu üçün ora iş günü, yəni bazar ertəsi yaxınlaşacağını bildirmiş, lakin bir neçə dəqiqədən sonra onu “Mərkəz”-in giriş hissəsinə dəvət etmişdirlər. Bölməyə dəvət edilərkən əvvəlcə vəkilinə zəng etmək istədiyini bildirmiş, lakin polis əməkdaşları buna ehtiyac olmayacağını bildirdiyindən o, maşına əyləşmişdir. İctimai asayişi pozacaq heç bir hərəkət edilməmişdir. Ona görə də, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X2 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində kiçik inspektor vəzifəsində işləyir. Şəxs təhqiqata çağırılıb, izahat vermək üçün bölməyə dəvət olunmuşdur. Lakin Şəxs buna etirazını bildirdi. Bu səbəbdən heç bir zor tətbiq edilmədən bölməyə aparılmışdır. Şəxs barəsində “məcburi gətirilmə haqqında” qərarın olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində kiçik inspektor vəzifəsində işləyir. Xidmətdə olan zaman ona zəng gəlmiş, köməyə ehtiyac olduğu bildirilmiş və həmin əraziyə çağırılmışdır. Orada olan zaman Şəxs Bölməyə dəvət etdikdə o, etiraz etdi, lakin daha sonra razılığını bildirərək onlarla bölməyə getmişdir. Şəxs barəsində “məcburi gətirilmə haqqında” qərar olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, “X3 Ticarət Mərkəzi”ndə obyekt icarəyə götürərək işlədir. Hadisə zamanı orada olmuşdur və Aqşinin polislərlə heç bir mübahisə etmədiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, “X3 Ticarət Mərkəzi”ndə direktor müavini vəzifəsində işləyir. Hadisə axşam tərəfi 19:00-20:00 radələrində baş vermişdir. Polis Əməkdaşlarının Aqşini aparan zaman Aqşinin heç bir mübahisə etmədiyini görmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, şahidlərin izahatını, vəkilin çıxışını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən, eyni zamanda Şəxs barəsində “məcburi gətirilmə haqqında” qərarın olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 02 sentyabr 2021-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işüzrə icraata həmin Məcəllənin 53.1.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2981/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2981/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver