Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2999/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X6, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025 -cü il tarixli MN1897424 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikasının İXM-nin 275.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2500 manat məbləğində cərimə olunmuşdur. Qərardan narazıdır və aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, Sumqayıt şəhəri, 29-cu məhəllədə Osmanlı restoranı 3 aydır ki, fəaliyyət göstərir. Qonşuluqda olan şəxslərdən biri havalandırma sistemi düzgün işləməməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şikayət etmişdir. Sonradan Ekologiyanın əməkdaşları da gəlib yoxlama aparmış, havalandırma ilə əlaqədar hər hansı maneənin, problemin olmadığı demişdir. Həmin şəxslə əlaqə saxlanılaraq səs-küyün səviyyəsinin normativlərə uyğun olduğu bildirildi. Hətta restoranda izolyasiya işləri aparılmışdır. Lakin, bütün bunlara baxmayaraq sonradan inzibati tənbeh vermə haqqında qərar verilərək Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən “Osmanlı” restoranının havalandırma sistemində yaranan səs-küyün səviyyəsinin yolverilən normativlərdən artıq olması qeyd edilmişdir. Onu da qeyd etmişdir ki, qərarı rəsmi olaraq poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə əldə etmişdir. O, qərarı ədalətsiz hesab edərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X8 bildirmişdir ki, onun Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində, bazarın arxasında yaşayış binalarından 3 metr uzaqlıqda restoranı fəaliyyət göstərir. Qonşular havalandırma cihazının motorunun səsinə görə narazı olduqları üçün o, havalandırma cihazının motoru yenidən yığdırmışdır ki, onları narahat etməsin. Daha sonra, hətta motoru ustaya aparmış və usta motorda heç bir problemin olmadığını bildirmişdir. O, axşam saat 8-dən sonra motorun səsi gəlməsin deyə onu söndürmüşdür. Bundan sonra qonşular gələn səslə əlaqədar Ekologiya Nazirliyinə şikayət etmişlər. Qonşuların şikayəti əsasında idarənin əməkdaşları restorana gəlmiş, daha sonra ölçmə işləri aparmış, gələn səs-küyün 2 faiz çox olduğunu və qonşuların şikayəti ilə bağlı məsələni həll etməsini bildirmişlər. Daha sonra qonşular onun xəbəri olmadan idarəyə şikayət etmişlər və onun iştirakı olmadan bu dəfə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölçmə aparılmış və barəsində protokol tərtib edilmişdir. Hazırda o, restorandan gələn səs-küyün aradan qalxdığını, qonşuların da şikayəti olmadığını, birinci dəfədir belə bir hadisənin başına gəldiyini bildirərək, məhkəmədən iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində “Osmanlı” rsetoranından gələn səs-küylə əlaqədar sakinlərin şikayəti əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölçmə aparılmışdır. Belə ki, ölçmə şikayət edən vətəndaşın evindən aparılmış və səs-küy üçün norma 40 desibel olduğu halda, ölçmə nəticəsində səs-küyün 49 desibel olduğu aşkar olunmuşdur. Protokol tərtib edilərkən müfəttiş tərəfindən şikayətçilərin izahatları alınmış və protokol tərtib edilən dövrdə də həmin şəxslər şikayətçi olduqlarını bildirmişlər. Göstərilənlərə əsasən məhkəmədən inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikası İXMnin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cəimə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 91556 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, 20 Yanvar küçəsində yerləşən “Osmanlı” restoranının havalandırma sistemində yaranan səs-küy səviyyəsinin ölçülməsinin nəticəsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən idarəyə daxil olmuş xx.xx.2025-ci il tarixli səs və titrəmənin 264 nömrəli müayinə protokolu ilə əlaqədar şikayətçilər Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 22/15 mənzil 7 və 21-də yaşayan X3 və X4, “Osmanlı” restoranının rəhbəri X6 iştirakları ilə araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə şikayətçi Elman Məhərrəmlinin yataq otağında aparılan ölçmə zamanı “Osmanlı” restoranının havalandırma sistemindən çıxan səs-küy səviyyəsi 49 dBA (norma 40 dBA) müəyyən edilmişdir. Bununla da, Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən “Osmanlı” restoranının rəhbəri X8 tərəfindən “Ətraf Mühitin mühafizəsi haqqında” qanunun 46-cı maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 796 saylı Fərmanı ilə təsdiq olunmuş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələrinin normalarının tələbləri pozulmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 3-28-15/2-2464/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Elman Məhərrəmli tərəfindən yaşadığı binanın yaxınlığında yerləşən “Osmanlı” restoranına məxsus havalandırma sistemindən mənzilinə daxil olan yüksək səs-küydən yaranan narazılıq ilə əlaqədar səs-küyün yol verilən həddi ölçülmüş və nəticələrinə dair xx.xx.2025-ci il tarixli, 264 nömrəli protokolda səs-küyün səviyyəsi yataq otağında 49 dBA (norma 40 dBA) müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli Məhərrəmli Elman və Musayev Bəhruz tərəfindən verilmiş izahatlardan görünür ki, yaşadıqları mənzilin qarşısında yerləşən “Osmanlı” restoranında mövcud olan ventilyatorun motorundan ətrafa yayılan səs-küyün miqdarı yüksək olduğundan onları narahat edir və bu hal hələ də davam edir. Təqdim edilmiş Kalibrləmə sertifikatından görünür ki, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin istifadə etdiyi ölmə vasitəsi -səs-küy ölçən istehsalçı Sper Scientific, tipi 840015, seriya nömrəsi İ.13966, kalibrləmə tarixi 20.11.24, kalibrləmə nişanı 02367, tövsiyə olunan kalibrləmə tarixi 19.11.25-dir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş materialları tədqiq edərək qeyd edir ki, X6 şikayəti təmin edilməməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, 20 Yanvar küçəsində yerləşən “Osmanlı” restoranının havalandırma sistemində yaranan səs-küylə bağlı sakinlərin şikayəti əsasında “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən ölçmə işləri aparılmış, səs-küyün yol verilən həddi şikayətçi Elman Məhərrəmlinin məxsus mənzilin yataq otağında ölçülmüş, səsküyün səviyyəsinin yataq otağında 49 dBA (norma 40 dBA) olması müəyyən edilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs də səs-küyün normadan çox olmasını qeyd etmiş, daha sonra tərəfindən tədbirlər görüldüyünü, səs-küyün aradan qaldırıldığını və sakinlərin şikayətinin olmadığını, ilk dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qərardan şikayət verən şəxsin pozuntunu aradan qaldırması onun inzibati xətaya görə məsuliyyətdən azad edilməsinə əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X6 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2999/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2999/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver