Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2981/2024 05.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-881 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi üzürsüz səbəbdən icra edilməmiş və nəticədə 10.250 manat borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-881/2012 saylı icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2009cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment xx.xx.2012-ci il tarixindən başlayaraq X4 xeyrinə tutulması qət edilmişdir. Borclu 2016-cı ildə İcra İdarəsində olmuş, icraata başlamaq haqqında qərar və bildirişlə tanış olmuşdur. Tələbkar 2022-2023-cü illərdə İcra İdarəsinə müraciət edərək 2016-cı ilədək ödəniş olunmuş, 2016-cı il tarixdən isə ödəniş olunmadığını bildirmişdir. Borclu barəsində axtarış elan olunmuş və qərar icra olunması üçün Sumqayıt ŞPİ-yə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və o, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 8 gün həbs edilmişdir. Protokolda aliment borcunun 10.250 manat olması qeyd olunsa da, 2023-cü ildən bu günədək ödəniş qəbzləri yenidən araşdırılarkən borclunun bu günə 7900 manat aliment borcu olduğu müəyyən edilmişdir. Borclu tərəfindən mütəmadi ödənişlər olsa da, həmin məbləğdə ödənişlər tələbkarı qane etmir. Həbs olunmamışdan əvvəl hər ay 500 manat ödəniş edilməsi barədə borclu ilə tələbkar arasında razılıq əldə edilmiş, lakin hazırda onların arasında ödəniş barədə razılıq yoxdur və tələbkar aliment borcunun tam ödənilməsini tələb edir. Protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşaqlardan biri yetkinlik yaşına çatmış, 100 manat aliment ödənilməli olsa da, borclu bir ay gecikmə ilə hər ay 250, 300, 500 manat olmaqla, ümumilikdə həbs olunduqdan sonra 2450 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkarla 2006-cı ildə ailə həyatı qurduğunu, 2012-ci ildə aralarında olan nikahın pozulduğunu və həmin nikahdan 3 övladlarının olduğunu bildirdi. 2013-cü ilin yanvar ayından 2016-cı ilin dekabr ayınadək mütəmadi olaraq hər ay 150 manat ödəniş etmişdir. İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə onun hər ayın 2-ci və 4-cü həftəsində 12.00 radələrindən 18.00 radələrinə kimi uşaqlarla ünsiyyət hüququ müəyyən edilmişdir. Lakin onun aliment ödəməsinə baxmayaraq dəfələrlə uşaqları görmək istəsə də, uşaqlarla ünsiyyət hüququ təmin olunmamışdır. Tələbkar 2023-cü ilin iyul ayında icra məmuruna müraciət etmiş və həmin vaxt 11800 manat aliment borcu olmuşdur. Bu da onunla əlaqədar olmuşdur ki, pandemiya olmuş və o, işləməmişdir. Hətta pandemiya dövrü dövlət ona işsizliyə görə 190 manat müavinat da vermişdir. Həmçinin 2016-cı ildə tələbkarın atasının ona uşaqları görməməsini və pulunun lazım olmadığını bildirmişdir. 11800 manat borc məbləğindən hər ay mütəmadi və iş qabiliyyətindən asılı olaraq minimal məbləğdə ödənişlər etmişdir. Keçən ilin iyul ayından başlayaraq razılığa əsasən hər ay 300, 350, 400, 500 manat ödəniş etmiş və qəbzlər də vardır. xx.xx.2012-ci il tarixdə qolundan əməliyyat olunmuş, qoluna 2 ədəd mil qoyulmuşdur, buna görə ağır işləmək qabiliyyətini itirmişdir. 2024-cü ilin may ayından sonra 2450 manat ödəniş etmişdir. Bu günə 7900 manat aliment borcu olduğunu bildirdi. Bir həftəyə 400-500 manat ödəniş edəcəyini nəzərə alaraq qalan məbləğin hissə-hissə ödəməsi üçün şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, övladlarından böyüyü yetkinlik yaşına çatmışdır. Oğlu Ali məktəbə daxil olan zaman qaynatası ona zəng edərək pul lazım olduğunu bildirmiş, o da 500 və 300 manat olmaqla, ümumilikdə 800 manat pul vermişdir. Həmin pulun aliment məbləğinə aidiyyatı olmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 bildirmişdir ki, borclu 2012-ci ildən 2016-cı ilədək mütəmadi ödənişlər etdiyini bildirsə də, elə olmamışdır. Belə ki, borclu bir ay ödəniş edəndə beş ay ödəniş etməmişdir. Həmişə atası ona xəbərdarlıq edəndən sonra ödəniş etmişdir. Əvvəllər uşaqlara baxmağa imkanı olmuş, lakin indi böyük övladının ali məktəbə daxil olduğunu, onun təhsil alması üçün hər il 1800 manat təhsil haqqı ödənilməli olduğunu, digər övladlarının məktəbli olduqlarını, hazırlıq kurslarına getdiklərinin, özünün 2-ci dərəcəli onkoloji xəstə olduğunu, 3 dəfə əməliyyat olunduğunu və bir uşağın 50 manata dolanmağının mümkün olmadığını bildirdi. Böyük övladı ali məktəbə daxil olan zaman borclu bir dəfə 500, sonra isə 300 manat olmaqla, ümumilikdə 800 manat məbləğinə pul vermişdir. 2023-cü ildə o, hər ay ödəniş olunması barədə borclu ilə razılığa gəlmiş, lakin o, bir dəfə 500, sonra isə 300 manat ödəmiş, başqa ödəniş etməmişdir. O, icra məmuru Lamiyə xanıma müraciət edərək borclunun razılığın şərtlərini pozması barədə bildirmişdir. 2023-cü ilin sentyabr ayında 500 manat, oktyabr, noyabr və dekabr aylarında isə hissə-hissə ödənişlər etmiş, yanvar, fevral, mart aylarında ödəniş edilməmiş, aprel ayında isə cüzi ödəniş edilmişdir. O, yenidən icra məmuruna müraciət etmiş, may ayında borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və o, məhkəmənin qərarına əsasən 8 gün həbs edilmişdir. May ayından sonra bir ay 450, bir ay 250, bir ay 400 manat ödəniş etmişdir. Nəticədə 7900 manat aliment borcu yaranmışdır. Aliment borcunun tam ödənilməsini tələb edərək borclu barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə zərərçəkmiş şəxs X10 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ildə borclunun hər ay 500 manat ödəniş etməsi barədə aralarında razılıq olmuş, lakin borclu tam ödəniş etməmişdir. Böyük övladı Musa ali məktəbə daxil olan zaman borclu tərəfindən kömək məqsədi ilə ona 800 manat məbləğində pul verilmişdir. Uşaqların borclu ilə ünsiyyət qurmamasına qadağa qoymamış, əksinə onlara bu məsələnin onlara aidiyyatının olmadığını, ataları ilə onun arasında olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, protokol tərtib edilməməli idi. Belə ki, bu işlər spesifik xarakterlidir, şablon işlər kimi qəbul edilməməlidir. Aliment məbləği 3 uşağa 150 manat olmasına baxmayaraq borclu tərəfindən razılığa əsasən hər ay 400-500 manat məbləğində ödəniş edilmişdir. 1-2 ay ödəniş olmasa da, borclu tərəfindən 6000 manatdan çox ödəniş olunmuşdur. Əvvəlki illərdə olan çətinlikləri indiki ilə yükləmək düzgün deyildir. Aliment məbləğini tələb etmək zərərçəkmiş şəxsin hüququdur, lakin o, bilməlidir ki, burada söhbət pulun ödənilməsindən deyil, inzibati tənbeh tədbirindən söhbət gedir. Tərkib olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-881/2012 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment xx.xx.2012-ci il tarixindən başlayaraq tutulub X4 xeyrinə verilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-881/2012 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-881/2012 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş, xx.xx.2016-cı ildə borcluya rəsmi qaydada verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tarixli “borclunun axtarılması barədə” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1062/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 8 gün inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-881/2012 saylı icra vərəqsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment xx.xx.2012-ci il tarixindən başlayaraq tutulub X4 xeyrinə verilməsi qət edilmişdir. İş üzrə xx.xx.2013-cü ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2016-cı ildə tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya verilmişdir. 2023-cü ildə borcu üzrə hər ay 500 manat aylıq ödənişin edilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Borclu tərəfindən 300, 350, 400, 500 manat ödəniş edilmişdir. Ödənişlərdə gecikmələr olduğu üçün borclu barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə təqdim edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 8 gün inzibati qaydada həbs edilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu may ayında həbsdən çıxdıqdan sonra 2450 manat ödəniş etmiş və bu günə 7900 manat aliment borcu qalmışdır. Həmçinin borclu böyük övladı ali məktəbə daxil olan zaman kömək məqsədi ilə tələbkara 800 manat vermiş və bu məbləği aliment kimi hesablamamışdır. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2981/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2981/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver