Məhkəmə qərarları › İş №3(060)-30/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-30/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-30/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında icraatın başlanmasına dair qərar qəbul etmiş orqan Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi, Sumqayıt Şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X1, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şəxs barəsində 27 noyabr 2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsindəki “İnci” marketin yanında yerləşən Şəxs məxsus olan çayxanada d-20 mm-lik plasmas boru vasitəsilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə edilmiş və nəticədə 2.052 manat maddi ziyan dəymişdir. Sumqayıt şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Şəxs barəsində tərtib olunmuş 27 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 dekabr 2020-ci il tarixə təyin olunmuş, lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli və 16 yanvar 2021-ci il tarixli məlumatlarına əsasən işin baxılması 09 fevral 2021-ci il tarixə təyin olunmuşdur. 09 fevral 2021-ci il tarixdə sübutların tədim olunması ilə bağlı işin baxılması 15 fevral 2021-ci il tarixə təxirə salınsada, 15 fevral 2021-ci il tarixdə məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi gəlmədiklərindən məhkəmə iclası 18 fevral 2021-ci il tarixə təxirə salınmışdır. 18 fevral 2021-ci il tarixli məhkəmə iclasında Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsindəki «İnci» marketin yanında yerləşən çayxananın sahibkarı Şəxs tərəfindən Sumqayıt Sukanal İdarəsi ilə aralarında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz-su saycağı quraşdırılmadan d-20 mm-lik plasmas boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və “xxxx” ASC tərəfindən verilmiş 20.08.2020-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 2.052 manat təşkil edir. Şəxs şəhər prokurorluğuna verdiyi izahatında həmin çayxananın 2020-ci ilin mart ayından cəmi 2-3 gün fəaliyyət göstərdiyini və müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə etdiyini, «Covid-19» pandemiyası yarandığı mart ayının axırlarından çayxananın fəaliyyət göstərmədiyini, 25 avqust 2020-ci il tarixdə həmin obyektə su sayğacı quraşdırıldıqdan hal-hazıradək 1,5 m3 su sərf olunduğunu, onun da məbləğinin təxminən 5 manat təşkil etdiyini, buna görə də 2-3 gün sudan qanunsuz istifadə etdiyi üçün onun 2.052 manat məbləğində cərimə borcunun olmasına dair yazılan aktın qanunsuz olduğunu göstərmişdir. Lakin Şəxs çayxananın 2-3 gün fəaliyyət göstərdiyi, 2020-ci ilin mart ayının axırlarından fəaliyyət göstərməyinə dair hər hansı mötəbər sənəd təqdim etməmişdir. Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. 18 fevral 2021-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənov X3 xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt şəhəri Xəzər bağları massivində yaşadığı evin kənarında təxminən 24 kv metr sahədə çayxana düzəltmiş, bu 2020-ci ilin mart ayının təxminən 20 tarixində olmuş, həmin çayxananın sənədi yoxdur, lakin həmin vaxt Covid-19 pandemiyası yarandığından heç işlətməmişdir. O, evinin su xəttindən 20 mm lik su borusundan sudan istifadə etmiş, bu sayğacdan sonra olmuş, həmin vaxt bunun müqaviləsi olmamışdır. Pandemiya olduğuna görə çayxana işləməmişdir, arada 2-3 gün ola bilsin ki, istifadə olunmuşdur. 20 avqust 2020-ci il tarixdə «Sumqayıt su kanal» idarəsinin əməkdaşları onun çayxanasına baxış keçirtmiş və akt tərtib etmişlər ki, onlar fotoşəkil çəkərək və tərtib olunmuş aktı özləri imzalamışlar. Şəxs qeyd olunanların nəzrə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxsin, qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Həsənov X3 Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim olunan “xxxx” ASC-nin abonent haqqında məlumatının çıxarışından görünür ki, 07.09.2020-ci il tarixdə su sayğacı qurlaşdırılmış, su sayğacına 18 m3 su yüklənib, istifadə olunmuş su sərfiyyatı 10 m3 və su sayğacına yüklənən suyun dəyəri 36 manat təşkil edir. İş materiallarında olan “xxxx” ASC-nin Şəxs barəsində 26.11.2020-ci il tarixli qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatı aktından müəyyən olunur ki, qanunsuz istifadə olunan borunun diametri d-20 mm, sudan sutkada istifadə vaxtı 5 saat və hesabat verilən dövr üzrə 12 ay hesabla “xxxx” ASC-yə 2.052 manat ziyan dəyməsi qeyd olunmuşdur. İş materiallarında olan 20.08.2020-ci il tarixli 007059 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-20 mm-lik plastmas boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə etməklə 2.052 manat dəyərində "xxxx" ASC-yə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1955-ci ildə Qubadlı rayonu, Qayalı kəndində doğulmuş, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar