Məhkəmə qərarları › İş №3(060)-2988/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2988/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2988/2023 27.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. İş materiallarından görünür ki, şikayət verən şəxs tərəfindən şikayət ərizəsində fərdi identifikasiya nömrəsi və zəruri olan digər məlumatlar qeyd olunmamış, şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) şikayət ərizəsinə əlavə edilməmişdir. Bununla yanaşı iş materiallarında olan şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanı, araşdırma aparılan və qərar qəbul edilən orqan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protesti səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Maddənin məzmunundan göründüyü kimi, imperativ olaraq inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır, işə şəxsin yaşadığı yer üzrə baxılması isə dispozitiv norma kimi qeyd olunur. İş materiallarından əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən binanın 20 sakini tərəfindən hadisəni yazılı şəkildə təsvir etməklə sözügedən inzibati tənbeh haqqında qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət ünvanlanmışdır. Həmin şəxslərin şahid qismində dindirilməsi, həmçinin inzibati xəta üzrə zərərçəkmiş şəxsin mövcudluğu, bilavasitə aid olduğu işdə iştirak etmək hüququ və mövqeyinin öyrənilməsi zərurəti nəzərə alınmalıdır. İnzibati xəta Bakı şəhəri, Nəsimi rayon ərazisində baş verdiyi, araşdırmanın ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən aparıldığı, zərərçəkmiş şəxs və şahid qismində dindirilməli olan şəxslərin Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən binanın sakinləri olduğu halda barəsində tənbeh verilmiş şəxsin qərarın ləğvinə dair şikayəti vəsatətlə qeydiyyatda olduğu ünvan üzrə rayon (şəhər) məhkəməsinə birbaşa müraciət etməsi prosessual qənaət prinsipinin və məhkəmədə səmərəli araşdırma tələbinin pozulması ilə nəticələnə bilər. X3 izah edilsin ki, şikayət ərizəsinə səxsiyyətini təsdiq edən sənəd əlavə etməklə barəsində inzibati tənbeh haqqında qəbul edilmiş qərardan inzibati xətanın baş verdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli, yalnız bundan sonra həmin məhkəmə tərəfindən şəxsin vəsatəti təmin olunduğu halda şikayət ərizəsi aidiyyatı üzrə baxılması üçün şikayət verən şəxsin yaşadığı yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Həmin Qərarda qeyd olunmuşdur ki, öz növbəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayətin yalnız şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə verilməsini müəyyən edir. Belə olan halda barəsində qərar çıxarılmış fiziki şəxs və ya zərər çəkmiş şəxs (şəxslər) hər biri ayrılıqda qeydiyyatda olduqları ünvan üzrə şikayət vermək hüququnu əldə etmiş olurlar. Bu cür vəziyyət prosessual qənaət prinsipinin pozulmasına və inzibati xətalar qanunvericiliyinin qeyrieffektivliyinə səbəb ola bilər. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar