Məhkəmə qərarları › İş №3(060)-2990/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2990/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2990/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 05.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, Nırimanov küçəsi, "Yaqut" studiyanın açılışında vətəndaşların sıx toplaşmasının qarşısını alan zaman polis əməkdaşlarına qarşı kobudluq edərək tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Şəxs 05.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, Nırimanov küçəsi, "Yaqut" studiyanın açılışında vətəndaşların sıx toplaşmasının qarşısını alan zaman polis əməkdaşlarına qarşı kobudluq edərək tabesizlik göstərmişdir. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 05.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, Nərimanov küçəsi, mərkəzi bazara yaxın yerləşən "Yaqut" studiyasının tanıtım tədbirində dj dostu Rza orada iştirak etdiyi üçün yanında olmuşdur. Həmin tədbir təxminən saat 14:00 radələrində başlamışdır. Təxminən tədbir 1 saat davam etmişdir. Həmin studiyanın qarşısında musiqi müşayiəti altında ora toplanan şəxslərlə bağlı yəqin ki, sosial məsafənin pozulması ilə əlaqədar həmin yerə polis əməkdaşları yaxınlaşmış və orada olan iştirakçıları qaydalara uymağa çağırmışlar. Bu zaman tədbir yekunlaşmışdır. Tədbir yekunlaşdığı üçün dostuna kömək etmək məqsədi ilə ora yaxınlaşmış və o zaman orada olan polis əməkdaşlarından biri yolu keçərkən ona kobud müraciət etmiş və o da ona onunla bu tərzdə danışmamağı bildirmiş və dostunun musiqi alətini götürüb onlara yaxınlaşacağını bildirmiş və hərəkətinə davam etmişdir. Lakin bu zaman polis əməkdaşları onu səbəb göstərmədən məcbur avtopatrula əyləşdirmişdir və onu polis bölməsinə gətirmişlər. 05.09.2021-ci il tarixdə, saat 19:00-da tutulmuş, 06.09.2021-ci il tarixdə, saat 09:00-da azad olunmuşdur Polisə tabe olmaması anlaşılmazlıqdan olmuşdur. Etdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahidlər polis serjantı X3 və X4 da tərtib olunmuş protokola uyğun izahat verdilər. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs ağırlaşdıran hallar müəyyən olunmadı, məsuliyyətini yüngülləşdirən hal isə əməlindən peşman olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə olan tutma protokolundan görünür ki, Şəxs 05.09.2021-ci il tarixdə, saat 19:00da tutulmuş, 06.09.2021-ci il tarixdə, saat 09:00-da azad olunmuşdur. Bu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs 05.09.2021-ci il tarixdə, saat 19:00-dan 06.09.2021-ci il tarixə, saat 09:00-dək tutulduğu müddət nəzərə alınsın və üzərində 100 (bir yüz) manat cərimə cəzası saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar