Məhkəmə qərarları › İş №3(060)-3003/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3003/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3003/2023 30.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, Tələbkar - Zərərçəkmiş şəxs1, Tələbkar - Zərərçəkmiş şəxs3, Tələbkar - Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X10 tərəfindən 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5657 saylı, 2(060)-5145 saylı, 1(060)-330 saylı, 2(060)-5625 saylı icra sənədləri ilə əlaqədar borcları üzrsüz səbəbdən icra etməməklə yanaşı icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 24000 manat məbləğində pul tutularaq X2, 3000 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2, 6000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5657/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1805 manat əsas borc, 410,54 manat faiz borcu, 87,16 manat və 30 manat dövlət rüsumu tutularaq Dəmirbank ASC-yə ödənilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5625/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 411 manat məbləğində borc və ödənilmiş 21 manat dövlət rüsumu tutulmalıdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5145/2011 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9000 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 verilməlidir. Lakin borclu icra sənədləri ilə əlaqədar borcları üzrsüz səbəbdən icra etməməklə yanaşı icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Borclu Şəxs qeyd olunan icra sənədini icra etməməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs olunmuşdur. Həmin məhkəmə iclasında ödəniş etmək üçün vaxt istəmiş, daha sonra məhkəmə iclasına gəlmədiyinə görə barəsində axtarış elan olunmaqla tutulmuşdur. Hazırda borclu qeyd olunan icra sənədi üzrə tələbi il ərzində təkrarən icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu icra sənədi üzrə tələbkar X2 4000 manat, Zərərçəkmiş şəxs2 300 manat, Zərərçəkmiş şəxs1 500 manat, Zərərçəkmiş şəxs3 2250 manat ödəniş etmişdir. Borclu tərəfindən 2023-cü ildə heç bir ödəniş olmamışdır. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, iki ildir ki, cəzaçəkmə müəssisəsindən çıxmışdır. Buna görə də iş tapmaqda çətinlik çəkir. Bir ara repititorluq etmiş, həmin dövrdə ödənişlər etmişdir. Bundan sonra tələbkarlar onun barəsində DİN-nin 102 xidmətinə şikayətlər etdiklərindən o da heç bir hərəkət edə bilmir. O, tələbkarlardan vaxt istəmişdir, lakin ona imkan vermirlər. Himayəsində üç azyaşlı övladı vardır. Polis hər dəfə onun evinə gəldiyi zaman uşaqlar qorxurlar. Qardaşı bu işə görə onunla düşməndir. Qohum-əqrəba ilə münasibəti yoxdur. Həbsdə olduğu müddətdə 1000 manat, çıxdıqdan sonra isə 5500 manat ödəniş etmişdir. İmkanı olmadığından, ödəniş edə bilmədiyindən çağırışlara getməmişdir. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Müdafiəçi Vəkil borclunun himayəsində üç azyaşlı övladının olmasını və ödəniş etmək istəməsinin nəzərə alınmasını xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs3 bildirdi ki, borclu ona 2012-ci ildən borcludur, lakin borcunu ödəmir. Hər dəfə onu aldadaraq karta pul köçürdüyünü, poçta pul köçürdüyünü bildirmiş, lakin heç nə göndərməmişdir. Borcluya on ildən artıqdır ki, möhlət vermişdir. Pulunun ödənilməsini tələb edir. Əks təqdirdə borclunun həbs edilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs2 bildirdi ki, borclu hər dəfə yalanlar danışaraq onları və məhkəməni aldadır. Sonuncu məhkəmə iclasında ödəniş etmək üçün 10 gün vaxt istəmiş, lakin məhkəmədən qaçıb gizlənmişdir. Borclu hər dəfə tutulub çıxmasına baxmayaraq heç bir ödəniş etmir. Pulunun ödənilməsini tələb edir. Əks təqdirdə borclunun həbs edilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs1 bildirdi ki, borclu neçə ildir onları aldadaraq pullarını mənimsəmişdir. Hər dəfə yalan vədlər verir, lakin pulu ödəmir. Dəfələrlə özünə də, borclunun qardaşına da xəbərdarlıq etmişdir. Borclunun anası ilə bağda qapı qonşudurlar. Qardaşı borclu ilə danışmadığını bildirsə də onları birlikdə bağda görmüşdür. Borclu ona borcundan cəmi 500 manat ödəniş etmişdir. Qalan pulunun ödənilməsini tələb edir. Əks təqdirdə borclunun həbs edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar X5, "xxxx" ASC-nin və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-330/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 24000 manat məbləğində pul tutularaq X2, 3000 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2, 6000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5657/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1805 manat əsas borc, 410,54 manat faiz borcu, 87,16 manat və 30 manat dövlət rüsumu tutularaq Dəmirbank ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5625/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 411 manat məbləğində borc və ödənilmiş 21 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5145/2011 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 9000 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 7(060)-128/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2692/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə növündə tənbeh təyin edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2023-cü il tarixdə 734035 saylı axtarış işi açılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-926/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və Şəxs 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Elekton Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladları vardır. İş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, borclu Şəxs barəsində axtarış qərarının icrası zamanı polis tərəfindən borclunun ünvanında mobil telefon vasitəsi ilə videoçəkiliş qeydə alınmış və Şəxs yanında iki azyaşlı qız uşağının olması müşahidə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, borcun ödənilməsindən boyun qaçırmaq məqsədi ilə yayınmağa çalışmış, icra sənədi üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Belə ki, borclu bu günə qədər yaranmış borcundan əhəmiyyətli ödəniş etməmiş, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq il ərzində təkrarən icra sənədinin icra edilməsindən boyun qaçırmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsindən görünür ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən Şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuiyyətini yüngülləşdirən haldır. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranması, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu, himayəsində azyaşlı övladlarının olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi qanunun tələbinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilə bilməz. Borclunun himayəsində üç azyaşlı övladı olduğundan onun barəsində alternativ tənbeh tədbiri, yəni cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. İş materiallarından göründüyü kimi Şəxs faktiki olaraq 30 dekabr 2023-cü il tarixdə tutulmuşdur, borclu polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən ona cəza təyin edilərkən həmin müddət nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşıH.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı) Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X3rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar