Məhkəmə qərarları › İş №3(060)-2985/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2985/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2985/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həmin gün müharibə iştirakçısı dostu ondan yeni anadan olmuş övladının xəstəxanadan çıxarılması üçün onun avtomobilinin bəzədilməsini və onunla Bakı şəhərinə getməsini xahiş etmişdir. Dostu imkansız olduğundan o dostu ilə razılaşmış və onun avtomobili bəzədilmişdir. Onlar birlikdə Bakı şəhərinə gedərək uşağı xəstəxadan çıxararaq Sumqayıta qayıtmışlar. Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında DYP əməkdaşı tərəfindən saxlanılmışdır. DYP əməkdaşı ona etdiyi qayda pozuntusunu izah edərək avtomobilnin arxa nömrəsinin tüllə bağlandığını bildirmişdir. O, yerindəcə tülü çıxartmışdır. Lakin, buna baxmayaraq DYP əməkdaşı ona avtomobilinin cərimə meydançasına yerləşdiriləcəyini demişdir. Onun avtomobili cərimə meydançasına yerləşdirilmiş və 3 gün orda saxlanılmışdır. O, bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra onu Sumqayıt ŞPİ DYPŞ-yə dəvət edərək onun barəsində protokol tərtib olunduğunu və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərildiyi bildirilmişdir. Himayəsində xəstə ata və anasının olduğunu nəzərə alaraq ona güzəşt olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun etirafedici izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə Ağaquliyev küçəsinin kəsişməsində hərəkətdə olan zaman “Mercedes Benz C240” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa nömrəsinin görüntüsü məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Mercedes Benz C240” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Nərimanov küçəsi ilə Ağaquliyev küçəsinin kəsişməsində hərəkətdə olan zaman avtomobilin arxa nömrəsinin görüntüsü məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar