Məhkəmə qərarları › İş №3(060)-2982/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2982/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2982/2024 05.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən 05 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-823/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə yaranmış 8400 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 məhkəmə iclasında çıxış edərək bildirdi ki, icra sənədi xx.xx.2013-cü il tarixdə icraata daxil olmuşdur. İcra sənədinə əsasən hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat, daha sonra məhkəmənin 2023-cü il tarixli qərarı ilə alimentin məbləği dəyişdirilərək hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat aliment ödənilməsi qərara alınmışdır. Borclu icra idarəsinə dəvət olunmuş, xx.xx.2023-cü il tarixdə borclunun 24400 manat aliment borcu olması ilə əlqədar barəsində protokol tərtib olunaraq məhkəmə təqdim olunmuş, tələbkar X3 məhkəməyə ünvanladığı ərizəsinə əsasən onların birgə nikah dövründə yaşadıqları müddət aliment borcundan silinərək 24400 manat deyil, 3600 manat borcu olduğunu bildirmişdir. 2023-cü ilin avqust ayında yeni aliment qərarı icraata daxil olmuşdur. Borclu ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, sms bildiriş göndərilmiş və yeni qətnamənin icrası ilə bağlı ona məlumat verilmişdir. Hazırda borclu şəxsin təqdim etdiyi ödəniş qəbzlərinə əsasən 8400 manat aliment borcu qaldığı müəyyən edilmişdir, lakin tələbkarın təqdim etdiyi bank hesabından çıxarışa əsasən borclu mütəmadi olaraq cəmi iki ay fasilə ilə 2023-cü ilin yanvar ayından başlayaraq bu günədək hər ay 250 manat ödəmiş, həmin ödənişləri də aliment borcundan çıxdıqda borclunun 5540 manat aliment borcu qalır. Borclu 2023-cü ilin avqust ayından hər ay 340 manat aliment ödəməli olduğu halda 90 manat əskik, yəni 250 manat ödəyir, buna görə də borcu yığılmışdır. Tələbkar şəxs də alimentin tam şəkildə ödənilməsini tələb edir. Borclu şəxsin istifadəsində olan mobil telefonlara çağırış vərəqəsi göndərilmiş, eyni zamanda borclu 2023-cü ilin sentyabr ayında icra idarəsində olmuş və izahatı alınmışdır. Barəsində bir dəfə axtarış elan olunmuş və xx.xx.2023-cü il tarixdə barəsində protokol tərtib edilmiş, lakin aliment borcunun məbləği protokolda qeyd olunmadığından protokol geri qaytarılmışdır. Bundan sonra yenidən borclu şəxsin barəsində protokol tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş və protokola xitam verilmişdir. Borclu şəxsin rəsmi iş yeri olsa da onun gəlirinin 70 faizindən artıq tutulma aparıla bilməz və özü hər ay 250 manat ödəniş etdiyindən borc əmək haqqısına yönəldilə bilmir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, hər ay 250 manat aliment ödənişi edir, yalnız iki ayın pulunu başqa karta ödəmişdir, bu barədə bankdan çıxarış edib təqdim edəcəkdir. Onun aliment məbləğinin 340 manat olmasından xəbəri yoxdur, ona rəsmi sənəd gəlməmiş və qətnaməni görməmişdir. Bu barədə iki ay bundan öncə icra məmuru tərəfindən məlumatlandırılmışdır. Hazırda 200 manat ödəyə bilər, gələn aydan 500 manatdan ödəniş edəcəkdir. Aliment borcunun olmasını qəbul edir. Sadəcə olaraq protokolda qeyd olunan 8400 manat məbləğdə deyil, 5540 manat borcunun olması ilə razılaşır. Bu səbəbdən məhkəmə tərəfindən barəsində veriləcək tənbehlə razıdır. Müdafiəçi Vəkil inzibati xəta haqqında protokolun təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, borclunun alimentin məbləğindən xəbəri olmuş, məhkəmə iclasında da iştirak etmişdir. İki uşağın saxlanılmasında çətinlik çəkir, iki işdə işləyərək uşaqları saxlayır. Daha əvvəl də ona güzəşt etmişdir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Borcun ödənilmədiyi halda borclu şəxsin həbs edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi, tələbkarı və müdafiəçini dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-823/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması Şəxs hər ay hər uşaq üçün 100 manat, xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 üç yaşına çatana qədər ana üçün hər ay 50 manat, cəmi hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir - Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus bank hesabından çıxarışlardan görünür ki, X3 hesabına müxtəlif vaxtlarda aliment ödənişləri edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs barəsində 8400 manat aliment borcunun üzrsüz səbəbdən ödənilməsi ilə bağlı protokol tərtib olunsa da, sonuncunun aliment borcunun zərərçəkmişin də etirafedici izahatları ilə 5540 manat olması müəyyənləşdirildi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, hazırda inzibati məsuliyyətə cəlb edilməsi əsası onun məhkəmə qərarının qəsdən icra edilməməsi ilə bağlıdır. Məhkəmə alimentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, aliment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılanmasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. Məhkəmə araşdırması zamanı borclunun protokolda qeyd olunan məbləğdə deyil, 5540 aliment borcunun olması müəyyən edilsə də, yenə də icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq lazımi qaydada ödəniş etmədiyini, məhkəmə qərarı ilə şəxsdən tutulan alimentə nisbətdə borcun kifayət qədər yüksək olduğunu, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar