Məhkəmə qərarları › İş №3(060)-2995/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2995/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2995/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi tərtib edilmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:00 radələrində Corat qəsəbəsi, ev 61 ünvanının həyətində X2 ayağına təpiklə zərbə endirib qolundan dartışdırıb onu döymüşdür. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 03:00 radələrində Corat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 61 ünvanının həyətində X2 ayağına təpiklə zərbə endirib qolundan dartışdıraraq onu döymüş və barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında Şəxs içki aludəçisi olduğunu bildirmiş, qeyd etmişdir ki, sonuncu dəfə Pərviz onun yaşadığı ünvan 3 ünvanına gəlmiş və onu qapıda gözlədiyini bildirmişdir. O, qapıya çıxmış və Pərvizin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Bu zaman Pərviz onunla mübahisə etməyə başlamış və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra o, DİN-in 102 xidmətinə məlumat vermək istədikdə Pərviz telefonu əlindən alaraq onun ayağına təpiklə bərk zərbə endirmiş, bu zaman o, yerə yıxılmışdır. Qeyd olunanların nəzərə alınaraq qanunauyğun qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında zərərçəkmiş şəxs X2 yalan danışmasını, ona barmağının ucu ilə belə toxunmadığını bildirmişdir. Həmin gün zərərçəkmiş şəxs X6 özü onu evə çağırmış və dəfələrlə uşağın onu görmək istədiyini bildirdiyi üçün o, məcbur qalıb getmişdir. Nərmin onu görüb bədənində olan qançırları özü etdiyini, lakin polisə ondan şikayət edəcəyini bildirmişdir. Bu zaman o, taksiyə minib geri qayıtmışdır. O, Nərmini heç vaxt döyməmişdir. Nərmin uşağı göstərməyəcəyi ilə onu hədələmişdir. Hal-hazırda uşağın saxlanması üçün aliment ödəyir. Hesab edir ki, zərərçəkmiş şəxs onun anası ilə olan münaqişənin heyfini ondan çıxmağa çalışır. Qeyd edilənlərə əsasən Şəxs protokolun təmin edilməməsini xahiş etmişdir. Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə qarşı sözügedən əməli törətməsi sübuta yetirillədiyini, Şəxs “Aprel döyüşləri” iştirakçısı olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o, iki aydır uşağın saxlanması üçün aliment ödəyir, onun daimi yaşayış yeri vardır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 1664 nömrəli MTE-nin ekspert rəyinə əsasən X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ saidin, sağ bazunun və sol baldırın qançırları, hər iki bazunun sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, həmin xəsarətlərdən - sağ saidin, sağ bazunun və sol baldırın qançırları müayinədən 1- 2 gün əvvəl olmaqla qərarda göstərilən 22.09.24-cü il tarixdə əmələ gələ bilərdilər, hər iki bazunun sıyrıqları isə müayinədən 5-6 həftə əvvələ uyğun gəlir və həm ümumilikdə, həm də ayrı-ayrıldıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis leytenantı X7 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. X3 xx.xx.2024-cü il tarixli izahatında övladı X2 təxminən 2024-cü ilin mart ayından etibarən qaynanası Rəsmiyyə və həyat yoldaşı Pərvizlə aralarında münasibətləri pozulduğu üçün onunla bir yerdə yaşadığını, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində kürəkəni Pərviz ona mobil telefona zəng etməsini, yuxulu olduğundan cavab verməməsini qeyd etmiş, bu zaman həyətdə səs-küy qopduğunu eşitmiş və Pərvizin yaşadıqları ünvana gəldiyini başa düşmüşdür. Daha sonra həyətə çıxanda Pərvizin Nərminin qolundan tutub sıxdığını görmüş, bu zaman Pərvizə etirazını bildirmişdir. Pərviz isə ona nənəsigilə nə üçün getdiklərini soruşmuşdur. Pərviz içkili olmuş, Nərminlə mübahisə etdikdən sonra isə çıxıb getmişdir. Şəxs məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərində Füzuli rayonunda hərbi hissənin tərkibində dizelçi vəzifəsində xidmət etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan inzibati xəta haqıqnda protokol, ekspert rəyi, zərərçəkmişin izahatı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar