Məhkəmə qərarları › İş №3(060)-2981/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2981/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2981/2025 01.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025ci il tarixli EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə olunmuşdur. Aşağıdakılara əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. 28 sentyabr 2025-ci il tarixdə 14:20 radələrində Nissan Sentral minik avtomobili ilə Sumqayıt şəhəri, məhəllə 29, ev 22/35 ərazisində avtomobilini yol kənarında içində iki sərnişin olmaqla, işlək vəziyyətdə 1 dəq saxlayıb yol keçib geri qayıdana yol polisi əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 346.5 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair 40 manat (2 bal) məbləğində cərimə növü tətbiq edilmişdir. Yol polisi əməkdaşına bildirəndə ki, necə dəqiq müəyyənləşdirdiniz 5 metrdən az olduğunu, həmin yol polisi onun protokolu tərtib etmədiyini, başqa yol polisi əməkdaşı göz məsafəsi ilə ölçü apardığını bildirib. Sonra o, gəlib avtomobilinə əyləşəndə, arxadakı sərnişin protokolu həmin DYPX-nin əməkdaşının tərtib etdiyini bildirmişdir. Lakin, o müddətdə artıq həmin DYPX-nin əməkdaşı oradan uzaqlaşmışdır. E-polis sistemi vasitəsi ilə DİN BDYPİ yazılı şikayətini yazaraq avtomobilinin 5 metrdən az məsafədə saxladığına görə, cərimələndiyi bildirilmişdir. Sms-radar bildirişlə birlikdə DYPX-nin əməkdaşı tərəfindən çəkilən şəkillər göndərilmişdir. Həmin şəkillərə uyğun olaraq, sonradan özü ölçü aparmış və ana yoldan hərəkət kəsişməsində, kəsişən hərəkət hissəsinin kənarından 6 metrdən çox olduğu müəyyən etmişdir. Barəsində sözügedən protokol tərtib olunarkən İXM-nin 346.5-ci maddəsində göstərilən dayanma və ya durma qaydalarının tələbləri pozulmamışdır. Yəni həmin protokol tərtib edilən zaman ona məxsus dövlət qeydiyyat nömrəsi **-SC-*** NİSSAN SENTRA Minik avtomaşını Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində dayanarkən EQ30965679 nömrəli protokolda qeyd edilən dayanma yəni yol nişanı olan 3.27-ni göstərən hər hansı yol nişanı həmin ərazidə mövcud olmamışdır. Əgər yol nişanı mövcud olsaydı yol patrul xidmətinin əməkdaşı qeyd edilən protokolu elektron sistemə yerləşdirərkən digər foto şəkillər (avtomaşının dayanması) kimi həmin 3.27 yol nişanının cərimə yazılan ərazidə olmasını təsdiq edən mötəbər sübut sayılan foto şəkili də bazaya yerləşdirərdi. Təəssüflər olsun ki, protokolu tərtib edən məsul şəxs bu halı aşkar etmədən asan yola baş vuraraq barəsində qanunsuz protokol tərtib etmişdir. Lakin, protokolu tərtib edən şəxs unutmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin həmin məcəllənin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu anda sual olunur ki, barəsində EQ30965679 nömrəli protokol əsasında qərar qəbul edilən zaman hansı mötəbər sübuta əsaslanmışlar? Hüquqi dövlətdə yaşayır, qanunvericiliyin tələblərinə görə, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlə və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Bir daha qeyd edir ki, təqsirliliyi sübut etmək yükü barəsində protokol tərtib edilən şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirli deyil. İXM-nin 53.0.2-ci maddəsinin tələbinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının İXMnin 134.1.3-cü maddəsinə əsaslanaraq, Baş Dövlət Yol Polis İdarəsi təfərfındən tərtib edilmiş 28 sentyabr 2025-ci il tarixli EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləgv edib, Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsi ilə təqsirləndirilməyi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, avtomobilini yolayrıcından 5 metrdən az yaxınlıqda saxlayıb. O, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, məhəllə 29, ev 22/35 ərazisində avtomobilindən düşüb mağazaya getmiş, həmin vaxt avtomobilin arxa sərnişin oturacağında 2 nəfər olmuş və avtomobilin qapısı da açıq olmuşdur. Mağazadan gələndən sonra ona “sms-radar” vasitəsi ilə cərimə olunması ilə bağlı bildiriş göndərilmişdir. Orada olan yol polisi əməkdaşına yaxınlaşaraq polis əməkdaşından avtomobilini yolayrıcından 5 metrdən az məsafədə saxlamasını hardan bildiklərini və ölçmə aparılıb-aparılmamasını soruşmuşdur. Yol polisi əməkdaşı isə ona cəriməni onun yazmadığını, ondan əvvəlki yol polis əməkdaşının yazdığını bildirmişdir. Bundan sonra o, avtomobilində olan metrə ilə avtomobilindən yolayrıcına qədər olan məsafəni ölçmüş və həmin məsafənin 6 metrdən çox olduğunu müəyyən etmiş və bu vaxt ölçmənin videoçəkilişini aparmışdır. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və qərarla ona tətbiq olunan cərimənin və balın silinməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 həmin tarixdə, saat 14:20-də “NİSSAN SENTRA MİNİK” markalı, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət verən şəxs şikayətində və izahatında xx.xx.2025-ci il tarixində saat 14:20 radələrində Sumqayıt şəhəri, məhəllə 29, ev 22/35 ərazisində avtomobilindən düşüb mağazaya getdiyini, mağazadan gələndən sonra ona “sms-radar” vasitəsi ilə cərimə olunması ilə bağlı bildiriş gəldiyini, daha sonra o, avtomobilində olan metrə ilə avtomobilindən yolayrıcına qədər olan məsafəni ölçdüyünü və həmin məsafənin 6 metrdən çox olduğunu bildirmişdir. Elektron inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ30965679 nömrəli qərara əlavə edilmiş fotoşəkillərdən “NİSSAN SENTRA MİNİK” markalı, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun kənarında dayanması müşahidə edilir. Qeyd edilən şəkillərdən avtomobilin yolun hərəkət hissəsinin kəsişmə yerindən neçə metr məsafədə dayanmasını müəyyən etmək mümkün deyildir. Məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi, xx.xx.2025-ci il tarixli 3(060)-2981/2025 nömrəli sorğusu ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə xx.xx.2025-ci il tarixli EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati icraat materiallarının (foto, video materialların və s) təqdim edilməsi və nümayəndənin, qərarından şikayət vermiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş edilsə də, DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və qərarından şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və inzibati icraat materialları (foto, videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 14:20-də Sumqayıt şəhəri, 29-cu məhəllə, 22/35 ünvanında “NİSSAN SENTRA minik” markalı, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İXM-nin 346.5-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan yol hərəkəti qaydasını pozması faktı araşdırılmadan, onun həmin ərazidə həqiqətən də “yolun hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması və ya durması” faktı müəyyən edilmədən iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən halların müəyyən edilməsi üçün X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30965679 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar