Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-30/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs Hüseynov Əmiraslan Muxtar oğlunun, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Hüseynov Əmiraslan Muxtar oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynov Əmiraslan Muxtar oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 Muxtar oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 aprel 2024-cü il tarixli, MN 17844136 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Hüseynov Əmiraslan Muxtar oğlu Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Belə ki, ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 04 mart 2024-cü il tarixli, 145/1 nömrəli balıqovlama bileti verilmişdir. Həmin bilet xx.xx.2024-cü il tarixədək qüvvədədir. Həmin biletdə də ov alətlərinin növü, miqdarı və istifadə müddətləri aşağıdakı qaydadadır. 5 ədəd, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi siyənək torları-5 ədəd, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi. Bundan başqa motorlu taxta qayıq-1 ədəd ABA 1044 ov gəmisinin tipi kimi göstərilmişdir. O da həmin qaydalara əməl edərək ov etmişdir. Hesab edir ki, onun barəsində tərtib edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ədalətsizdir və ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Hüseynov Əmiraslan Muxtar oğlu şikayətini müdafiə edərək eyni məzmunlu çıxış etmiş, həmçinin bildirmişdir ki, onu torla tutmayıblar. O, külli miqdarda balıq ovlamamış, onda tor olmamış, balığı qarmaqla ovlamışdır. O, rezin qayıqdan istifadə etməklə qarmaqla (tilovla) 2 ədəd kütüm və 3-4 ədəd zalom balığı ovlamışdır. Qarmaqla balıq ovu isə qanunla qadağan edilməyib. Təqdim edilən şəkillərdəki balıqlar onun tutduğu balıqlar deyil, şəkildəki balıqların onun tutduğu balıqlar olmasını sübut edən heç bir sübut təqdim edilməmişdir. Həmçinin, inzibati orqan tərəfindən video görüntülər də təqdim edilməmişdir. Bundan başqa, onun inzibati icraatın aparılmasından da məlumatı olmamışdır. Göstərilən halları nəzərə alaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, Hüseynov Əmiraslan Muxtar oğlunun barəsində inzibati cərimənin tətbiq edilməsinə dair qərar onun balıq ovu biletində göstərilən motorlu qayıqla deyil, rezin qayıqla balıq ovlamasına görə tərtib edilmişdir. Balıq ovu nəticəsində 165 manat ziyan dəymişdir. O, qarmaqları idarəyə təqdim etməmişdir. İstifadə edilən qayıq balıq ovu biletindəki qayıq olmamışdır. Şikayətçi tərəfindən vətəgə jurnalı da təhvil verilməyib. Onun balıqları hansı alətdən (yəni qarmaqdan və ya tordan) istifadə etməklə ovlaması isə müəyyən edilməmişdir. Video görüntülərin isə artıq mövcud olmadığını qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, Novxanı kəndi, Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovu fəaliyyəti ilə məşğul olduğundan Hüseynov Əmiraslan Muxtar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Hüseynov Əmiraslan Muxtar oğlu tərəfindən qanunsuz olaraq 5 (beş) ədəd kefal balığı, 4 (dörd) ədəd siyənək balığı, 1 (bir) ədəd kütüm balığı, 1 (bir) ədəd şamayı balığı, ümumilikdə 11 ədəd balığı “Balıqovlama Bileti”ndə ABA-1044 olan motorlu qayıqla deyil, taxta qayıqla ovlanması faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 145\1 nömrəli Hüseynov Əmiraslan Muxtar oğlunun balıqovlama biletində vətəgə obyektinin növü və limit: siyənək 0,1 ton, kütüm 0,05 ton, külmə 0,05 ton, kefal 0,05 ton, çəki 0,03 ton; ov gəmisinin tipi, adı və göyərtə nömrəsi qrafasında- Motorlu taxta qayıq-1 ədəd ABA-1044 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Hüseynov Əmiraslan Muxtar oğlu Sumqayıt şəhəri, Novxanı kəndi, Xəzər dənizi akvatoriyasında qarmaqdan istifadə etməklə rezin qayıqla balıq ovlamasını bildirmiş, inzibati orqanın səlahiyyətli nümayəndəsi şikayət verən şəxs tərəfindən hansı alətdən istifadə etməklə, yəni onun qarmaqla və ya torla balıq ovlamasının tərəflərindən müəyyən edilmədiyi bildirmiş və buna dair hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda Hüseynov Əmiraslan Muxtar oğlunun balıqovu biletində göstərilən motorlu qayıqla deyil, digər qayıqla balıq ovlamasına əsasən tərtib edilməsi qeyd olunsa da, onun hansı alətdən istifadə etməsi müəyyən edilməmiş, buna dair hər hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Qeyd edilən maddənin dispozisiyasında balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulması, yəni - lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə görə və ya müntəzəm olaraq pozulması səbəbindən inzibati təhbehin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında xətanın mahiyyəti dəqiq göstərilməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadığından, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüseynov Əmiraslan Muxtar oğlunun şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-30/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-30/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver