Məhkəmə qərarları › İş №3(060)-2994/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2994/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2994/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – X3, Tələbkar - X8 iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay iki uşağa görə 216 manat, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 308 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir, borclu icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq boyun qaçırır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13134/2015 saylı, 28 dekabr 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanması üçün xx.xx.2015-ci tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulması, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6059/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay, hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub Zərərçəkmiş şəxs verilməlidir. Borclu bu günə kimi borcundan 330 manat ödəniş etmişdir. Hal-hazırda 8170 manat borcu vardır. Borclunun barəsində əvvəllər də inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin tələbkar borclunun ödəniş edəcəyini düşünərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hal-hazırda borclu icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq boyun qaçırır. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X10 izahatında göstərdi ki, alimentin ödənilməsini tələb edir. Uşaqların saxlanmasında çətinlik çəkir. Borclu aliment kəsilən vaxtdan bu günə kimi cəmi 330 manat ödəniş etmişdir. Məhkəmədən borclu barəsində qanunauyğun şəkildə tədbir görülməsini xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, birgə mülkiyyətində olan evi vardır. Onu satışa çıxarmışdır. Evin satışından əldə edəcəyi puldan 10000 manat uşaqlarına vermək istəyir. Hal-hazırda işləmir. İşlədikdən sonra ödənişlər edəcəkdir. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkar şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materillarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13134/2015 saylı, 21 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanması üçün xx.xx.2015-ci tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materillarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6059/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2003-cü il tarixdə doğulmuş X2 və hər ay 154 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-671/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadın surətindən görünür ki, Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)355/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materillarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Polis İdarəsinin 123-44692-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ tərəfindən xx.xx.2022-ci il tarixdə 731387 saylı axtarış işi açılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun məhkəmə qərarından xəbərdar olmuş, onun icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qıda, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbəri olmasına baxmayaraq lazımınca ödəniş etmədiyini, icra məmurunun çağırışlarından yayındığını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olduğunu nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar