Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3004/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar Abdullayevin, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci-ci il tarixdə Siyəzən rayonu, Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Siyəzən rayonu, Dağquşçu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, X6 qəsəbəsi, ev 19, mənzil 16 ünvanında kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilən protokoldan ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri "xxxx" MMC adlı zavodun giriş hissəsində telefonların saxlanılması üçün nəzərdə tutulan rəfdən X3 məxsus telefonu oğurlamış və daha sonra zavodun ərazisindən çıxaraq uzaqlaşmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar Abdullayev tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, "xxxx" MMC-də operator işləyir. xx.xx.2024-cü il tarixdə avans almaq üçün işə getmiş, lakin içkili olduğu üçün kimə məxsus olduğunu bilmədiyi telefonu gizlin şəkildə oğurlayıb zavoddan çıxmışdır. İnzibati xətanı sərxoş vəziyyətdə törətmiş və telefonu həmin gün xatırlamadığı şəxsə 50 manata satmışdır. Bir ay müddətində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə biləcəyini bildirmiş, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 barəsində icraat aparılan şəxsin əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, inzibati xətanı törədərkən spirtli içkinin təsiri altında olmasını bildirərək barəsində həbslə bağlı olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, "xxxx" MMC adlı zavodda işləyir. Səhər saat 8-ə qalmış işə getmiş, telefonu saxlama yerinə təhvil vermişdir. Qeyd edilən zavodda işçilər işə gələrkən telefonları saxlama rəflərinə qoyur, çıxanda isə yenidən həmin yerdən götürürlər. İş saatları ərzində bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanmasına icazə verilir. O, saat 10:17-də telefonla ailəsi ilə danışmış və yenidən rəfə qoymuşdur. Yenidən təxminən saat 4-ə işləmiş telefonla danışmaq istəmiş, lakin telefonu yerində tapmamışdır. Bu barədə mühafizəçiyə məlumat vermiş, mühafizəçi təhlükəsizlik kamerasına baxdıqda telefonun zavodda işləyən Şəxs tərəfindən götürülməsi müəyyən edilmişdir. Telefonu 340 manata kreditlə almış, ayda 30 manat olmaqla 4 aylıq ödənişi etmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs ona telefonu qaytarmamış və dəyərini ödəməmişdir. O, izahatında telefonun qaytarılması tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də X3 məxsus telefonun oğurlanması və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB tərəfindən tərtib edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirilən hal kimi (İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsi) inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi (İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsi) nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli onun faktiki olaraq tutulduğu xx.xx.2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-3004/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3004/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver